Bu ilin yanvar ayında Azərbaycan xaricdən diri ətlik heyvan idxalını kəskin artırıb.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Belə ki, hesabat dövründə ölkəmizə 7646 baş diri iribuynuzlu ətlik heyvan idxal olunub. Bu idxal üçün xaricə çıxarılan vəsaitin həcmi isə 6 milyon 506,85 min dollara bərabər olub. İribuynuzlu heyvanların 4967 başı Rusiyadan, 1790 başı Qazaxıstandan, 889 başı Gürcüstandan alınıb. Ötən ilin müvafiq dövründə isə xaricdən 2 milyon 646,92 min dollar dəyərində 3128 baş ətlik iribuynuzlu heyvan gətirilib.
Bu il üzrə idxalın iki dəfəyə qədər artmasının səbəbləri nədir? Heyvandarlığın inkişafı və idxaldan asılılığı azaltmaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı aqrar sahə üzrə ekspert Akif Nəsirli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, idxalın artmasının başlıca səbəbi ölkə daxilində ət istehsalının azalmasıdır.
Onun sözlərinə görə, hər il ölkədə ət istehsalı azalır və nəticədə idxal artır:
"İndiki şəraitdə vətəndaşların heyvandarlıqla məşğul olmaq imkanları kifayət qədər məhduddur, torpaqlar digər kənd təsərrüfatı seqmentləri tərəfindən zəbt olunub və heyvandarlıq üçün örüş əraziləri məhdudlaşıb. Bu proses hələ də davam edir. Artıq zəbt olunacaq örüş sahəsi qalmayıb. Hətta bəzi suvarılmayan ərazilər də texniki vasitələrlə suvarılır və kənd təsərrüfatının digər sahələrində istifadə olunur. Əgər idxalı azaltmaq istəyiriksə, daxildə istehsalı artırmalıyıq. Ona görə də stimullaşdırıcı amillər olmalıdır".
A.Nəsirlinin fikrincə, ilk növbədə, ölkədə yem bazasının formalaşdırılması, yemin qiymətinin ucuzlaşdırılması istiqamətində addımlar atılmalıdır.
"Bundan başqa, ölkənin pambıqçılıq təsərrüfatlarının 70-80 faizi əvvəlki örüş ərazilərində salınıb. Həmin pambıq sahələri ləğv olunmalı və yenidən örüş sahəsi kimi heyvandarlıqla məşğul olan fermerlərin ixtiyarına verilməlidir”.
Akif Nəsirli: Azad olunmuş ərazilərə köçən şəxslərə ucuz kreditlər və örüş ərazilər verilə bilər
Müsahibimiz qeyd edib ki, digər tərəfdən, işğaldan azad olunmuş ərazilərdə heyvandarlığın inkişafı üçün münbit şərait yaradılmalıdır. Heyvandarlıqla məşğul olan əhalinin öz heyvanlarını örüş ərazilərinə aparılmasına və heyvanların bəslənməsinə imkan verilməlidir.
“Həmçinin işğaldan azad olunmuş ərazilərə köçən şəxslərin heyvandarlıqla məşğul olması üçün onlara ucuz kreditlər və örüş ərazilər verilə bilər. Bu, ölkə daxilində heyvandarlıq məhsullarına olan tələbatın ödənməsinə töhfə verə bilər", - deyə Akif Nəsirli əlavə edib.
Gülşən Şərif