Son illər İran və Səudiyyə Ərəbistanı münasibətlərində normallaşma müşahidə olunur.
Bakıvaxtı.az-ın məlumatına görə, bu normallaşma fonunda İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran Səudiyyə Ərəbistanını heç vaxt düşmən hesab etməyib. Nazir iki ölkə arasındakı mübahisələr və fikir ayrılıqlarının bəzən diplomatik münasibətlərin kəsilməsinə səbəb olduğunu bildirsə də, ümumilikdə iki ölkə arasında münasibətlərin yaxşılaşmasının tərəfdarı olduğunu bildirib.
Maraqlıdır ki, İran və Səudiyyə Ərəbistanının yaxınlaşması strateji balansı necə dəyişə bilər? İran-Səudiyyə Ərəbistanı əməkdaşlığı fonunda İran regionda güclənə bilərmi?
Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.
Onun sözlərinə görə, İran və Səudiyyə Ərəbistanı iki regional qüvvə, ortaq gücdür. Bu güclərin qarşılıqlı münasibətlərinin olması regional stabilliyə müsbət təsir göstərəcək:
"İran-Səudiyyə Ərəbistanı münasibətləri və dialoqu iki gücün toqquşması ilə bağlı riskləri azaldır. Digər tərəfdən, məsələlərin daha çox proqnozlaşdırılan məcrada inkişaf etməsinə kömək edir. Əslində hazırda əsas çatışmazlıq proqnozlaşdırılan məsələlərlə bağlıdır. Dünyada gedən proseslər onu göstərir ki, bu çatışmazlıq münasibətlərin normal şəkildə tənzimlənməsinə imkan vermir. Ona görə də İran və Səudiyyə Ərəbistanı arasında dialoqun baş tutması müsbət haldır".
İ.Vəlizadə hesab edir ki, bu gün heç bir dövlət yaxın dostluqdan danışmır və danışa bilməz. Çünki müəyyən məsələlərlə bağlı ölkələrarası rəqabət mövcuddur.

İlqar Vəlizadə: İran və Səudiyyə Ərəbistanı arasında dialoqun baş tutması müsbət haldır
Dediyinə görə. bəzi hallarda bu rəqabət olduqca ciddi səviyyəyə keçir. Lakin bu rəqabətlər sivil formada aparılmaqla, regional stabilliyə müsbət təsir edə bilər:
“Bu kontekstdə İran-Səudiyyə Ərəbistanı əməkdaşlığının regionumuza da müsbət təsir göstərəcəyi gözləniləndir. Azərbaycanın həm İranla, həm də Səudiyyə Ərəbistanı ilə münasibətləri var. İran qonşu ölkə, Səudiyyə Ərəbistanı isə dost ölkədir və regional oyunçudur. Bizim bu ölkələrlə birgə layihələrimiz var. Ona görə də İran-Səudiyyə Ərəbistanı nə dərəcədə normal olarsa, daha geniş coğrafiyanı əhatə edə bilər. Bu baxımdan ölkəmiz də sözügedən əməkdaşlığı dəstəkləyir".
Gülşən Şərif
Bakı 



