Xroniki xəstəlikləri olan kiçik yaşlı uşaqlar sağlam həmyaşıdlarına nisbətən iki dəfə çox hallarda respirator-sinsitial virus (RSV) səbəbilə xəstəxanaya yerləşdirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pediatric Academic Societies (PAS) məlumat yayıb.
RSV- əsasən körpələr və azyaşlı uşaqlar üçün təhlükəli olan və tənəffüs yollarında infeksiya yaradan geniş yayılmış virusdur. Bu virus bronxiolit və sətəlcəm kimi ağır xəstəliklərə səbəb ola bilər, xüsusilə də sağlamlıq baxımından həssas olan uşaqlarda ağır fəsadlar törədərək xəstəxanaya yerləşdirilmə tələb edir.
Qış aylarında RSV uşaqlar arasında xəstəxanaya yerləşdirilmələrin əsas səbəblərindən biridir. Virus əksər hallarda yüngül keçir, lakin vaxtından əvvəl – xüsusilə 28-ci həftədən əvvəl doğulan və ağciyər, ürək, həzm sistemi və ya bir neçə orqanı eyni anda zədələnmiş uşaqlarda ciddi iltihab və həyati təhlükə yarada bilər.
Tədqiqat müəllifləri RSV-yə qarşı vaksinasiya praktikasının genişləndirilməsini tövsiyə edirlər. Onların fikrincə, risk qrupuna daxil olan körpələrlə yanaşı, iki yaşına qədər olan və xroniki xəstəlikləri olan uşaqlar da vaksinasiya olunmalıdır – hətta anaları hamiləlik dövründə peyvənd olunmuş olsa belə.
“Araşdırmamız göstərir ki, xroniki xəstəlikləri olan uşaqlar ana vasitəsilə əldə etdikləri müdafiənin təsiri bitdikdən sonra da mövsümi vaksinasiya ilə qorunmağa ehtiyac duyurlar",- deyə Britaniya Kolumbiyası Universitetinin Tibb Fakültəsinin aspirantı Marina Vineta Paramo bildirib. “Biz yüksək risk qrupuna aid uşaqlar anlayışına daha geniş yanaşma təklif edirik ki, daha çox uşaq bu vaksinlərdən faydalana bilsin”.
Nuriyyə Musayeva