"Bu gün ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri də hərbi potensialla yanaşı iqtisadi imkanların daha da gücləndirilməsidir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov deyib.
C.Məmmədovun sözlərinə görə, proseslərin təhlili göstərir ki, bu gün dünyamız yeni iqtisadi böhranın astanasındadır. Artıq dünyanın bir sıra ölkələri bu böhranın acı nəticələrini yaşayırlar.
Deputat qeyd edib ki, prosesi tətikləyən səbəblərdən biri isə neftin qiyməti ilə bağlı baş verən sıçrayışlardır ki, bu gün neftin qiymətində tez-tez baş verən titrəyişlər dünya iqtisadiyyatına, eyni zamanda ölkəmizin gəlirlərinə də ciddi təsir göstərir. Bu prosesin hələ bir müddət davam edəcəyi ilə bağlı proqnozlar dünya iqtisadiyyatına yaxşı heç nə vəd etmir.
"Baş verəcək növbəti böhrandan ölkəmizin sığortalanması və vətəndaşların ciddi əziyyət çəkməməsi üçün hazırda dövlət strukturları sistemli və ardıcıl addımlar atmağa davam edirlər.
Beləliklə bu gün qarşıda duran ən mühüm vəzifələrdən biri də büdcə vəsaitlərdən düzgün və səmərəli istifadə, büdcədən yayınmaların qarşısının alınmasıdır. Bu isə öz növbəsində dövlətdən daha çevik, ardıcıl siyasətin və islahatların həyata keçirilməsini tələb edir. Bunu nəzərə alaraq Azərbaycanın müvafiq strukturları iqtisadiyyatın şaxələndirilməsi üçün real addımlar atır", - deyə Ceyhun Məmmədov əlavə edib.
Mina Mikayılova