• Bakı 22° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Kiçik sancma, böyük təhlükə: Arı sancması ölümə də səbəb olur - İLK YARDIM
CƏMİYYƏT
15 Iyul 2025 | 15:52

Kiçik sancma, böyük təhlükə: Arı sancması ölümə də səbəb olur - İLK YARDIM

Xəbər verdiyimiz kimi,  2025-ci ilin iyunun 12-də 35 yaşlı şəxs arı sancmasından sonra komatoz vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib.

Kliniki Tibbi Mərkəzdən Bakıvaxtı.az-a verilən məlumata görə, zəruri müayinələrdən sonra xəstəyə anafilaktik şok və ensefalit diaqnozları qoyulub.

Bəs, arı sancması hansı hallarda təhlükəli sayılır? İlk yardım necə olmalıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Günay Lətifova bildirib ki, arı sancmasına allergiyası olan insanlarda bu, son dərəcə təhlükəlidir və belə hallarda arı sancması komaya salmaq və hətta ölümə səbəb olmaq potensialına malikdir.

G.Lətifovanın sözlərinə görə, ikinci növbədə, əgər sancma dilə, ağız boşluğuna, yəni tənəffüs yollarına baş verərsə, həmin nahiyə dərhal şişir. Şişkinlik nəticəsində nəfəs almaqda çətinlik yaranır və bu da olduqca təhlükəli vəziyyət hesab olunur.

Terapevt qeyd edib ki, pasiyent anafilaktik şoka düşə bilər və əgər bu zaman ilkin tibbi yardım göstərilməzsə, vəziyyət daha da ağırlaşar:

“Belə halda birinci növbədə antihistamin preparatlarından istifadə edilməlidir. Antihistamin preparat dedikdə, allergiyaya qarşı istifadə olunan dərmanlar nəzərdə tutulur. Məsələn, “Suprastin”, “Erius” və s. kimi preparatlar həmin anda içilərək və ya qoyularaq istifadə oluna bilər ki, reaksiyanın qarşısı alınsın”.

Bundan əlavə həkim nəzərə çatdırıb ki, adrenalin vurmaqla da allergik reaksiyanın qarşısını almaq mümkündür:

“Amma adrenalini yalnız həkim ixtisasına malik şəxs vurmalıdır. Ev şəraitində bu iynəni kim gəldi vurmalı deyil, çünki hər orqanizmə təsiri fərqlidir. Əgər sancma zamanı ağrı çox güclüdürsə, həkim məsləhəti ilə ağrıkəsici dərman da verilə bilər”.

Bu yanaşmaların uşaqlar üçün də keçərli olduğunu söyləyən müsahibimiz vurğulayıb ki, əgər uşaqda da belə hal baş verərsə, ona uyğun dozada dərman preparatı verilməlidir:

“Uşaqlarda əlavə olaraq bəzən qızdırma da müşahidə olunur. Belə hallarda paralel şəkildə hərarətsalıcı dərmanlar da istifadə olunur”.

Günay Lətifova: Əgər insanın bu tip sancmalara qarşı allergiyası varsa, vəziyyət son dərəcə ağır keçə bilər

G.Lətifova vurğulayıb ki, arı sancmasında ilk ediləcək addımlardan biri, iynənin dərhal çıxarılması və zəhərin geri çəkilməsidir. Həkim əlavə edib ki, bunun üçün xüsusi cihazlar mövcuddur, amma təbii ki, hər kəsin evində olmaya bilər:

“Əgər varsa, iynə həmin nahiyəyə qoyularaq yüksək təzyiqlə çəkilməlidir. Əgər cihaz yoxdursa və ağızda yara yoxdursa, ağız vasitəsilə də zəhəri sovurmaq mümkündür. Amma bu, dərhal -sancma baş verən anda edilməlidir. İynə maksimum 30 saniyə ərzində bədəndən çıxarılmalıdır. Əks halda, zəhər orqanizmə yayılaraq vəziyyəti daha da pisləşdirə bilər”.

Adətən hər bir evdə spirt, pereks, ya da araq olduğunu deyən həkim bildirib ki, həmin nahiyə bu dezinfeksiyaedici vasitələrlə silinməlidir. Həmçinin duzlu su hazırlayıb yaralı nahiyəyə qoymaq olar:

“Təəssüf ki, bəziləri bu üsullardan istifadə etmək əvəzinə xalq təbabətinə müraciət edirlər. Məsələn, bəziləri yaranın üzərinə kəsik ataraq qan çıxarmağa çalışırlar. Bu, qətiyyən düzgün deyil və belə üsullara yol verilməməlidir. Həmçinin yaranın üstünə duz basmaq, sarımsaq qoymaq kimi metodlar da qəbuledilməzdir”.

Terapevt ilkin yardım göstərildikdən sonra mütləq şəkildə təcili tibbi yardıma müraciət edilməli olduğunu qeyd edib.

Müsahibimiz onu da diqqətə çatdırıb ki, bəzən insanlar yedikləri qidaya fikir vermirlər və qida üzərində olan arını görməyib udurlar. Lətifova bildirib ki, bu zaman arı tənəffüs yollarına, ağız boşluğuna və ya qida borusuna düşə bilər ki, bu isə çox ciddi fəsadlara yol aça bilər. Qida borusuna düşərsə, bu, həyati təhlükə yaradır.

Həmsöhbətimiz son olaraq qeyd edib ki, belə hallarda panikaya düşmək, qışqırmaq əvəzinə, dərhal tədbir görmək lazımdır. İynə çıxarılmalı, sancılmış yer soyuq kompresslə soyudulmalı və dezinfeksiya edilməlidir.

“Təhlükəli hallar əsasən qida borusuna, boğaza və ya dilə arı sancması ilə bağlıdır. Əgər insanın bu tip sancmalara qarşı allergiyası varsa, vəziyyət son dərəcə ağır keçə bilər, hətta komaya və ölümə qədər aparan hallar müşahidə olunar”, - düeyə Günay Lətifova qeyd edib..

Mina Mikayılova


SON XƏBƏRLƏR