Xalq artisti Flora Kərimova Xalq yazıçısı Çingiz Abdullayevə dəstək paylaşımı edib.
Bakıvaxtı.az xatırladır ki, bir neçə gün öncə “ATV” televiziyasının aparıcısı Kübra Məhərrəmovanın Xalq yazıçısı Çingiz Abdullayevin dedektiv əsərlərini “zir-zibil” adlandırması müzakirələrə səbəb olub.
Bir çox sənət adamları Çingiz Abdullayevə öz dəstəklərini göstərərək, teleaparıcıya irad bildiriblər.
Bu dəfə isə Xalq artisti Flora Kərimova mövzu ilə bağlı paylaşım edib.
Sənətkar paylaşıma bu başlığı yazıb:”Nə baş verdi, nə dəyişdi, nə artdı, nəyiniz azaldı ki, bu gün söz deyən sərhəd tanımır? İkiüzlülük, həyasızca üzəduranlıq cəsarəti əvəz etdi? Reytinq, səslənmək, gündəm, bir qarın çörək xətrinə vicdanı satışa qoymaq olarmı? Artıq çirgənirəm bu haldan! Kimlərimiz qalıb?! Allah sizə rəhmət eləsin, ölülər!”
“Reytinq yarışına girib, unudulan klassiklərimizi demirəm, əlimizdə olan-qalan kimlər varsa, nələr varsa, əxlaqdan tutmuş dilimizə qədər üyütmək cinayətin ən böyüyüdür”, - deyə Flora Kərimova qeyd edib.
Qeyd edək ki, məlum mövzuya görə Çingiz Abdullayev "ATV"nı məhkəməyə verib.
Ziyafət Əlisoy