• Bakı 22° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Avtomobillə yay səfərinə hazırlaşırsınız? - DİQQƏT EDİLMƏLİ MƏQAMLAR
CƏMİYYƏT
15 Iyul 2025 | 13:24

Avtomobillə yay səfərinə hazırlaşırsınız? - DİQQƏT EDİLMƏLİ MƏQAMLAR

Yay istirahət mövsümüdür. Əksəriyyət istirahət etmək məqsədilə əsasən rayonlara, dağlıq bölgələrə üz tuturlar.

Uzun yol çıxmazdan əvvəl diqqət edilməsi lazım məsələlərdən biri də avtomobillərdır.

Bəs, sürücülər avtomobillərinin hansı texniki vəziyyətlərini yoxlamalı, nəyə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən avtomobil ustası Sahil Ağabəyli bildirib ki, rayonlara üz tutarkən avtomobillərə mütləq şəkildə baxış keçirilməli, avtomobilin sazlığına diqqət edilməlidir.

S.Ağabəyli qeyd edib ki, mümkün olduqca sürücülər rayonlara ili təzə olan avtomobillərlə yollanmalıdırlar. Usta izah edib ki, ili köhnə olan avtomobillərin yolda qalmaq ehtimalı daha yüksəkdir və detalların istismar müddəti keçdiyinə görə artıq onların zəmanəti də bitmiş olur:

“Buna baxmayaraq, istənilən halda avtomobilin əyləc qəliblərinə, əyləc mayelərinə və kondisionerinin olub-olmamasına diqqət yetirilməlidir. Əgər kondisioner yoxdursa, xüsusilə günorta saatlarında - saat 13:00-dan 17:00-a qədər yola çıxmaq təhlükəlidir. Belə hava şəraitində həm sürücünün, həm də sərnişinlərin huşunu itirməsi ehtimalı var”.

Sahil Ağabəyli, avtomobil ustası

Müsahibimiz onu da nəzərə çatdırıb ki, avtomobilə ümumi baxış zamanı soyutma mayesinə və ön radiator barmaqlıqlarının vəziyyətinə də fikir verilməlidir:

“Bu hissələr yarım metr məsafədən şırnaqlı su ilə tam təmizlənməlidir. Kondisionerin və soyuducu radiatorun ön hissəsinin təmizliyi mühərrikin qızmasının qarşısını alır. Əks halda avtomobil uzun yolda və ya yoxuşda mühərrikin qızması səbəbindən yolda qala bilər”.

Avtomobil ustası sürücülərə xəbərdarlıq edərək bildirib ki, əgər mühərrik qızarsa, heç bir halda radiatorun qapağı açilmamalıdır. O, bunun çox təhlükəli olduğunu, belə vəziyyətdə sürücünün və ya yaxınlıqda olan şəxslərin əlini, üzünü və ya ayaqlarını yandıra biləcəyini vurğulayıb.

“Həmçinin təkərlərin vəziyyəti də mütləq yoxlanmalıdır. Təkərlərin yalnız qış aylarında yenilənməli olduğu fikri yanlışdır. Yay aylarında çöldə havanın temperaturu 30-35 dərəcədirsə, asfaltın səthində bu göstərici 40-50 dərəcəyə qədər yüksələ bilər. Bu isə köhnə təkərlərin zədələnməsinə, nəticədə qəzaların baş verməsinə səbəb ola bilər. Təkərlərin havası da düzgün tənzimlənməlidir. Yüksək hava təzyiqi təkərlərin qızmasının qarşısını alır”,- deyə Sahil Ağabəyli söyləyib.

Mina Mikayılova


SON XƏBƏRLƏR