• Bakı 19° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Vaxtı keçmiş məhsulları alıcıya necə sırıyırlar?

CƏMİYYƏT

01 Dekabr 2022 | 16:25

Vaxtı keçmiş məhsulları alıcıya necə sırıyırlar?

“Supermarketlərdə vaxtı keçmiş məhsullar var. Gözümlə görmüşəm ki, məhsulun üstündəki köhnə tarixi silir, yenisini yazıb “peçat” vururlar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.

Deputatın fikirləri ilə tam razı olan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin istehsal müəssisəsinin öz təşəbbüsü ilə tək bir ayda 100 tona yaxın ərzaq mallarının məhv edilməsi prosesini həyata keçirib: “Hər gün ontonlarla ərzaq malının yararlılıq müddəti keçir. Sual olunur: bəs bu məhsullar hara yox olur, niyə şəffaf şəkildə məhv olunmur?! Bu, illər boyu davam edir”.

AİB sədri deyib ki, vaxtı keçmiş malların hərəkət trayektoriyası belədir: “Dükanlarda malın vaxtı keçir, sahibkarlar bilirlər ki, bir dənə vaxtı keçmiş mala görə onları 1500 manat cərimə gözləyir. Bu cərimənin qorxusundan həmin malları yığıb anbarda bir yerdə saxlayırlar. Distributoru çağırırlar, o da malları götürüb verir istehsal müəssisəsinə. Ondan sonra necə olur, qaranlıqdır. Lomonosovun maddənin itirilməsi qanunu həyata keçirilir. Heç nə itmir, məhv olmur, bir şəkildən digər şəkilə çevrilir. Burda çoxlu fəndlərdən istifadə olunur. Rüfət Quliyevin dediyi və malın boşaldılıb başqa qaba tökülməsi fəndləri işlədilir”.

E.Hüseynovun sözlərinə görə, əgər mal qablaşdırılıbsa, onun etiketinin dəyişdirilməsi fəndləri də var: “Misal üçün, bəzi süd məhsullarına baxsaq, görərik ki, qapağının üstündə tarix yazılıb. O qapağı çıxarıb o biri qapağı qoyurlar. Əslində, tarix elə yazılmalıdır ki, o mal açılanda plomb kimi məhv olmalıdır. Yəni, bizim bilmədiyimiz çoxsaylı metodlar işləyir”.

Müsahibimiz bildirib ki, bu əməllərə görə vaxtilə həbs olunanlar olub: “Malların bu cür hərəkət trayektoriyası son nəticədə gəlib istehlakçılarda bitir. Bu cür təhlükəli malların son ünvanı yenə də biz oluruq. Ona görə də, təsadüfi deyil ki, bəzən mənə zəng edirlər ki, malın hələ yararlılıq müddətinin bitməsinə var, amma çürüyüb. Misal üçün, dünən gələn şikayət yumurtadan idi. Belə ki, yumurtanın istehlak tarixinə hələ var, lakin laxdır. Hətta bu, sosial mediada da yayımlanmışdı. AİB-ə belə şikayətlər çox gəlir. AİB-in sədri, eyni zamanda AQTA-də İctimai Şuranın üzvü olaraq təklif vermişəm ki, malların məhvetmə proseduru yüngülləşdirilsin, bir dənə də mal dükandan istehsalçıya qayıtmasın. Təşkil olunmuş şəkildə yığılsın və birbaşa paliqona göndərilsin. Başqa bir məqsədlə istifadə olunacaqsa, bunun üçün qurum yaradılsın”.

E.Hüseynov təklif edir ki, bir MMC yaradılmalı, AQTA və marketlərlə müqavilə bağlamalı, vaxtı keçmiş mallar həmin MMC tərəfindən yığışdırılmalıdır: “Hansı məqsədlə istifadə olunacaqsa, şəffaf şəkildə məhv edilmə və ya başqa bir mala çevrilmə proseduru həyata keçirilməlidir. Çox təəssüf ki, bu məsələ yoxdur. Bunun da ciddi səbəbindən biri qanunlardakı zəiflikdir”.

Aytac Aslan

 

 


SON XƏBƏRLƏR