• Bakı 30° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8972

    RUB - 0.0186

Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə keçirilib

HADİSƏ

17 Iyul 2024 | 16:00

Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə keçirilib

Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) külli miqdarda qanunsuz kredit almaqda təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə şahid qismində məhkəməyə çağırılan Elvin Nağıyev ifadə verib.

Şahid deyib ki, Ziya Hüseynzadənin yanında bir ildən çox maliyyə müdiri vəzifəsində işləyib:

"Həmin vaxt auditi Ziya müəllim özü həyata keçirirdi. Qalan bəzi işləri mən görürdüm. Bizi Auditorlar Palatası yoxlayırdı. Xidmət göstərdiyimiz şirkətlərin maliyyə hesabatlarına həmin şirkətlərin özü cavabdehlik daşıyırdı”.

O, Kənan Rəsulovun öz şirkətinə borc verdiyini xatırlamadığını bildirib. Həmçinin vurğulayıb ki, işlədiyi müddətdə kassaya nağd pul daxil olmayıb.

Hakim Ziya Hüseynzadəyə şirkətdə neçə işçinin çalışdığını və onların əmək müqaviləsinin olub-olmadığını soruşub və lazım gələrsə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndəriləcəyini bildirib. Müttəhim deyib ki, ən pik vaxtda şirkətdə 16 nəfər işləyib.

Şahid Elvin Nağıyev şirkətdə çalışdığı dövrdə isə orada altı nəfərin işlədiyini və hamısının da əmək müqaviləsinin olduğunu bildirib.

Hakim onların əməkdaşlıq etdiyi şirkətlərlə bağladığı müqavilələrin doğruluğunu təsdiqləyən sənədləri istəyib. Lakin şahid və müttəhim tələb edilən sənədlərin olmadığını deyib.

Hakim Azad Məcidov şirkətdə aparılan əməliyyatların sənədləşdirilməməsinə irad bildirib.

"Deyirsiniz ki, 36 şirkətlə müqavilə bağlamısınız, amma heç birinin sənədi yoxdur. Biz indi nə bilək, hansı şirkətlərlə hansı müqavilələri bağlamısız? Qanuna riayət etsəydin, burada oturmazdın", - hakim söyləyib.

Müttəhim Ziya Hüseynzadə deyib ki, şahid Elvin Nağıyevin bu işə aidiyyatı yoxdur. Müttəhimin sözlərinə görə, Kənan Rəsulov onun bütün tanışlarını bu işə qatıb.

Qeyd edək ki, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” MMC-lərin təsisçisi olan Ziya Hüseynzadənin dələduzluq, vəzifə saxtakarlığı kimi əməllər törətməsinə şübhələr müəyyən edilib. İstintaqla Z.Hüseynzadənin 2022-2023-cü illərdə digər şirkət rəhbərləri ilə əlbir olaraq onlara məxsus obyektlərin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair Avropa Yenidənqurma və İnkişaf Bankına etdikləri müraciətlər üzrə külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr aşkar edilib.

Həmçinin 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsi müəyyənləşib.

Xatırladaq ki, təqsirləndirilən Ziya Hüseynzadə tanınmış model Raziyyət Əliyevanı döyməkdə də təqsirləndirilir. Bununla bağlı açılmış cinayət işi üzrə də hazırda məhkəmə araşdırması davam edir.


SON XƏBƏRLƏR