• Bakı 20° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Dövlətçilik tarixinin, adət-ənənələrin, elm və mədəniyyətin təbliği qənaətbəxşdirmi?

LAYİHƏ

27 Yanvar 2023 | 15:37

Dövlətçilik tarixinin, adət-ənənələrin, elm və mədəniyyətin təbliği qənaətbəxşdirmi?

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir.

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edib. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Təsadüfi deyil ki, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev "Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir", - deyib.

Cavid İsmayıl: Vətən müharibəsinə imza atmış xalqın aydınlanmaqdan və aydınlatmaqdan başqa yolu yoxdur

Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl Bakıvaxtı.az-a bildirib ki, son illər Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində kifayət qədər böyük işlər görülüb: "Buna misal olaraq istər Bakı Media Mərkəzinin istehsalı olan "Əbədi ezamiyyət", "Son iclas" və digər sənədli filmləri, istərsə də AMEA-nın Tarix, Arxeologiya və Etnoqrafiya, Şərqşünaslıq və başqa humanitar institutlarında çalışan alimlərin çap etdirdiyi əsərləri göstərmək olar”.

C.İsmayıl Azərbaycan Televiziyası və İctimai Televiziyanın da bu istiqamətdəki fəaliyyətini təqdirəlayiq haı sayır: “Sevindirici hal isə ondan ibarətdir ki, ölkəmizdə cəmi 23 ay ömür sürməsinə baxmayaraq, milli dövlətçilik baxımından böyük irs qoyub getmiş Azərbaycan Xalq Cümhuriyyəti dövrünü araşdıran böyük bir tarixçi alimlər ordusu formalaşıb. Bəs o zaman problem nədədir? Problem tamaşaçı və oxucularla bağlıdır”.

Müsahibimiz vurğulayıb ki, "Azərbaycan tamaşaçısı yerli kanallara baxmır" fikri yanlışdır. Onun sözlərinə görə, baxmasa, səviyyəsi kifayət qədər aşağı olan verilişlərdə reklam qiymətləri at belində olmaz: “Oxu mədəniyyətini təbliğ etmək üçün keçirilən kitab sərgilərinə gələnlər də demək olar ki, eyni adamlardır. O zaman çıxış yolu nədədir? Hər kəs başa düşməlidir ki, biz yalnız oxuyub aydınlanmaqla milli kimliyimizə sahib çıxa bilərik. Ən böyük tutalqamız isə tarixi Qarabağ Zəfərinə imza atmış xalq olmağımızdır. İkinci Dünya müharibəsindən sonra keçmiş post-sovet məkanında ilk Vətən müharibəsinə imza atmış xalqın aydınlanmaqdan və aydınlatmaqdan başqa yolu yoxdur ".

Kamran Əsədov: İnsanların zövqünün formalaşmasında, savadlanmasında elmi-kütləvi, təhsil proqamlarının inkişaf etdirilməsi çox vacibdir

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a bildirib ki, cəmiyyətin həyatında, insanların zövqünün formalaşmasında, bilik əhatəsinin genişlənməsində, savadlanmasında, informasiya ilə təmin olunmasında mühüm amillərdən biri, bəlkə də, birincisi elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarıdır ki, onların inkişaf etdirilməsi çox vacibdir: “Cəmiyyətimiz yeniliyə, liberallığa açıq bir toplum kimi tanınır. Dünyada çox az xalq var ki, bu qədər yeniliyə meyillidir. Azərbaycan insanı hər zaman çalışır ki, dünyada mövcud olan yeni texnologiyalardan istifadə etsin, həm özünün, ailəsinin, həm də toplumun inkişafına nələrsə verə bilsin. Əlbəttə ki, bu çox yaxşıdır”.

K.Əsədova görə, elmi-kütləvi, mədəni-maarif, təhsil sahəsində hazırlanan proqramlar, ortaya qoyulan sənədlər çox mükəmməl olsa da, onların icrasında problemlər müşahidə olunur. Onun sözlərinə görə, bu proqramlarda əks olunanların icra prosesində gerçəkləşməsi ləngidiyinə, yaxud adekvat olmadığına görə narazılıqlar yaranır: “Bu da bu layihələrin, proqramların normal qəbul olunmasına maneə törədir. Qələbənin təmin olunmasında, az qala 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan torpaqlarımızın işğaldan azad olunmasnda, ərazi bütövlüyümüzün bərpa edilməsində, tarixi ədalətin bərpasında Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, liderlik keyfiyyətləri, apardığı siyasət, Azərbaycan xalqının oynadığı rol, həmrəyliyi, Azərbaycan Ordusunun rəşadəti, mübariz ruhu və bir çox məsələlər artıq proqram şəkilində universitet və orta məktəblərdə tədris olunmalı, buna çox ciddi şəkildə xüsusi önəm verilməlidir. Bu baxımdan proqramların hazırlanmasında mütəxəssis yanaşması, eləcə də rəyi mütləq nəzərə alınmalı, ailmlərin, mədəniyyət xadimlərinin, təhsil ekspertlərinin imkan və potensialından istifadə edilməlidir ki, bu, əldə etdiyimiz zəfərdən sonra daxil olduğumuz yeni mərhələdə, post-konfilikt dövründə və bundan sonra həmrəyliyimizin və birliyimizin daha da güclənməsinə öz ciddi töhvəsini vermiş olsun”.

Ekspert qeyd edib ki, bu proqramların səviyyəsini çox yüksək qiymətləndirir: “Konkret olaraq rəhbərlik etdiyim Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin nümunəsində deyə bilərəm ki, bizim təşkil etdiyimiz həm beynəlxalq, həm də yerli səviyyəli tədbirlərin proqramlarını hazırlayarkən burada beynəlxalq təcrübə öyrənilir. Eyni zamanda, konkret tədbirin mövzusuna uyğun şəkildə proqramlar hazırlanır. Əlbəttə ki, bu proqramlar peşəkar mütəxəssislər tərəfindən ərsəyə gətirilir. O peşəkarlar ki, onlar birbaşa tədbirin təşkilat komitəsinə daxil olurlar və bu proqramlar onlar tərəfindən hazırlanır. Bununla bağlı həmçinin Azərbaycanda bir nümunə də var”.

Uzun illərdir ölkəmizdə ən yüksək səviyyədə müxtəlif istiqamətli beynəlxalq tədbirlər keçirildiyini deyən K.Əsədov qeyd edib ki, Azərbaycanın bu istiqmaətdə çox yüksək təcrübəsi və nümunələri var: “Bizdə bu cür tədbirlərin keçirilməsi çox yüksək səviyyədədir. Azərbaycanda elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması səviyyəsi pis deyil.  Qənaətbəxş saymaq olar. Bu istiqamətlərdə proqram çalışmalarını, layihələrini normal qiymətləndirmək olar. Heç olmasa toplum 20-30 faizi intellektə malik olmalı, daim bilgilərini artırmalı, yeniliyə açıq olmalı, yalnız romanlar, şeirlər, dünya ədəbiyyatını mütaliə etmək deyil, elmi sahəyə də maraq göstərməlidir. Həmçinin elmdə, incəsənətdə böyük rəqabət olmalıdır”.

Həmsöhbətimiz əlavə edib ki, Sovet təhsil sistemindən modern və dünya standartlarına uyğun təhsil sisteminə keçid prosesinin başlaması ötən əsrin 90-cı illərinə təsadüf edir: “1999-cu ildə «Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı» təsdiq olunduqdan sonra bütün təhsil sistemində struktur dəyişiklikləri aparılıb, müəssisələrin şəbəkəsi optimallaşdırılıb, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olunub. Təhsil müəssisələrinə xeyli müstəqillik, geniş səlahiyyətlər verilib. 35 il müddətinə nəzərdə tutulan ən sanballı təhsil proqramından sonra “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nı təsdiq etdi. Təhsilin pillələri və səviyyələri üzrə təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hazırlandı və müvafiq dövlət təhsil standartlarına uyğun olaraq müxtəlif təhsil pillələri və səviyyələri üzrə təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddətlərini müəyyən etdi”.

“Əlavə olaraq, Azərbaycan hökuməti tərəfindən təsis edilmiş xaricdə təhsil üzrə dövlət proqramı da gənclərin xaricdə təhsil alması üçün gərəkli maliyyə yardımı almasının təminatçısıdır. Hazırda ali təhsilin maliyyələşdirilməsi aktiv olaraq 2019-2023-cü illər üçün nəzərdə tutulmuş proqram əsasında həyata keçirilir. 2007-2015-ci illər üçün nəzərdə tutulmuş müvafiq proqram ilə müqayisə etsək, bir çox fərqlər var. 2007-2015-ci illər üçün nəzərdə tutulmuş dövlət proqramı çərçivəsində 3558 təqaüd təmin edilmişdi. Proqram həm bakalavr, həm magistratura və reziderantura, eyni zamanda, doktorantura pilləsindəki tələbələrin təhsillərinin maliyyələşdirilməsini nəzərdə tutmuşdu”.

Onun sözlərinə görə, məhz həmin illərdə ayrılan təqaüdlər sayəsində, azərbaycanlı tələbələr dünyanın 32 müxtəlif ölkəsində yerləşən universitetlərdən xaricdə təhsil üzrə dövlət proqramının dəstəyi ilə məzun oldu: “Nazirlər Kabineti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi “xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim Qaydaları” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları”, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun Əsasnaməsi” təsdiq edilib”.

“Sözügedən Dövlət Proqramı çərçivəsində hədəf ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Bu istiqamətdə əcnəbi professor-müəllim heyətinin ölkəmizin ali təhsil müəssisələrində tədris prosesinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycan Respublikasında davam etdirən gənclərə də yeni imkanlar açacaq”.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyininmaliyyə dəstəyiilə hazırlanıb


SON XƏBƏRLƏR