• Bakı 26° C

    7.83 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

İki İran - Əkbər Qoşalı yazır
YAZARLAR
17 Iyul 2025 | 17:31

İki İran - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Bugünlərdə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana səfər etdi. Suriya öncəki Suriya deyil - onu özündən qoparan Rusiya qaçan Prezident Bəşər Əsədi “əbədi qonaq” edir, İran və digər dövlətlərsə Suriyada öncəki kimi at çapırda bilmir. Qardaş Türkiyənin humanitar, xeyirxah və ədalətli himayədarlığı ilə Suriya yaralarını sarımağa çalışır. Artıq yeni Suriya var, 2020-ci ildən bəri yeni - müəllifi olduğu gerçəklikdə yaşayan Azərbaycan da Suriyaya öz humanitar yardımları ilə dəstək durur. Azərbaycan yatırımları Suriyada mülki həyatı, infrastruktur layihələri qaydaya salmaqçün mühüm amil sayıla bilər. Çünki bizlər Suriyanı qamarlamağa, ev yıxmağa, qan tökməyə getmirik - tam əksinə, gediriksə, ev tikməyə, yaşatmağa, qorumağa gedirik. Bu mənada iki Suriyadan ikincisini seçmişik; Moskvanın, Tehranın hücrələrindən boylanan “o biri Suriya” bir acı “xatiratdır”… Yeni Suriya isə gerçəklikdir və ümid, gələcək vəd edir.

İran da ikiləşib - şərti olaraq Pezeşkian İranı və Ayətillah İranına ayrışmaqdadır. Birincilər yeni dünya düzəni çağırışlarına talib və anlayış içində görünür; ikinci İran isə geriliyi, sanksiyaaltını, qonşularla gərginliyi ifadə edir. Budur, ikinci İranın tanınmış siyasi fiqurlarından olan Əli Əkbər Vilayəti, Pakistanlı həmkarıyla görüşdə Azərbaycan Respublikasını hədəfə alaraq, “İsrailə neft göndərir”, “Fələstinə xəyanət edir” kimi bekara və urvatsız ritorika ilə çıxış edib. Dübarə, nəymiş, əfəndim? - Deməzsizmi, rəsmi Bakı “İslam dünyasının mənafeyinə zidd hərəkət içindəymiş”. 
Bir başqa ikiləşməni keçən ay sonu Tehranın Bakı və İrəvandakı Böyükelçiləri nümayiş etdirmişdi: 
burdakı böyükelçisi, İsrail-İran gərginliyi fonunda, Tehranın Bakıdan razı olduğunu, dostluğumuzu, güvənli qonşuluğumuzu təqdir etdiyini açıqlamışdı;  eyni vaxtda, İrəvandakı böyükelçi bunun tam tərsini bildirmişdi - sən demə, biz bölgədə təhlükə yaradırmışıq, üstəkik, “İran Ermənistanla daha dərindən strateji bağlar quracaq”mış, İsrail dronları da məhz bizim ərazidən havalanıbmış və s. - itotu-bağayarpağı… - Anadolular demiş, “Güləyim bari”…

Elə bil Ermənistanın öz havadarlarının dəstəyi ilə işğal etdiyi Qarabağda (getsin-gəlməsin) “Allah evləri” dağıdılanda, İslam abidələri viran qoyulanda və məscidlərə donuz doldurulanda cınqırını çıxarmayan Tehran deyildi. Cınqır çıxarmaq qalsın bir yana, bizim işğal altındakı ərazilərimizi işğalçılarla anlaşa, ortaqlaşa sökən-tökən, TIRlarla daşıyan Tehran bağlamlı iranlılar deyildimi? Guya onlar məscid və donuz uyğunsuzluğunu görmürdülər, bilmirdilər eləmi?.. Yaxşı, biz özümüz qalxıb şəhər və kəndlərimizi azad edəndə Araz boyu xətdə qabağımıza Fars-Molla hərbçilərinin çıxmasını, irəliləyişimizə mane olma çabalarını hara yazaq? Ondan sonra, bizə “erməni nömrəsi” gəlib, 2023-cü ilədək Xankəndinə qanunsuz yanacaq daşıyan İran maşınlarının “yol kağızı”nı neynəyək?

Qafan və bütün Zəngəzurla bağlı qırmızı-mırmızı çizgi, konsulluq-monsulluq hoqqalarını dəftərin bir küncünə yazmazmı olarıq?..

Bəli, bizim respublika içrə də gözünü Qum tutmuşlar, ağlını Tehran aparmışlar vardır - nə yapalım? - olurmüş belə şeylər, olurmuş. Və bizi kimsə durduramadı - Tanrıya şükür!

Bəli, “Tehran öz içindən çürüyüb” deyənlər qayət haqlıdır - “İslamdan başqa İslam” yaratmaq bihudədir; bəli, ölkənin əsas, köklü və haqlı xalqı - bizim güneylilər başda olmaqla, türklər orada, bizlər də burada, onlara edilən sistemli haqsızlıqlardan haliyik. 

Ustad Şəhriyar necə deyirdi? -

“Qurtarmaqçün zalımların əlindən Rey şümşadını
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan”!

Örkən hərlənib-fırlanıb illa doğanaqdan keçər, illa! 

Arazın hər iki tayındakı amuli-mamulilər, ağalar-mağalar və bir də, bax, bu vilayətilər göyüzündə -Haqqın, Yer üzündə - xalqın divanından qurtara biləcəklərinimi düşünür?.. Çı! Dediklərinə baxmasınlar.

Uzun sözün qısası, yalanlara qarşı gerçək sözün tamamı: Azərbaycanla düşmənçiliyin xeyri yoxdur, yoxdur! Bunu nə qədər tez anlasalar, o qədər xeyirlidir.

Nəhayət, iki Suriya, iki İrandan danışdıq - etiraf edək, Azərbaycan da ikidir - amma bir başqa cür: Güney və Quzey Azərbaycan! Quzeydə müstəqil dövlətimiz, güneydə torpağımız və xalqımız var. Başqa sözlə, iki parça olsa da, bir ruhun cəbhəsiyik – Quzeydə dövlət, Güneydə müqavimət! Ancaq torpağımız yalnız güneydəmi?.. Sual da aydındır, Gələcəyin Vicdanının nə cavab verəcəyi də!..

Dövlətimiz zaval görməsin!


SON XƏBƏRLƏR

17 Iyul 2025