• Bakı 18° C

    7.45 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

Barış masası İstanbulda qurulacaq: Rusiya-Ukrayna arasında ciddi həll düsturu tapılacaqmı?

SİYASƏT

12 May 2025 | 11:19

Barış masası İstanbulda qurulacaq: Rusiya-Ukrayna arasında ciddi həll düsturu tapılacaqmı?

“Rusiya prezidenti Vladimir Putin Ukraynanı 2022-ci ildəki İstanbul protokolları əsasında ikitərəfli danışıqları bərpa etməyə çağırıb. Bu, Rusiya-Ukrayna əlaqələrinin tənzimlənməsi üçün ABŞ-nin göstərdiyi səylərin Rusiyanın xeyrinə ümid edilən nəticə verməməsinə reaksiyadır”.

Bu barədə Bakıvaxtı.az-a analitik Aqşin Kərimov bildirib.

Onun sözlərinə görə, İstanbul platforması Volodimir Zelenski üçün də məqbuldur, hərçənd ki, protokolların dəyişiklik edilmədən, yəni 2022-ci il mətni ilə yenidən imzalanması Ukrayna üçün təslimiyyət sənədinə qol çəkəcəyi deməkdir:

“Çünki protokollar Ukraynanın NATO-ya üzvlük istəklərindən əl çəkməsi və konstitusiyasına Ukraynanın hər hansı hərbi ittifaqlara qoşulmasını tələb edur. Həmçinin Kiyevin hərbi müqavilələr bağlamasını və ya Ukraynada əcnəbi hərbçilərin, təlimçilərin və ya silah sistemlərinin yerləşdirilməsini qadağan edən neytrallıq müddəasının əlavə edilməsini tələb edirdi.

Rusiyanın yenidən bu tələbləri səsləndirməsi rus qoşunlarının Ukraynadakı hərəkət tempinə istinad edir. Hərçənd ki, Ukrayna qüvvələri Rusiyanın bütün cəbhə xəttində irəliləmə sürətini azaltmağa nail olub. Son bir neçə aydakı Rusiyanın irəliləyiş tempinin zəifləməsi Ukraynanın müqavimət potensialının nəticəsi ilə əlaqəlidir. Lakin Moskvanın üç illik müharibədə yenidən eyni tələbləri təkrarlaması Moskvanın cəbhə xətti boyunca qazandığı nəzarət zonasının böyüklüyünə və onun yenidən Ukraynanın əraziləri kimi geri qayıtmayacağına işarə edir”.

A.Kərimov hesab ki, Putin Ukrayna ilə dalana dirənmiş müharibədə taktikanı dəyişmək üçün Türkiyənin vasitəçiliyinə ümidlə baxır:

“Üstəlik, ABŞ Prezidenti Donald Tramp da İstanbul danışıqlarını Vaşinqtonun əldə edə biləcəyi məntiqi nəticə kontekstində nəzərdən keçirir. Başqa sözlə, qurulacaq növbəti İstanbul masası ABŞ-nin digər NATO üzvü Türkiyəyə ötürdüyü pasdır və Ağ Ev mümkündür ki, əldə ediləcək nəticələri özünün dominant görünmək hekayələri ilə uyğunlaşdıracaq”.

Aqşin Kərimov: Putin Ukrayna ilə dalana dirənmiş müharibədə taktikanı dəyişmək üçün Türkiyənin vasitəçiliyinə ümidlə baxır

Müsahibimizə görə, başqa yandan bir sual düşündürür: Görəsən İstanbul danışıqları Rusiya-ABŞ yoxsa ABŞ-Ukrayna oyun kitabına daxil edilmiş plandır?

“Məncə, bunun çox geniş geosiyasi mübarizə düsturuna əsaslanan izahı gərginləşən Hindistan-Pakistan münaqişəsi ilə əlaqədardır. Bununla bərabər, ABŞ Çinin Rusiya-Ukrayna müharibəsinin nizamlanmasındakı vasitəçilik səylərinin nəticələrindən ehtiyat edərək Türkiyəni etibarlı moderator kimi dəstəkləyir. Bu, Rusiyanın da yararınadır, çünki Moskva ilə Çin müttəfiq olsalar da, Kreml Pekinin böyüməsini cilovlamağa maraqlıdır.

Digər yandan, ABŞ ilə İran arasında nüvə danışıqlarının tezliyi və intensivliyi ABŞ-Rusiya-Çin arasındakı nüfuz bölgülərini yenidən müəyyənləşdirəcək geosiyasi istiqamətləri də əhatə edəcək”.

Aqşin Kərimov sonda əlavə edib ki, bu nöqtədə, Ukraynanın necə formalaşacağına İstanbul müzakirələri təsirini göstərəcək:

“Hərçənd ki, Rusiya-Ukrayna arasında ciddi və həlledici ortaq həll düsturu tapacağı ən azından bir görüş üçün istisna edilir”.

Aydın Baxış


SON XƏBƏRLƏR