• Bakı 26° C

    7.54 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Fuad Muradov Nyu-Yorkda bir sıra görüşlər keçirib

SİYASƏT

18 Avqust 2026 | 17:03

Fuad Muradov Nyu-Yorkda bir sıra görüşlər keçirib

ABŞ-də səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Amerikalılar üçün Tədqiqat İnstitutunun (RINA) təsisçisi və İdarə Heyətinin rəhbəri Sem Kliger, Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzinin rəhbəri Yakov Abramov, Nyu York Ştat Assambleyasının üzvləri Mixail Novaxov və Alek Bruk Krasnı ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, görüşlərdə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi nümayəndəsi səfir Tofiq Musayev də iştirak edib.

Sem Kligerlə görüş zamanı Azərbaycan-ABŞ münasibətlərinin inkişafında diasporun oynadığı rol əsas müzakirə mövzularından biri olub. Görüşdə RINA ilə Azərbaycan diasporu arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, gənclərə yönələn proqramların və liderlik təşəbbüslərinin həyata keçirilməsi, eləcə də müxtəlif icmalar arasında dialoqun gücləndirilməsinə xidmət edən birgə layihələrin hazırlanması imkanları nəzərdən keçirilib. Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafına və Azərbaycan diasporunun ABŞ cəmiyyətində daha fəal rol oynamasına verdiyi töhfələrə görə Sem Kligerə təşəkkürnamə təqdim olunub.

Yakov Abramovla görüşdə isə Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzinin Azərbaycan və Qafqaz yəhudilərinin tarixi və mədəni irsinin qorunması, gələcək nəsillərə çatdırılması və tanıdılması istiqamətində gördüyü işlər yüksək dəyərləndirilib.

Komitə sədri Azərbaycanın tarix boyu müxtəlif dini və etnik qrupların, o cümlədən yəhudi icmasının sülh, qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində birgə yaşadığı ölkə olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin beynəlxalq müstəvidə təbliği xalqlar və icmalar arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Görüşdə, həmçinin Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq layihələrindən, ölkəmizin Cənubi Qafqazda davamlı sülh və sabitliyin formalaşdırılması istiqamətində həyata keçirdiyi təşəbbüslərdən bəhs olunub. Xüsusilə, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla TRIPP adlanan layihənin mütləq və tezliklə icrası ilə bağlı apardığı müzakirələrə diqqət çəkilib.

Nyu York Ştat Assambleyasının üzvləri ilə müzakirələrdə Azərbaycan icmasının şəhərin ictimai, mədəni və iqtisadi həyatında iştirakı, Nyu Yorkun inkişafına verdiyi töhfələr və diasporun Azərbaycan-Nyu York əlaqələrinin daha da möhkəmləndirilməsindəki roluna diqqət çəkilib. Tərəfər gələcəkdə mədəniyyət, təhsil, gənclər, diaspor fəaliyyəti və icmalararası dialoq sahələrində əməkdaşlığın genişləndirilməsində və əlaqələrin daha intensiv xarakter almasına xidmət edən platformaların yaradılmasında maraqlı olduqlarını bildiriblər.

Nyu York Ştat Assambleyasının üzvü Mixail Novaxov 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Nyu York Ştat Assambleyasında qəbul etdiyi bəyannaməni Komitə sədrinə təqdim edib. Bəyannamədə Azərbaycanın müstəqillik yolu, dünyəvi dövlət olması, tolerantlıq ənənələri, dağ yəhudi icmasının ölkədə sülh və əmin-amanlıq şəraitində yaşaması, ABŞ-də Azərbaycan icması, o cümlədən Azərbaycan kökənli dağ yəhudilərinin yüksək ictimai fəallığı diqqətə çatdırılıb.

Keçirilən görüşlər Azərbaycanın diaspor siyasətinin əsas istiqamətlərindən biri olan xaricdə yaşayan azərbaycanlıların yerli cəmiyyətlərə fəal inteqrasiyası ilə yanaşı, onların ölkəmizin tarixi-mədəni irsinin, multikulturalizm və tolerantlıq dəyərlərinin, habelə Azərbaycanın sülh və əməkdaşlıq gündəliyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını bir daha nümayiş etdirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR