Misirdə keçirilən Qəzza danışıqlarında Türkiyə Milli Kəşfiyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da yer alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoffun təqdim etdiyi 21 maddəlik plan daha əvvəl Ankara ilə razılaşdırılıb və sonradan Tramp-Ərdoğan görüşündə müzakirə olunub.
Məlumata görə, danışıqlarda əsas tərəf HƏMAS olsa da, hərəkat İranla yaxın İslami Cihad və Fələstin Xalq Azadlıq Cəbhəsini də prosesə cəlb edib. “Əl-Fəth” isə prosesdə iştirak etmir. HƏMAS-ın təqdim etdiyi əsir mübadiləsi siyahısında 2002-ci ildən İsraildə həbsdə olan “Əl-Fəth” lideri Mərvan Barquti və Fələstin Xalq Azadlıq Cəbhəsinin rəhbəri Əhməd Saadatın adları da var.
Ekspertlərə görə, danışıqlar uğurla nəticələnərsə, bu proses Fələstin siyasətində yeni mərhələnin başlanğıcı ola bilər.
Xatırladaq ki, bundan əvvəl MİT rəhbəri Qəzza üzrə vasitəçilərin iclasında da iştirak etmişdi.