Azərbaycanda yeni formatlı müasir universitetlərin yaranmasına ciddi ehtiyac var. Çünki ölkənin gələcək iqtisadi və sosial vəziyyəti universitetlərimizin bugünkü durumundan asılır, bu gün universitetlərimiz hansı vəziyyətdədirsə, sabah ölkə də o vəziyyətdə olacaq. Universitetlərimizin durumu isə heç də ürəkaçan deyil. ATM-də (ali təhsil müəssisələri) islahatlara çox gecikmişik.
Biz artıq ənənəvi, klassik universitetlərin dövrünün bitdiyini, distant, onlayn təhsil zamanı gəldiyini 20 ildir bizim nazirliyə başa sala bilmirəm. Hətta pandemiya da bunlara dərs olmadı. Yaşlı nazir deyirdi ki, mənə distant təhsil lazım deyil. Cavan nazirlərə isə nə lazım olduğu hələ məlum deyil.
Belə bir qeyri müəyyənlik şəraitində UNEC ölkədəki ali təhsil müəssisələrinə nəzərən bir universitet olaraq inkişaf etmək, digərlərindən yaxşı mənada fərqlənmək istəyir. Yenilik və inkişaf istəyir, amma onun müasir "Ali Məktəb Pedaqogikası"nı bilən, innovativ təhsili dərk edən, təhsildəki qlobal trendlərə bələd olan mütəxəssisləri azdır. Artıq 9 ildir cəhdlər edilir, bu az müddət deyil. Bu müddətə 0-dan yeni müasir bir universitet yaratmaq olardı. Amma tək əldən səs çıxmaz. Bu işdə Elm və Təhsil Nazirliyinin (ETN) ciddi dəstəyi olmalıdır, hansı ki, bu 30 ildə heç bir universitet belə dəstəyi hiss etmədi.
Nə universitetlər, nə ETN hələ özləri də bilmirlər hardan başlasınlar, nə etsinlər? Ölkədə ali təhsilin müasir trendlərini bilən beyin mərkəzlərininə, tədqiqat institutlarına, müasir pedaqoqlara, təcrübəli mütəxəssislərə ciddi ehtiyac var. Bunları nə repetitorların sırasından, nə abitutiyent hazırlıq kurslarından tapmaq mümkün deyil. Çünki, nə nazirlik, nə də ali təhsil müəssisələri belə komandaların hazırlanması barədə heç vaxt düşünməyiblər.
Biz hələ 7 il əvvəl ali təhsil müəssisələri və Elm və Təhsil Nazirliyinə təklif etdik ki, universitetlərin nəzdində ("İqtisadi təhsilin inkişafı", "Təhsilin rəqəmsallaşması" v.s. adlı) elmi tədqiqat mərkəzləri, tədqiqat institutları yaratmaq lazımdır. Bütün inkişaf yönlü strategiya və proqramları, tədris, metodik və elektron resursları, müəllimlərin metodik cəhətdən təkmilləşdirilməsi v.s. layihələr orada hazırlansın və icrası edilsin, monitotinqi aparılsın. Amma heç kim inkişafa pul ayırmaq istəmir, potensiallı kadrlara ehtiyac duymur, ciddi islahatlar başlamağa risk etmir, hamı sözdə inkişaf istəyir. Çünki, zəruri maliyyə dəstəyi də verilmir ali təhsil müəssisələrinə. Bu qeyd edilən problemlər bütün universitetlərdə, eləcə Elm və Təhsil Nazirliyində də mövcuddur...
Ölkənin gələcəyi isə universitetlərdə yetişir...
Bakıvaxtı.az