• Bakı 29° C

    2.31 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

ABŞ-Hindistan arasında gərginlik: Sərtləşdirilmiş sanksiyalar hər iki tərəf üçün ziyanlıdır
DÜNYA
05 Avqust 2025 | 15:13

ABŞ-Hindistan arasında gərginlik: Sərtləşdirilmiş sanksiyalar hər iki tərəf üçün ziyanlıdır

Bir neçə gün öncə ABŞ-nin Hindistana 25 faizlik ticarət tarifləri iki ölkə arasında gərginliyə səbəb olub.

Bakıvaxtı.az-ın məlumatına görə, Tramp iki ölkə arasında dostluq münasibətlərinə baxmayaraq, Hindistanın hərbi texnikasının böyük hissəsini həmişə Rusiyadan aldığına və eyni zamanda Rusiyanın enerji resurslarının ən böyük alıcısı olan Çinlə birlikdə olmasına diqqət çəkib.

Hindistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Randhir Caysval bildirib ki, Hindistanın Rusiya neftini aşağı qiymətlərlə almaq qərarı münaqişə başlayandan sonra, ənənəvi enerji təchizatçıları öz axınlarını Avropaya yönləndirməyə başlayanda verilib. O vaxt ABŞ hətta qlobal enerji bazarlarını sabitləşdirmək üçün Hindistanın bu cür alışlarını təşviq etdi.

Sözçü onu da qeyd edib ki, Hindistanı tənqid edən ölkələr özləri Rusiya ilə ticarəti dəstəkləyirlər. ABŞ nüvə sənayesi üçün Rusiyadan uran, elektrikli nəqliyyat sənayesi üçün paladium, habelə gübrə və kimyəvi məhsullar idxal edir. Həmçinin 2023 və 2024-cü illərdə Avropa Birliyi ilə Rusiya arasındakı ticarət həcmi Hindistanın həmin dövrdə və sonrasında Rusiya ilə apardığı ümumi ticarətdən daha çox olub. Avropa ilə Rusiya arasındakı ticarət yalnız enerji məhsulları ilə məhdudlaşmır, eyni zamanda gübrələr, mədən sənayesi məhsulları, kimyəvi maddələr, dəmir-polad, maşınlar və nəqliyyat avadanlıqlarını da əhatə edib.

Maraqlıdır ki, ABŞ ilə Hindistan arasındakı bu fikir ayrılığı hansı səviyyəyə kimi çata bilər?

Mövzu ilə bağlı iqtisadi Razi Abasbəyli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bundan sonrakı dönəmdə ABŞ ilə Hindistan arasındakı münasibətlər gərginləşməyəcək.

Onun sözlərinə görə, Hindistana qarşı sərt sanksiyaların tətbiqi və xüsusilə də ticarət savaşları ABŞ-nin o qədər də marağında deyil:

"Amerika Hindistana qarşı yalnız texnoloji avadanlıqlar və dərman preparatlarının idxalında müəyyən rüsumlar tətbiq edə bilər. Daha dərinləşmiş və sərtləşdirilmiş sanksiyaların tətbiq edilməsi isə hər iki tərəf üçün ziyanlıdır. Bu, siyasi balansın pozulmasına səbəb ola bilər. Çünki Hindistan Rusiya-Ukrayna savaşında neytral mövqe tutub və əsasən Rusiya hərbi sənayesinin məhsullarının alıcısıdır. Eyni zamanda Hindistan və Çin Rusiya neft-qazının əsas alıcılarıdır. Bu, Amerikanın sanksiyalarının effektivliyini aşağı salır”.

Razi Abasbəyli: Hindistan ağır sanksiyalara məruz qalarsa, bu halda Çinlə daha da yaxınlaşacaq

Müsahibimiz hesab edir ki, ona görə də ABŞ bu mərhələdə Hindistana müəyyən təzyiqlər göstərməyə çalışır. Lakin bu təzyiqlər dərinləşməyəcək.

İqtisadçının fikrincə, Hindistan ağır sanksiyalara məruz qalarsa, bu halda Çinlə daha da yaxınlaşacaq. Bu yaxınlaşma Rusiyanın mütəffiqlərinin artması və Moskvanın güclənməsi deməkdir. Təbii ki, bu vəziyyət Amerikaya sərf etmir.

"ABŞ-nin indiki mərhələdə verdiyi qərarları yalnız psixoloji təzyiq və bazarda neftin qiymətinin müəyyən qədər ucuzlaşmasına hesablanmış addımlar kimi qiymətləndirmək olar. Tramp ərəb dövlətləri və OPEC+ ölkələri ilə müəyyən razılaşmalar əldə etməklə, neft hasilatını artırmağa çalışır. Bu addımla qiymətləri aşağı salmaqla, Rusiyaya zərbə vurmaq istəyir. Eyni zamanda Rusiyanın neft-qaz bazarında müəyyən məhdudiyyətlərlə üzləşməsi fonunda sanksiyaların effektivliyini artırmaq niyyətindədir. Bu kontekstdə ABŞ-Hindistan münasibətlərinin gərginliyi gözlənilən deyil", - Razi Abasbəyli vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR