Türkiyə lirəsi dollar qarşısında tarixi minimumunu yeniləyib.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, Türkiyədə məzənnə yeni həftəyə 30,09 TL səviyyəsində başlayıb. Avro isə 32,94 TL-yə satılacaq.
Moody's Türkiyənin reytinqini açıqlayıb. Məlumata görə, bu həftə büdcə tarazlığı, bazar iştirakçılarının anketi və avro bölgəsi inflyasiyası təqib ediləcək.
Moody's proqnozun "stabil"dən "pozitiv"ə dəyişdirilməsinə səbəb kimi həyata keçirilən pul siyasətini göstərib. Həyata keçirilən siyasətlərin inflyasiyanı daha davamlı səviyyələrə endirməsi ehtimalının olduğu bildirilib. Bununla belə, Moody's inflyasiyanın bir müddət yüksək səviyyədə qalacağını gözləyir. Türkiyənin kredit reytinqi "B3" olaraq saxlanılmağa davam edir.
Türkiyədə milli valyutanın dollar qarşısında dəyər itirməsi Azərbaycanda da növbəti devalvasiyaya dair müəyyən ehtimallara yol açıb. Bakıvaxtı.az bu ehimalı nəzərə alaraq iqtisadçı-ekspert Natiq Cəfərli ilə əlaqə saxlayıb.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə məzənnələri arasında ciddi fərqlər var. Qardaş ölkədə üzən məzənnə rejimidir və birjalarda təyin olunur: “Birjada hər gün 11 minə yaxın dollar alıb-satan hüquqi şəxs olur. Onların tələb və təklifinə müvafiq olaraq məzənnə müəyyənləşir. Türkiyə Mərkəzi Bankı da məzənnə çox ucuzlaşanda dolları bazara çıxararaq, müdaxilə edir, düşəndə isə dollar alaraq, məzənnəni sakitləşdirir. Bizdə isə fərqlidir, inzibati məzənnə rejimidir. Dollar satan bir oyunçumuz var: Azərbaycan Dövlət Neft Fondu (ARDNF). Fond dolları Mərkəzi bank vasitəsilə satır. Alan isə 24 oyunçu, yəni 24 bankdır. Onlar hər həftənin 2 və 4-cü günlərində sifarişi Mərkəzi Banka təqdim edirlər. Bunun adı formal olaraq, hərracdır. Amma seçim hərrac prinsipi ilə aparılmır, sifariş nə qədərdirsə, Mərkəzi Bank da o sifarişi təmin edir”.
Natiq Cəfərli: “Fors-major” bir vəziyyət yaranarsa, düşərsə, manat devalvasiyaya məruz qala bilər
Müsahibimiz qeyd edib ki, bu ilin bütün parametrlər-büdcə göstəriciləri, ARDNF-nin büdcəsi hələ ki 1.70 AZN-dən hesablanıb: “Hələlik Azərbaycanın xarici ticarətində müsbət saldo var. Yəni Azərbaycana dsaxil olan valyutanın həcmi ölkədən çıxan valyutanın həcmindən hələ ki çoxdur. Ona görə də bu il hansısa addımın atılacağını düşünmürəm”.
Ekspert sabit məzənnə rejiminin uzun müddət qalacağını da iddia etmir: “Bizdə 2005-2015-ci illərdə məzənnə 10 il sabit qaldı. Amma sonradan məzzənə dəyişikliyinə gedilməsi məcburiyyəti yarandı. İlk addımdan devalvasiya oldu, 1 dollar 1.5, sonra1.55, ən sonda isə 1.70 də sabitləşdi. 2025 və 2026-cı illərdə, yaxın 1-2 ildə ona bənzər yeni inzibati məzənnə müəyyən edilə bilər. Amma bunun 2024-cü ildə olacağı real görünmür. Yeganə “fors-major” bir vəziyyət yaranarsa, yəni dünyada neftin qiyməti 30-40 dollara düşərsə, manat devalvasiyaya məruz qala bilər. Bu da indiki məqamda çox aşağı ehtimaldır, əksinə geosiyasi gərginliklər neftin qiymətinin daha da bahalaşmasına səbəb olur. Ümumilikdə bu il olmasa da, yaxın 2 ildə növbəti devalvasiya ilə bağlı hansısa addımın atılması mümkündür”.
Aydın Baxış