Nobel Sülh Mükafatı laureatlarının heç də hamısı əslində sülhün xeyrinə çalışmayıb, bəzən çox yaxşı aktyor olublar. Bunun bariz nümunəsi əlləri qana boyansa da, Nobel Sülh Mükafatı almış Mixail Qorbaçovdur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə baş qərargahı ABŞ-nin Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “Qorboçovun Nobel Sülh Mükafatı niyə ləğv edilməlidir?” sərlövhəli məqalədə yazılıb. Məqalənin müəllifi tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamdır. O, SSRİ-nin Stavropol şəhərində erməni mafiyasının güclü təsiri altındakı Qorbaçovun Azərbaycan və azərbaycanlılara dərin nifrət bəsləməklə yanaşı, Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olan Azərbaycan lideri, böyük dövlət xadimi Heydər Əliyevə də həsəd apardığını qeyd edib. Əliyevi siyasi səhnədən uzaqlaşdırmağı qarşısına məqsəd qoyan Qorbaçov bu yolda səylərini əsirgəməyib. Məhz Əliyevin istefasından sonra erməni millətçiləri və onların sovet hökumətindəki havadarları azərbaycanlılara qarşı çıxıb. Bu da sonda azərbaycanlıların Qarabağ bölgəsindən və Ermənistandakı vətənlərindən qovulmasına, uzun müddət davam edəcək Dağlıq Qarabağ münaqişəsinə səbəb olub.
Bununla kifayətlənməyən Qorbaçovun 1990-cı ilin yanvarında Azərbaycanda milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq üçün tədbirlər görməyə başladığı diqqətə çatdırılıb. 1990-cı il yanvarın 19-da Azərbaycan televiziyasında təşkil olunmuş partlayış nəticəsində ölkənin xarici dünya ilə əlaqəsi kəsilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhəri nəzarətə götürmək üçün Bakıya daxil olan sovet ordusu günahsız dinc sakinləri amansızlıqla atəşə tutub. Zirehli texnika və tanklardan istifadə edən sovet ordusu sanki düşmən şəhərini işğal edirmiş kimi davranaraq dinc azərbaycanlılara qarşı qətliam törədib.
Həmin gün 150-yə yaxın günahsız dinc sakinin, o cümlədən qadın, qoca və uşağın qətl edildiyi vurğulanan yazıda qırğının yalnız sovet ordusunun şəhərə tam nəzarəti ələ keçirməsindən sonra dayandığı xatırladılıb. Azərbaycan televiziyasını sıradan çıxaran partlayışla bağlı 1990-cı ilin iyulunda sovet təşkilatı “Qalxan”ın araşdırmasına istinad edən müəllif partlayışın sovet xüsusi hərbi hissəsi və ya sovet xüsusi xidmət orqanları tərəfindən törədildiyini bildirib. “Qalxan”ın hesabatına görə, sovet ordusu bu qırğında özünü xarici təhlükədən qorumaq üçün deyil, daha çox Azərbaycan xalqını cəzalandırmaq üçün hərəkət edib. Bu cinayətə isə Sovet hökuməti adından Qorbaçov yaşıl işıq yandırıb.
Müəllifin fikrincə, sözügedən faciənin böyük, lakin qəddar istehzası ondan ibarətdir ki, elə 1990-cı ildə Qorbaçov Nobel Sülh Mükafatına layiq görülüb və güclü Qərb dövlətləri onun həmin lənətlənmiş gündə Azərbaycan xalqına etdiklərini tamamilə görməməzliyə vurub. Qeyd olunub ki, bu gün Azərbaycanda Qorbaçova verilmiş Nobel Sülh Mükafatının ləğvinə cəhdlər edilir. Amma bu cəhdlərdən əvvəl rusiyalı siyasətçi Tatyana Poloskova Qorbaçovu Rusiya Federasiyasının ali mükafatı olan “Həvari Müqəddəs Andrey” ordenindən məhrum etməyə təşəbbüs göstərib.
Məqalədə Poloskovanın 2013-cü ildə Qorbaçovun qanlı əməllərinə görə onun nüfuzlu mükafatdan məhrum olunması üçün müraciət etsə də, rədd cavabı aldığı qeyd olunub. Poloskova Azərbaycan xalqının Qorbaçovun təltif edildiyi Nobel Sülh Mükafatının ləğvi uğrunda apardığı mübarizəni dəstəkləyərək, adıçəkilən şəxsin Sovet ordusuna verdiyi əmrin bəşəriyyətə qarşı növbəti cinayət olduğunu vurğulayıb. Norveç Nobel Komitəsinin çoxdan siyasiləşdiyinə diqqət çəkən rusiyalı siyasətçi buna qarşı güclü, aydın və qətiyyətli səsin ucaldılmasının vaxtının yetişdiyini bəyan edib.
Məqalənin sonunda keçmiş sovet liderinin Qara Yanvar faciəsi ilə yanaşı, 1989-cu il Tbilisi qırğını kimi digər fəlakətlərə görə də məsuliyyət daşıdığını diqqətə çatdıran müəllif Azərbaycan xalqının Qorbaçovun aldığı Nobel Sülh Mükafatının ləğvinə nail olacağına ümidini ifadə edib.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://foreignpolicyblogs.com/2025/02/04/why-gorbochevs-nobel-peace-prize-should-be-rescinded/