Xəbər verdiyimiz kimi, Milli Məclisin dünən - aprelin 11-də keçirilən iclasında keçmiş hərbi prokuror Xanlar Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb.
İclasda Xanlar Vəliyevin Baş prokurorun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru kimi fəaliyyət göstərdiyi, ədliyyə general-leytenantı, hüquq elmləri üzrə fəlsəfə doktoru olduğu, “Əməkdar hüquqşünas” adına layiq görüldüyü, “Vətənə xidmətə görə” I və II dərəcəli ordenlərlə, “Azərbaycan Bayrağı” ordeni ilə, “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildiyi diqqətə çatdırılıb.
Daha sonra Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Səsvermənin nəticəsi açıqlananda məlum olub ki, Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasının əleyhinə cəmi 1 deputat səs verib.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat REAL Partiyasını partalamentdə təmsil edən Erkin Qədirli olub.
Bəs Erkin Qədirli niyə Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasını istəməyib?
Müxbirimiz bunun səbəbini öyrənmək üçün deputat Erkin Qədirli ilə əlaqə saxlamaq istəsə də, onunla danışa bilməyib.
Əvəzində REAL Partiyasının sədri Natiq Cəfərli sualımızı cavablandırıb.
Onun sözlərinə görə, Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ictimaiyyətdə birmənalı qarşılanmadı:
“Çünki ən azından həmin şəxsin adı müxtəlif məsələlərdə neqativ fonda hallanmışdı. O şəxsin adı müxtəlif məsələlərə görə tez-tez mətbuatda neqativ fonda hallanır ki, cəmiyyətdə onun fəaliyyəti ilə bağlı ciddi sorğular olur. Buna görə də REAL-ı təmsil edən deputatın və partiyamızın ümumi fikri bu idi ki, belə bir şəxsin Konstitusiya Məhkəməsi kimi vacib, dövlətin təməllərindən birini təşkil edən bir qurumda təmsil olunması həmin orqana güvənin zəifləməsinə gətirib çıxara bilər. Çünki Konstitusiya Məhkəməsi bütün ölkələrdə ən ali, heç bir şübhə doğurmayan hüquqi instansiyadır. Yəni bizim hamımız üçün ölkəmizin konstitusion təməllərinin qorunmasının ən son dayağıdır”.
N.Cəfərli qeyd edib ki, Azərbaycanda müxtəlif üsullarla Konstitusiya Məhkəməsinə həm vətəndaşların, həm də bəlli dövlət və hökumət qurumlarının müraciət etmək hüququ var:
“Ona görə də biz düşündük ki, cəmiyyət tərəfindən birmənalı qarşılanmayan bir şəxsin oraya təyinatı həmin qurumun özünün güvənirliyini müəyyən dərəcədə zədələyə bilər. Məhz buna görə də biz əleyhinə səs verdik. Bu qərar ona xidmət edir ki, biz ölkədə dövlət institutlarının güclənməsinə, vətəndaşların həmin institutlara güvəninin daha da artmasına çalışırıq. Bu bizim siyasi partiya olaraq mövqeyimizdir ki, dövlət institutları həmişə güvənilən olmalıdır”.