Ötən gün Laçın rayonu Mollalar kəndi istiqamətindəki dağlıq ərazidə baş verən yanğının tam söndürülməsi işləri davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət kapitanı Süleymanov Ruslan bildirib.
Onun sözlərinə görə, yanğın baş verən ərazi dağ-meşəlik və minadan təmizlənməmiş sahə olduğu üçün yanğına müdaxilə edilməsində müəyyən çətinliklər yaranıb:
"Buna baxmayaraq aktiv alovun geniş əraziyə yayılmasının qarşısı əməkdaşlarımızın səyi nəticəsində alınıb. Hazırda alovun qarşısı alınsa da, ərazilərin bəzi hissələrində qalın ağac kötüklərinin tüstüləməsi müşahidə edilir. Yanğınsöndürənlər həmin ocaqların tam məhv edilməsinə çalışır", - FHN rəsmisi əlavə edib.
***
11:13
DİN və FHN Laçında baş verən yanğınla bağlı birgə məlumat yayıb.
Bakıvaxtı.az xəbər verir ki, iyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsız davranış nəticəsində törədildiyi müəyyən olunub.
Laçın rayon Sus kənd sakini olan 3 nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb.
Faktla bağlı başlanmış cinayət işi üzrə yanğın hadisəsini törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən ərazidə yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlərin icrası davam edir.