• Bakı 17° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

552 saylı FƏRMAN - Əkbər Qoşalı yazır
YAZARLAR
01 Avqust 2022 | 14:29

552 saylı FƏRMAN - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Giriş

Azərbaycan “Türk çadırının orta dirəyi”, ümumtürk corğafiyasının ən önəmli mövqedə yerləşən qovuşdurucu ölkəsidir. Həmişə müstəqil Türkiyə ilə Orta Asiyadakı müstəqil türk dövlətlərinin torpaq, dəmir, dəniz və ya göyüzü yolları, bir sözlə, Ürək yolları Azərbaycandan keçir. Türk xalqları qədim mədəniyyətə, o cümlədən yazı mədəniyyətinə malik xalqlardandır. Qədim türk əlifbası “Run(ik) əlifbası”dır. Qədim run yazılı abidələri bizim eranın III yüzilinə aid edilir. Run yazıları bucaqlı yazı formasına malikdir, onun işarələri daha çox düz xətt parçalarından yararlanmaqla düzəlmişdir. Dairəvi və oval şəkilli elementlər bu yazılarda az saydadır. Türk run əlifbası eramızın 7–11-ci yüzillərində istifadə olunub. Qədim türk run yazıları, işarə və mətnləri Monqolustan, Çin, Sibir və Orta Asiya ərazilərində geniş yayılmışdır. Həmin yazılar əsasən daş, kəmik, metal üzərində yazılmışdır. Run yazı işarələrinin əsasında türk boy və tirələrinə xas damğalar durur.

Türk run yazıları ilə daş üzərində yerinə yetirilmiş Orxon-Yenisey abidələrindən ən qədimi Ongin abidəsi sayılır. Araşdırmaçlar bu abidənin 689-cu (və ya 692-ci) ildə qoyulması fikrinə üstünlük verir.

Qədim ortaq türk əlifbası öz yerində, bununla belə, Azərbaycan ərazisində daha qədim tarixə malik əlifbanın mövcudluğu da elmdə təsdiq olunmuş faktdır. Udin əsilli Azərbaycan dilçisi, tarixçi, qafqazşünas, udin dilialban əlifbası üzrə mütəxəssis, filologiya elmləri doktoru Voroşil Levon oğlu Qukasyan (Q.Voroşil; 1932, Nic, Qəbələ - 1986) erkən orta yüzilliklər qaynaqlarında bizim eranın 6-cı yüzilliyinin əvvəllərində Aran (Azərbaycan) yepiskopu Kardastın Quzey Azərbaycan və Güney-batı Dağıstan hunları üçün türk yazısını yaratmasının qeyd olunmasını göstərir. (Bu fakt Rusiya türkoloqu, filologiya elmləri doktoru, professor Aleksandr M. Şerbakın (1926-2008) və Rusiya şərqşünası, türkoloq Andrey N. Kononovun (1906-1986) əsərlərində də yer alıb).

Deməli, XX yüzilin 70-ci ilində Dağıstan ərazisində hər iki üzü yazılı yastı daş tapılmışdır. Bu yazılar əlifba hərflərinin işarələri şəklindədir. Eramızın III-VII yüzillərinə aid edilən bu yazılı abidə üzərində Azərbaycanda istifadə olunmuş əlifbanın 44 işarəsi həkk olunmuşdur. Həmin işarələr 1948-1952-ci illərdə Mingəçevir SES-in tikintisidə torpaq işlərinin görülməsi zamanı tapılmış, eramızın V-VII yüzillərinə aid edilən səkkiz epiqrafik abidədəki işarələrlə oxşardır. Bu da Azərbaycan (və indiki Dağıstan) ərazilərində hələ eramızın V yüzilində istifadə olunmuş qədim əlifba haqqındakı faktların doğruluğunu bir daha təsdiq edir.

Tarixin keşməkeşli proseslərinin, xalqların, mədəniyyətlərin (o cümlədən dinlərin) axımları sonucunda qədim run türk əlifbasını latın, Azərbaycan ərazisindəki alban əlifbasını ərəb əlifbası sıxışdırıb istifadədən çıxarmışdır. Hazırda dünyada 350-dən artıq fərqli əlifbadan istifadə olunur. Yer üzündə latın, slavyan (kiril) və ərəb əsaslı əlifbalar geniş yayılmışdır...

Azərbaycan ərazisində öz milli əlifbamız tarixi proseslər sonucunda rəsmi istifadədən sıxışdırılıb çıxarıldıqdan sonra uzun yüzillər boyu ərəb qrafikalı əlifba yürülükdə olub. Sonralar kiril, arada qısa müddət latın, yenidən kiril və nəhayət müstəqilliyin bərpasından sonra yenidən latın qrafikalı əlifba yürülükdə olub.

(Onu da vurğulayaq ki, Azərbaycanda, Türkiyədə, digər türk ölkə və topluluqlarında gənclər arasında Orxon-Yenisey əlifbasını öyrənməyə maraq günü-gündən artmaqdadır. Hətta “Asif Ata Ocağı” həmin əlifba əsasında öz “ocaq abe”sini yaradıb).

Latın qrfiaklı yeni əlifbanın bərpası və tətbiqi

Yeni əlifbanın tətbiqi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş vermiş önəmli hadisələrdən biridir. Dövlət müstəqilliymizin qazanılmasından sonra yaranmış münbit tarixi ortam xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi.

Bəlli olduğu kimi, həmişə müstəqil qardaş ölkə Türkiyə Cümhuriyyətinin əlifbası latın qrafikalıdır; bizimlə yanaşı Türkmənistan da latın qrafikalı əlifbaya keçib; digər qardaş ölkələrdən Özbəkistan və Qazaxısanda latın və kiril qrafikalı əlifbalar (demək olar) paralel istifadə olunur, yaxın tarixdə latın qrafikalı əlifbaya nəhayət qəti keçid gözlənilir. Qırğız Respublikasının da əlifba islahatına başlayacağına ümid edirik. Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü Macarıstan da latın qrafikalı əlifbadan istifadə edir. Könül istər, Özbəkistan, Qazaxıstan və Qırğız Respublikası tam şəkildə latın qrafikalı əlifbaya keçməklə ümumtürk əlifba islahatları kursunda ləngimələri, gecikmələri aradan qaldırmış olsun.

Beləliklə, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında 09 avqust 2001-ci il tarixli 552 saylı Prezident Fərmanı tarixi hadisədir!

Bəlli olduğu kimi, insan danışığındakı hər bir səsin qrafik xətlə qeydləri sistemi – hərflərin müəyyən qayda ilə düzülüşü olan əlifba, millətin daşıyıcısı olduğu dillə birgə, həmin millətin simasını səciyyələndirən önəmli amildir. Hazırda Yer üzündə yeddi minə yaxın dil mövcuddur. Alimlərin fikrinə görə, son 100 il içində üç mindən altı minədək dili ölüm təhlükəsi ilə üz-üzədir. Dünyada (beynəlxalq birliyin tanıdığı) 195 dövlət, təqribən bir o qədər də dövlət dili statusu daşıyan dil vardır. Azərbaycan dövlət dili statusuna malik dillərdən biridir! Azərbaycan dilinin dövlət dili statusu dövlətçilik tariximiz qədər qədim, şanlı və şərəfli ənənələrə malikdir.

Azərbaycan dili yalnız dünya azərbaycanlılarının ünsiyyət vasitəsi deyil, o, bizim qardaş xalqlarla ünsiyyətimizi təmin edə bilir, habelə dünya haqqında təsəvvür yaradan təbii intellektual sistem olaraq qürur qaynağımızdır.

Son onilliklər içində Azərbaycan dilini öyrənən güclü linqvistlər nəsli yetişib; dilin insan təfəkkürünə və çalışmalarına təsirini öyrənən psixolinqvistika da bir elm sahəsi olaraq inkişafdadır. Və biz dil bilgisi haqqında danışarkən, ulu əcdadımız Qaşqarlı Mahmudu (1008–1102) dərin sayğılarla anırıq. Ruhu şad olsun! Onun ünlü “Divanü Lüğat-it-Türk” əsəri ensiklopedik xarakter daşıyır. Türk dili, ləhcələri, tarixi, coğrafiyası, folkloru, mifologiyası (müəyyən qədər astronomiyası) ilə bağlı materialları əhatə edən bu bilik xəzinəsiniyaratmaq üçün o, on ildən artıq türklər yaşayan bölgələri gəzərək material toplamışdır.

Bəli, dil bir milli sərvətidir, o, respublikamızın hüdudlarından çox çox böyük olan mədəniyyət hüdudlarımızı göstərir. Dilimizin corğafiyası tariximizə ayna tutur, böyük gələcəyə qanadlanmağımıza ruh verir.

Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz yığvalına sahibliyinin, dövlət qurmaq, o dövləti qorumaq qüdrətinin ifadəsidir. Dilin dövlət statusu dilin zənginliyinin, istənilən əməli çalışma sahəsi üzrə fikri dəqiq ifadə edə bilməsinin sübutu, təntənəsidir.

Dövlət dili

Ötən yüzilin 70-ci illərinin ortalarından başlayaraq (keçmiş) SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da güclənmiş oldu. Belə bir adıyaman ortamda ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hələ məşum 30-cu illərdə dil məsələsini qabardanlar sıxışdırılır, Sibirə sürgün olunur, öldürülür, xalq düşməni elan edilirdi... Problem yaşayanlar yalnız aydınlar, şair-yazıçılar deyildi, heç respublikaların başçıları da ana dili məsələsini gündəmə gətirə bilmirdi. Belə bir tarixcəyə, gerçəkliyə və naməlum perspektivə baxmayaraq, həmin o, 70-ci illərdə Azərbaycan Respublikasının başçısı olan Ümummilli lider Heydər Əliyev dil məsələsində öz mövqeyini  cəsarətlə ortaya qoydu. Tarixi təşəbbüs göstərən Heydər Əliyev, 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin əlavə olunmasına nail oldu.

Heydər Əliyev ana dilinin dövlət dili olaraq tətbiqi, qorunması, inkişafı uğrunda dönməz mübarizə apardı. Bu yolda ardıcıl mübarizə aparan Ümummilli lider aydınları, şair-yazıçıları, ümumən xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb etdi. Azərbaycanın dilçi alimlərinə özəl diqqət yetirən Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən, üsullardan istifadə edirdi. O cümlədən, dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.

Müstəqilik illərində bu xətti daha geniş şəklə salmaq imkanları artdı. Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış durumu nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması, möhkəm­ləndirilməsi baxımından müstəsna önəm daşıyan bu Fərman dövlət dili ilə bağlı hərtərəfli bilgiləri özündə ehtiva etməkdədir.

2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edildi. Bu Qanunun məziyyətini ən yığcam şəkildə necə ifadə etmək olar? – Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Ana dilimizin qorunması üzrə siyasi kursa sadiqlik

Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamla latın qrafikalı Azərbaycan əlifbası ilə nəşr olunacaq əsərlərin siyahısı hazırlandı. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilimizin həyatımızın bütün sahələrində geniş tətbiqi gerçəkləşdi.

Çağdaş dönəmin çağırışlarını, tələb və gerçəkliklərini nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etməsi (09 aprel 2013-cü) də, milli və mənəvi varlığımızın aynası olan ana dilimizin saflığının, zənginliyinin qorunması baxımından önəmli tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və araşdırılmasına dövlət qayğısının artırılması, dilimizin qloballaşma ortamında zamanın tələblərinə (trendlərinə) uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.

Bu yerdə, Azərbaycan dilinin elektron məkanda geniş istifadəsini təmin edən tədbirlərə də vurğu etməliyik. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından özəl önəm daşıyır. Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da ölkəmizdə dövlət dilinin daim yüksək diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

Və nəhayət!

Dil haqqında danışarkən, Vətənimizin tarixi Zəfərini unutmuruq. 8 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan bu sözləri doğma dilimizdə tarixə, bu günə və gələcəyə ismarladı:

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik”!

Qəhrəman şəhidlərimizin, igid qazilərimizin, bir sözlə, şanlı Ordumuzun, dövlət-xalq birliyinin sayəsində işğaldan azad etdiyimiz şəhər və kəndlərimizdə qondarma adlar, yabançı dil və oğurluq “qədim erməni milli əlifbası” zibilliyə gömülərək, öz dupduru adlarımız bərpa edilib, dövlət dilinin və əlifbamızın tətbiqi başlayıb!

Heş şübhəsiz, Xankəndi, Xocavənd, Xocalı, Əsgəran da öz dilimizin gözəlliyinə bürünəcək, öz dilimizi dinləyəcək, öz dilimizdə “danışacaq”! O gün uzaqda deyil! O uzaqda olmayan günlərdən Zəngəzur üçün, Göyçə üçün var, İrəvan üçün də var! 

“Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir” (Heydər Əliyev).

Dilimizin saflığı, qorunması, inkişafı, tətbiqi uğrunda ömür sərf etmiş bütün aydınlarımızı, elm, mədəniyyət və dövlət xadimlərimizi dərin ehtiramla yad edir, yaşayan dilçilərimizə, dili zənginləşdirən qələm adamlarına yeni uğurlar diləyirəm!

Dövlətimiz zaval görməsin!


SON XƏBƏRLƏR

24 Aprel 2024