• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Virtual aləmin görünməyən qanunları: Rəqəmsal hüquqi plüralizmin sirli dünyası

CƏMİYYƏT

05 Sentyabr 2025 | 10:00

Virtual aləmin görünməyən qanunları: Rəqəmsal hüquqi plüralizmin sirli dünyası

Dünyamız getdikcə daha da rəqəmsallaşır. Sosial şəbəkələr, onlayn ticarət platformaları, süni intellekt sistemləri və blokçeyn texnologiyaları həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Bir zamanlar hüquq yalnız məhkəmə zallarında, parlament iclaslarında və dövlət idarələrində formalaşırdı. Amma indi vəziyyət dəyişib. Smartfonlarımız, sosial şəbəkələrimiz və onlayn platformalar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Biz bu rəqəmsal aləmdə yazır, oxuyur, alış-veriş edir, hətta pul qazanırıq.

Bəs, heç düşündünüzmü, bu virtual dünyanın qaydalarını kim müəyyənləşdirir?

Cavab düşündüyünüzdən daha mürəkkəbdir. Çünki internetdə tək bir qanun yoxdur. Burada bir-biri ilə çarpışan və bəzən bir-birini tamamlayan çoxsaylı hüquq sistemləri mövcuddur. Bu hadisəyə hüquq elmində rəqəmsal hüquqi plüralizm deyilir.

Rəqəmsal hüquqi plüralizm nədir?

Sadə dillə desək, rəqəmsal hüquqi plüralizm o deməkdir ki, internetdə müxtəlif “qanun”lar eyni anda işləyir.

Ənənəvi dünyada biz yalnız dövlətin qanunları ilə üz-üzə qalırıqsa, rəqəmsal aləmdə vəziyyət tam fərqlidir və bir sıra qanun və qaydalarla tənzimləmələr həyata keçirilir. Bunlara aşağıdakıları nümunə göstərmək olar:

Dövlətin qanunları (məsələn, Azərbaycan qanunvericiliyi, ya da Avropa İttifaqının "GDPR" qaydaları);

Sosial şəbəkələrin daxili qaydaları ("Facebook Community Standards", "TikTok Rules" və s.);

Texnologiyanın özündə yazılmış kod qaydaları (məsələn, blokçeyn smart-kontraktları);

Beynəlxalq təşkilatların "yumşaq hüquq" ("soft-law") qaydaları və standartları.

Sadə misalla fikrimizə aydınlıq gətirək. Məsələn, tutaq ki, siz "Facebook"da bir paylaşım edirsiniz. Bu zaman dövlət qanunları ifadə azadlığınızı qoruyur. "Facebook"un "Community Standards" qaydaları hansı məzmunun icazəli olduğunu müəyyənləşdirir. Platformanın alqoritmi isə sizin paylaşımınızı kimlərin görəcəyinə avtomatik qərar verir.

Beləliklə, siz eyni anda həm dövlət qanunlarına, həm də platformanın “özəl konstitusiyasına” tabe olursunuz.

Dövlətin görünməz sərhədləri

Dövlətlər interneti tənzimləməyə çalışsa da, rəqəmsal dünya sərhəd tanımır.

Avropa İttifaqının GDPR qanunu bunun ən yaxşı nümunəsidir. GDPR yalnız Avropa ölkələrinə aid deyil, dünyanın istənilən yerindəki şirkətləri əhatə edə bilər. Məsələn, Azərbaycandakı bir onlayn mağaza Avropadakı müştərilərin məlumatlarını toplayırsa, GDPR-in sərt tələblərinə əməl etməlidir. Bu hadisə “Brüssel effekti” adlanır – yəni Avropanın qaydaları bütün dünyaya təsir göstərir.

Platformalar: yeni dövrün “özəl dövlətləri”

"Facebook", "TikTok" və "Instagram" kimi platformalar təkcə sosial şəbəkə deyil, virtual dövlətlərdir. Onların öz qaydaları (Community  Standards), öz “polis qüvvələri” (moderatorlar), hətta “məhkəmələri” belə var.

"Facebook"un "Meta Oversight Board" adlı apellyasiya şurası məhz bu məqsədlə yaradılıb. Bu qurum bəzi hallarda dövlət məhkəmələrinin belə verdiyi qərarlar qədər təsirli qərarlar qəbul edir.

Beləliklə, biz bu platformalarda hərəkət edərkən ikiqat məsuliyyət daşıyırıq: dövlət qanunları + platforma qaydaları.

Kodun gücü: “Code is Law”

Hüquq nəzəriyyəçisi Lourens Lessiqin məşhur fikri var: “Kod - qanundur”.

Bu, çox maraqlı bir reallığı təsvir edir: bəzi hallarda bizim davranışımızı məhz proqram təminatının kodu müəyyənləşdirir. Məsələn, YouTube qadağan olunmuş videonu insan müdaxiləsi olmadan silə bilir. Blokçeyn  texnologiyasında isə smart-kontraktlar bütün prosesləri avtomatik icra edir.

Başqa misal: Ethereum üzərində bağlanan müqavilə heç bir məhkəmənin qərarına ehtiyac olmadan dərhal həyata keçirilir.

Bu, hüquqa tamamilə yeni bir yanaşmadır - bəzən “lex cryptographica” adlanır.

Onlayn mübahisələrin həlli

İnternetdə yaranan problemləri ənənəvi məhkəmələrdə həll etmək çox vaxt mümkünsüzdür. Məsələn, "AliExpress"dən sifariş etdiyiniz məhsul gəlib çatmadıqda, siz Çindəki şirkəti necə məhkəməyə verə bilərsiniz?

Bunun üçün "Onlayn Mübahisə Həlli" (ODR) sistemləri yaradılıb.

"AliExpress"in daxili şikayət mexanizmi və  arbitraj sistemi buna nümunədir.

Bu sistemlər beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin UNCITRAL qurumu tərəfindən müəyyən prinsiplərə əsaslanır: şəffaflıq, ədalətlilik və sürətlilik.

Əsas problemlər və suallar

Rəqəmsal hüquqi plüralizm həyatımızı asanlaşdırsa da, ciddi suallar doğurur:

1. Hansının üstünlüyü var? Dövlət qanunumu, yoxsa platformanın qaydaları?

2. Alqoritmik qərarlar necə nəzarət altında saxlanılacaq? Məsələn, "Facebook" sizi səbəbsiz bloklayarsa, necə haqqınızı tələb edəcəksiniz?

3. Transsərhəd mübahisələrdə hansı ölkənin qanunu tətbiq olunacaq?

Avropa İnsan Hüquqları Məhkəməsinin məşhur “Delfi AS v. Estonia” işi bu suallara cavab axtaran mühüm presedentdir. Məhkəmə həmin işdə qərara almışdır ki, onlayn platformalar istifadəçilərin təhqiramiz şərhlərinə görə məsuliyyət daşıya bilər.

Gələcəyə baxış: hüququn yeni meydanı

"Metaverse", süni intellekt və kriptovalyuta texnologiyaları inkişaf etdikcə rəqəmsal hüquqi plüralizm daha da güclənəcək.

Gələcəkdə dövlətlər internet nəhəngləri ilə daha sıx əməkdaşlıq etməli olacaqlar. Platformalar istifadəçilərə qarşı daha şəffaf və ədalətli olmalıdır. Vətəndaşlar isə rəqəmsal hüquqlarını öyrənməli və müdafiə etməyi bacarmalıdır.

Beləliklə, internetdə “qanun” dediyimiz anlayış təkcə dövlət məhkəmələrinin qərarları ilə məhdudlaşmır. Kodlar, alqoritmlər, platforma qaydaları və beynəlxalq standartlar birlikdə yeni bir hüquqi ekosistem yaradır. Bu səbəbdən, gələcəyin hüququ təkcə məhkəmə zallarında deyil, həm də virtual server otaqlarında, kod sətirlərində və alqoritmik qərarlarda yazılır.

Hər birimiz bu yeni dünyanın qaydalarını tanımalı və başa düşməliyik – çünki rəqəmsal gələcək artıq qapımızı döyür.

Yunis Xəlilov

Naxçıvan Dövlət Universitetinin "Ümumi hüquq" kafedrasının müəllimi, hüquqşünas

Bakıvaxtı.az


SON XƏBƏRLƏR