• Bakı 10° C

    4.96 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

İsveçrə sammitində iştirakımız Rusiya-Azərbaycan münasibətlərinə necə təsir göstərəcək? - RƏYLƏR

SİYASƏT

11 Iyun 2024 | 09:23

İsveçrə sammitində iştirakımız Rusiya-Azərbaycan münasibətlərinə necə təsir göstərəcək? - RƏYLƏR

Məlumdur ki, iyunun 15-16-da İsveçrədə Rusiyanın iştirakı olmadan Ukraynadakı münaqişənin həllinə dair sammit keçiriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə , toplantıya 160-dan çox ölkədən nümayəndə heyətləri dəvət olunub. 100-dən çox ölkə iştirakını təsdiqləyib. Dəvət olunanlar sırasında Azərbaycan da var.

Ukrayna Ali Radasının sədr müavini Yelena Kondratyuk bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakının Ukraynanın bərpasına dair beynəlxalq konfransda fəal iştirak edəcəyini təsdiqləyib. 

Sülh Sammitini mənasız hesab Rusiya dəvəti qəbul etməyən ölkələri özünə dost ölkə kimi qəbul edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrova görə, məqsəd sülhə nail olmaq deyil, mümkün qədər çox ölkəni Rusiyaya qarşı yönəltməkdir. 

Maraqlıdır ki, Azərbaycanın iştirakı Rusiya ilə münasibətlərə təsir edə bilərmi?

 

Azər Qasımov: Azərbaycanın bu sammitdə iştirakı mütləqdir 

 

Politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, nəzərdə tutulan sammitə hazırlıq dəvət olunan ölkələr üzərindən münaqişə tərəflərinin qütbləşdiyi cinahlar üzərindən davam edir. 

Onun sözlərinə görə, Rusiyanın mövqeyini dəstəkləyən ölkələr rəsmi Moskva olmadan sammitə getməyi lüzumsuz hesab edir.

"Rusiyanın hərəkətlərini işğal hesab edən ölkələr bu sammitdə iştirakı özlərinə borc bilirlər. Bu ölkələr Ukraynanın, dolayısı ilə Qərb koalisiyasının yanında olduğunu göstərmək istəyirlər. Görünən odur ki, dünya dövlətlərinin böyük əksəriyyəti bu sammiti lazımlı hesab edir və buna görə də sammitdə iştirak edəcəklərini bildirirlər. ABŞ Prezidenti Co Bayden sammitdə iştirak etməyəcəyini bildirib. Lakin ABŞ olmasaydı, Rusiya çoxdan Ukraynada istəyinə nail olmuşdu. Doğrudur, Rusiya müxtəlif təsirlərlə öz tərəfdaş ölkələrinin bu sammitdə iştirak etməməsinə çalışır. Latın Amerikası ölkələrindən tutmuş Avropada belə buna nail olmağa çalışır. Maraqlı məqam odur ki, Moskvanın olmadığı bir sammitdə Rusiyanın başladığı münaqişəni necə həll etmək olar".

Ölkəmizin bu sammitdə iştirakının mütləq olduğunu qeyd edən A.Qasımov hesab edir ki, Azərbaycanın iştirakını Rusiya da dəstəkləyir. Çünki ölkəmizin heç bir gizli niyyəti yoxdur. Azərbaycanın məqsədi sülhə nail olunacaq bütün yolları axtarmaqdır.

"Azərbaycan Rusiya və Ukrayna ilə dost ölkədir. Onlar arasında barışın olmasında maraqlıdır. Azərbaycan bu səbəbdən sammitdə iştirak edəcək. Azərbaycanın sammitdə iştirakı və oradakı çıxışı ilə verəcəyi mesaj dünya dövlətlərini bu münaqişədə barışdırıcı rol oynamasını təmin edəcək mövqeyə gətirə bilər.
 
Sammitdə Rusiyanın hərəkətlərinə mənfi münasibət bəsləyən ölkələrin olması onu göstərə bilər ki, bu sammit daha çox Rusiya əleyhinə atılacaq addımların koordinasiya edilməsi və Ukraynaya edilən yardımların artırılması məqsədi daşıyır. Bundan başqa, dünyanın əksər ölkələrinin Rusiya əleyhinə mövqe alması çəkindirici faktor ola bilər. Bu, Rusiyanın münaqişəni dayandırması baxımından uğurlu olar. Lakin bunun nəticə verəcəyinə şübhə ilə yanaşıram". 

Zeynal Əmrəliyev: Rusiyanın  Azərbaycana mənfi yanaşacağı inandırıcı görünmür 

Rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan politoloq Zeynal Əmrəliyev isə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Rusiyanın ölkəmizin sammitdə iştirakına mənfi reaksiya verəcəyi real görünmür:

"Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi bəllidir. Ukrayna faktiki olaraq, Rusiya tərəfindən işğal edilir və həmin ərazidə seperatçı bölgələr yaradılıb. Azərbaycan ərazisi işğal edilmiş, həmçinin seperatizmdən əziyyət çəkən ölkə olaraq, bu məsələdə sakit qala bilməz. Azərbaycan bu gün dünyada ən aydın və ədalətli mövqeyi olan ölkədir. Azərbaycan Ukraynanı bütün beynalxaq platformalarda yüksək səviyyədə müdafiə edir. Eyni zamanda Rusiya ilə əlaqələr də tarixi inkişaf mərhələsindədir. Rəsmi Bakının əks mövqedə olması mümkün deyil. Azərbaycan hazırda elə bir mövqedədir ki, əlaqələri pozmaq sadəcə həmin dövlətin özü üçün ziyanlı olar".

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Dekabr 2024