• Bakı 21° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Misir Mərdanov gileyləndi: “Ölkə təhsilində repetitorluq bütün hədləri aşıb” - MÜSAHİBƏ

MÜSAHİBƏ

30 Yanvar 2024 | 09:14

Misir Mərdanov gileyləndi: “Ölkə təhsilində repetitorluq bütün hədləri aşıb” - MÜSAHİBƏ

“Düzünü deyək” rubrikamızın budəfəki qonağı keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovdur.

Bakıvaxtı.az sabiq nazirlə söhbəti təqdim edir.

Son hadisələrdə valideynlərin də, cəmiyyətin də məsuliyyəti var

- Misir müəllim, yanvarın 23-də Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimovun bıçaqlanaraq öldürüldü. Məhz bu hadisədən sonra məktəblərin kriminallaşması məsələsi yenidən gündəmə gəldi. Sizcə, səbəb nədir?

- Bəlkə də bu məsələlər ona görə qabarıq göstərilir ki, sosial medianın həyatımızdakı rolu getdikcə artır. Ola bilsin, əvəllər də olurdu, amma ortalığa çıxmırdı. Hər iki halda bu, neqativ hadisədir.

Bütün bunları təkcə məktəbin, direktorun və müəllimin üzərinə yıxmaq olmaz. Yaşananlarda valideynlər, cəmiyyət və məktəbi əhatə edən mühitin də məsuliyyəti var. Bu sadaladığım qövmlər öz vəzifələrinin öhdəsindən zamanında və lazımi səviyyədə gəlsələr idilər, əlbəttə, bu cür halların qarşısı alınardı.

- Bəzən medianı, məxsusi olaraq, televizyanı da cəmiyyəti maarifləndirməməkdə qınayırlar. Sizcə, bu, televizyanın birbaşa missiyasıdırmı?

- Bəli, mən də internet və peyk televiziyalarını qınayıram. Onlar cəmiyyətin tərbiyələnməsi, maariflənməsi ilə bağlı heç bir ciddi işlər görmürlər. Bir çox hallarda gözləntilərin əksinə işlər aparırlar.

Adı psixoloq olub, özü kabinetdə oturacaqsa, şagirdlərlə işləməyəcəksə...

- Məktəb psixoloqları ilə bağlı da iradlar var. Bildirilir ki, məktəblərdə psixoloqlar ya yoxdurlar, ya da sayca çox azdırlar...

- Mən nazir işləyəndə bu məsələ dəfələrlə qaldırılmışdı. Cəmiyyətin tələb etdiyi, səviyyəli psixoloq olarsa, bu, çox yaxşı nəticə verər. Adı psixoloq olub, özü kabinetdə oturacaqsa, şagirdlərlə işləməyəcəksə, onun heç bir mənası olmayacaq. Mənə elə gəlir ki, məktəblərdə psixoloq xidmətini gücləndirmək lazımdır.

- Son günlər repetitorların qiymətləri bahalaşdırmasına dair də narazılıqlar müşahidə olunur. Niyə repetitorluq dərin qatlara kök atıb?

-Bəlkə, qiymətlərdən danışmayaq. Amma ən vacibi odur ki, ölkə təhsilində repetitorluq bütün hədləri aşıb.

- Niyə qarşısı alınmır?

- Onun qarşısını almaq üçün heç bir tədbir görülmür. Çünki imtahan vermək arzusunda olan adamların bilik və bacarıqları ilə onlara imtahanda verilən suallar üst-üstə düşmür.

Riyaziyyatdan imtahan verməyib, riyaziyyat üzrə magistr olurlar

- Məsələn, hansı sualları nəzərdə tutursunuz?

- Bir misal deyim. Bizim instituta “Sabah” qruplarından 6 bakalavr magistr oxumağa gəlib. Onların magistr dissertasiyasına rəhbərlik bizə tapşırılıb. Araşdıranda məlum olur ki, bu adamlar magistraturaya qəbul olarkən, 3 fəndən - məntiq, informatika və xarici dildən - imtahan veriblər.

Əvvəla sual olunur ki, bu bakalavrlara məntiq dərsi harada və nə səviyyədə keçirilib? Qoyulan suallar bu uşaqların aldığı təhsilə uyğundur, yoxsa yox?

Digər tərəfdən, bu bakalavrlara informatika hansı səviyyədə tədris olunub? Bu da məlum deyil. Biz görmüşük, eşitmişik və bilirik ki, dünyanın bütün ali təhsil məktəblərinə qəbul imtahanlarında riyaziyyat fənni birinci sırada dayanır və ümumiyyətlə riyaziyyat birinci olmalıdır. İndi necə olur ki, bu 6 nəfər riyaziyyat sahəsi üzrə magistr olacaq, ancaq riyaziyyatdan imtahan verməyib. Bu gülməlidir. Mənə elə gəlir ki, bu ziddiyyətləri doğuran məqam məhz proqramın ağır olması, orta və ali məktəbin müxtəlif pillələrində sualların Azərbaycan məktəbinin verdiyi biliyə uyğun olmamasıdır.

Uşaq o qədər yükü niyə məktəbə daşımalıdır?

- Proqramın ağır olmasına toxundunuz. Bəzən valideynlər də bundan gileylənirlər, hətta ibtidai sinif uşaqları çantaları belə daşıya bilmirlər...

- Dərslərin ağır olması da problematik məsələdir. İbtidai sinif şagirdi o ağırlıqda çantanı necə daşısın? Uşaq o qədər yükü niyə məktəbə daşımalıdır? Dünyanın bir çox ölkəsində ev tapşırları ləğv edilib. Bütün çalışmaları sinifdə həll edirlər.

- Doktorantrura ilə bağlı da bir paradoks var. Əyani və ödənişsiz qəbul olunan doktorantlar başqa müəssisəsədə tam ştat çalışa bilməzlər. Bunu əsas gətirirlər ki, dövlət əyani və ödənişsiz təhsil alan doktoranta 230 manat təqaüd ödəyir, bu üzdən o doktorant digər müəssisədə tam şatat çalışa bilməz. 230 manatla doktorant elmi məqaləmi yazsın, elmi araşdırmamı etsin, beynəlxalq jurnallarda elmi məqalələrmi çap etdirsin, yoxsa ailəmi dolandırsın? Sizcə, bu, nə dərəcədə obyektiv qərardır?

- Əlbəttə, ziddiyyətli məsələdir. Gərək qayda-qanunlarda ciddi təkmilləşmə getsin. Bütün qayda və qanunlar insana və onun inkişafına xidmət göstərməlidir. Başqa cür olsa, müsbət effekt verməyəcək.

- Misir müəllim, bu yaxınlarda təkliflər verilib ki, müəllimlər 14 faiz gəlir vergisi, sosial sığorta, icbari tibbi sığorta və sertifikasiya imtahanlarından azad olunsunlar. Hesab edirlər ki, bu məsələlər həllini tapsa, qismən də olsa, müəllimlərin sosial şəraitinə müsbət təsir göstərər. Buradan yola çıxaraq, soruşmaq istərdim ki, təhsil sistemimizin düzəldilməsi, dünya təhsil sisteminə inteqrasiyası üçün nələr edilməlidir? Anlayıram, bu, olduqca mürəkkəb və taleyüklü məsələdir. Amma qeyd etdiyim proseslərin həlli üçün də ana xətlər olmamış deyil. Həmin ana xətlər nələrdən ibarətdir?

-İlk növbədə müəllimə, məktəbə və təhsilə cəmiyyətin münasibəti dəyişməlidir. Müəllimlər, təhsil və elmi işçilərinə elə əmək haqqı verilməlidir ki, onların düşüncələri yalnız təhsillə bağlı olsun. Düşünürəım ki, bu işlər həll olunsa, problemlər yoluna qoyular.

Aydın Baxış


SON XƏBƏRLƏR

27 Aprel 2024