• Bakı 13° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Ciddi təxribatdır - Deputat “bayraq” qalmaqalından DANIŞDI

SİYASƏT

01 Aprel 2025 | 16:52

Ciddi təxribatdır - Deputat “bayraq” qalmaqalından DANIŞDI

Xəbər verdiyimiz kimi, Almaniya prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub.

Bakıvaxtı.az xatırladır ki, dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib.

Almaniya Federativ Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, dövlət katibi Dörte Dingerin məktubunda vurğulanıb ki, bu paylaşım texniki səhv səbəbindən dərc edilib və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mövqeyi ilə bağlı heç bir məna kəsb etmir:

"Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm. Federal Prezidentin qarşıdan gələn səfəri Azərbaycan-Almaniya tərəfdaşlığını möhkəmləndirmək və regionda davam edən sülh prosesinə dəstək vermək məqsədi daşıyır".

Deputat Azər Allahverənov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Almaniya tərəfindən Azərbaycana münasibətdə bu tip yanaşmaların sərgilənməsi qətiyyən xoş deyil.

Deputat vurğulayıb ki, Almaniya-Azərbaycan münasibətləri ötən dövr ərzində müxtəlif sahələrdə sıx əməkdaşlıq mövcud olub:

"Bu münasibətlər siyasi, iqtisadi, mədəni və digər sahələrdə də özünü göstərir. Azərbaycanla Almaniya arasında siyasi münasibətlərdə 1992-ci ildən qurulmağa başlanılıb. Almaniya Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən olub. İki ölkə arasında beynəlxalq sahələrdə, regional təhlükəsizlik məsələlərində əməkdaşlıq mövcuddur. Bunlar olduqca əhəmiyyətli əməkdaşlıq müstəvisi hesab olunur. Digər yandan, Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Keçmiş Qarabağ münaqişəsi zamanından sülh yolu ilə həlli barədə müəyyən çağırışlar edib. Almaniya Qarabağın Azərbaycan ərazisi olduğunu hər zaman qəbul edib”.

Onun sözlərinə görə, Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında xarici ticarət dövriyyəsi artır, neft-qaz ixrac edilir. Enerji təhlükəsizliyi ilə bağlı da iki dövlət arasında mövcud strategiya var. Bu strategiyanın inkişaf etdirilməsi istiqamətində işlər görülür:

“Eyni zamanda mədəniyyət, təhsil sahəsində də kifayət qədər geniş mübadilə problemləri var. Almaniya-Azərbaycan əlaqələri müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də özünü biruzə verir. Almaniyada çoix böyük Azərbaycan diasporası fəaliyyət göstərir. Bu faktlara əsasən tam əminliklə deyə bilərik ki, indi baş verən hadisələr, tarixi faktların təhrif olunması, Almaniya prezidentinin instaqram səhifəsində qondarma rejimin "bayrağ"ının əks olunması və s. ümumiyyətlə yolverilməz haldır".

Deputata görə, görünən odur ki, Almaniya prezidentinin yaxın çevrəsində ermənipərəst, hətta milliyətcə erməni şəxslər var:

"Onlar bu formada təxribatlara əl atırlar. Nəticə etibarilə Almaniya prezidentinin Azərbaycana səfəri öncəsi bu kimi arzuolunmaz hadisələr yaşanır. İstər-istəməz bu tipli təxribatlar iki ölkə arasında münasibətlərə təsir göstərir, əlaqələrin gərginləşməsinə, ən azından soyuqlaşmasına səbəb olur. Elə həmin təxribatlar da buna hesablanıb. Kifayət qədər ciddi təxribatlardır. Ona görə də Bakı çox ciddi reaksiyasını ortaya qoydu. Nəticə etibarılə Almaniya uydurma məlumatların yayılmasının qarşısını aldı”.

Müsahibimiz qeyd edib ki, erməni diasporu kifayət qədər fəaldır. Çalışırlar ki, türklərin də çoxluq təşkil etdiyi alman cəmiyyətində anti-türk əhval-ruhiyyəsi yaratsınlar.

A.Allahverənov hesab edir ki, Almaniya prezidentinin İrəvana səfəri zamanı belə bir saxta məlumatın dövriyyəyə buraxılması da diqqət çəkir:

“Bu səfər Ermənistan tərəfindən rəğbətlə qarşılanır. Ermənistan-Fransa münasibətləri inkişaf etməkdədir. Bu müstəvidə ikinci Avropa ölkəsi - Almaniya ilə də münasibətlərin inkişafında Ermənistan tərəfi maraqlıdır. Bu, bizim üçün bir siqnal olmalıdır ki, gələcəkdə hansı istiqamətdə hansı addımların atılmalı olduğunu müəyyənləşdirək".

Aydın Baxış


SON XƏBƏRLƏR