Yaxın Şərqdə cəmi 12 gün davam edən İran–İsrail müharibəsi regionun təhlükəsizlik arxitekturasına ciddi təsir göstərdi. Qısa müddətli olsa da, bu qarşıdurma təkcə iki dövlətin hərbi güc balansını deyil, həm də müasir müharibələrin yeni xarakterini üzə çıxardı.
İsrailin tətbiq etdiyi texnoloji yanaşmalar, informasiya məkanında üstünlük qazanmaq bacarığı və qeyri-ənənəvi metodlardan istifadəsi, gələcək müharibələrin yalnız döyüş meydanında deyil, həm də rəqəmsal və informasiya müstəvisində aparılacağını bir daha təsdiqlədi.
Bu münaqişənin gedişatında müşahidə olunan əsas məqamların təhlili Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki regional təhlükəsizliyin qorunması, informasiya texnologiyalarının müdafiə sahəsində tətbiqi və strateji tərəfdaşlıqların gücləndirilməsi milli maraqların təminində həlledici rol oynayır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, İranla İsrail arasında baş verən 12 günlük müharibə regiondakı hərbi-siyasi balansı yenidən gündəmə gətirdi. Qısa müddətli olsa da, bu münaqişə müasir müharibələrin gələcək modelini müəyyənləşdirəcək yeni yanaşmaların və texnologiyaların nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. İsrailin tətbiq etdiyi innovativ üsullar və hibrid mübarizə formaları göstərdi ki, artıq döyüşlər yalnız hərbi meydanlarda deyil, həm də rəqəmsal və informasiya məkanında aparılır:
"İlk növbədə, İsrail mövcud rəqəmsal platformaları, xüsusilə "WhatsApp" və digər messencer yazışmalarını hücum vasitəsinə çevirməklə informasiya müharibəsinin yeni mərhələsini ortaya qoydu. Bu, informasiyanın silaha çevrilməsinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Digər tərəfdən, İranın hərbi-siyasi rəhbərliyinin hərəkətləri, iş və istirahət ünvanları, nəqliyyat vasitələri və şəxsi yazışmaları İsrail tərəfindən daimi nəzarət altında saxlanıldı ki, bu da yüksək rütbəli komandirlərin istənilən şəraitdə aradan qaldırılmasına şərait yaratdı".
Onun sözlərinə görə, Tehran şəhərinin mərkəzində belə komandirlərin yataq otaqlarında tapılaraq zərərsizləşdirilməsi isə İranın xüsusi rabitə sistemlərinin yararsızlığını, hətta mövcud olmamasını ortaya qoydu. Dövlət idarəçiliyində şifrəli rabitə kanallarından istifadə edilməməsi strateji zəiflik kimi diqqət çəkdi. Bu müharibə eyni zamanda İran ərazisinin həm İsrailin yeni hibrid metodlarının, həm də ABŞ istehsalı bunker əleyhinə bombaların real şəraitdə sınaq meydanına çevrilməsi ilə yadda qaldı.
Ədalət Verdiyev: Rəqəmsal və texnoloji üstünlüklər də qalibiyyətin əsas şərtlərindən biridir
"Digər mühüm nəticə odur ki, informasiya texnologiyalarının tətbiqi yaxın və orta perspektivdə baş verə biləcək müharibələrin əsas elementlərindən biri olacaq. Bu mənada Azərbaycan üçün beynəlxalq İT şirkətləri və proqram təminatı istehsalçıları ilə sıx əməkdaşlıq qurmaq zərurəti meydana çıxır. Həmçinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin imkanlarının genişləndirilməsi milli təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb edir",- deyə həmsöhbətimiz qeyd edib.
Sonda Ədalət Verdiyev diqqətə çatdırıb ki, mövcud Rusiya və İran təhdidlərini neytrallaşdırmaq üçün isə Türkiyə, ABŞ, İsrail, Pakistan və digər tərəfdaşlarla daha üstün imkanlara malik regional təhlükəsizlik çətirinin yaradılması strateji hədəf kimi önə çıxır:
"Ümumilikdə, 12 günlük müharibənin gedişi bir daha sübut etdi ki, müasir dövrdə yalnız ənənəvi hərbi güc deyil, rəqəmsal və texnoloji üstünlüklər də qalibiyyətin əsas şərtlərindən biridir. Azərbaycan üçün isə bu təcrübə informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, texnoloji tərəqqinin müdafiə sahəsinə tətbiqi və regional tərəfdaşlıqların gücləndirilməsinə daha böyük diqqətlə yanaşmağın vacibliyini göstərir".