• Bakı 26° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Paşinyanın yeni oyunu: Qərbə yaxınlaşma, Moskva ilə sığorta

SİYASƏT

17 Avqust 2026 | 16:07

Paşinyanın yeni oyunu: Qərbə yaxınlaşma, Moskva ilə sığorta

Ermənistanda son siyasi proseslər Nikol Paşinyan hökumətinin xarici siyasət kursunda müəyyən korrektələr etdiyini göstərir. Lakin bunu İrəvanın Avropa istiqamətindən imtina edərək yenidən Rusiyanın orbitinə qayıtması kimi təqdim etmək hələlik doğru olmazdı. Əksinə, Ermənistan hazırda iki fərqli inteqrasiya məkanı arasında mümkün qədər uzun müddət manevr etməyə çalışır.

Ermənistanın Baş naziri Nikol Paşinyan may ayında Rusiya Prezidenti Vladimir Putinin Aİ və Avrasiya İqtisadi İttifaqı arasında seçimlə bağlı çağırışına cavab verərkən açıq şəkildə bildirmişdi ki, hüquqi və faktiki baxımdan seçim zərurəti yaranmadığı müddətdə İrəvan belə bir məsələni gündəliyə gətirməyəcək. Rusiya isə bunun əksini düşünür: Moskva Aİ ilə dərin inteqrasiyanın Aİİ üzvlüyü ilə uzunmüddətli perspektivdə uyğun olmadığını dəfələrlə bəyan edib.

Məsələnin ən həssas tərəfi Ermənistanın iqtisadi reallıqlarıdır. Siyasi və təhlükəsizlik sahəsində Qərbə yaxınlaşmaq bir məsələdir, Rusiya ilə formalaşmış iqtisadi əlaqələri qısa müddətdə əvəz etmək isə tamam başqa məsələdir. İyulun sonunda Paşinyanın Putinə müraciət edərək Ermənistan məhsullarına tətbiq edilən Rusiya məhdudiyyətlərinin aradan qaldırılmasına yardım istəməsi bunun ən konkret göstəricilərindən biridir. “Reuters”in məlumatına görə, Rusiya Ermənistanın xarici ticarətində təxminən 35 faizlik paya malikdir və enerji sahəsində də Moskvanın əhəmiyyəti böyükdür. Buna görə Ermənistan daxilində Rusiya bazarının qorunmasını müdafiə edən mövqelərin güclənməsi ideoloji rusiyayönümlülükdən daha çox iqtisadi praqmatizmlə izah oluna bilər.

Üstəlik, Moskva iqtisadi rıçaqlarının nə qədər təsirli olduğunu artıq nümayiş etdirib. May və iyun aylarında Rusiya Ermənistanın brendi, şərab, mineral su və kənd təsərrüfatı məhsulları da daxil olmaqla bir sıra ixrac mallarına məhdudiyyətlər tətbiq edib, bəzi malların Rusiya ərazisindən tranzitində də problemlər yaranıb. Paşinyan hökuməti buna cavab olaraq Aİİ daxilində malların sərbəst hərəkəti prinsipinin pozulduğunu gündəmə gətirib. Beləliklə, Ermənistan paradoksal vəziyyətlə üzləşib: bir tərəfdən Rusiyadan iqtisadi asılılığını azaltmağa çalışır, digər tərəfdən həmin asılılığın yaratdığı nəticələr onu yenidən Moskva ilə anlaşmağa məcbur edir. Bu mənada son kadr və siyasi manevrləri Kremlə “münasibətləri tam qoparmaq niyyətində deyilik” mesajı kimi oxumaq mümkündür.

Amma bütün bunların fonunda Ermənistanın Avropa istiqamətində real addımları da dayanmayıb. İyulun 2-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin İrəvana səfəri zamanı Aİ Ermənistanın dayanıqlığının gücləndirilməsi üçün 52 milyon avroluq dəstək və Ermənistan ixracının 80 faizinə qədər hissəsi üçün tariflərsiz bazar imkanının yaradılması istiqamətində təklif açıqlayıb. Bundan başqa, iyulda Aİ-nin Ermənistanda yeni Tərəfdaşlıq Missiyası fəaliyyətə başlayıb və onun mandatı 2028-ci ilə qədər nəzərdə tutulub. Bunlar Paşinyanın Avropa kursunu dayandırdığı tezisini zəiflədir. Əksinə, İrəvan Qərblə siyasi və təhlükəsizlik əlaqələrini genişləndirərkən bunun Rusiya ilə iqtisadi münasibətlərdə yaradacağı itkiləri minimuma endirməyə çalışır.

Burada əsas sual bu balansın nə qədər davam etdirilə bilməsidir. Ermənistan hökuməti hazırda Aİ və Aİİ ilə münasibətlərin bir-birinə zidd olmadığı mərhələdə hər iki istiqamətlə işləmək niyyətində olduğunu bildirir. Lakin problem Ermənistan Aİ-yə real üzvlük prosesinin növbəti mərhələlərinə keçərsə başlayacaq. Avropa İttifaqının vahid gömrük, ticarət və normativ sistemi ilə Aİİ-nin qaydalarını eyni vaxtda tətbiq etmək praktik olaraq getdikcə çətinləşəcək. Kreml də məhz buna görə İrəvanın gec-tez seçim etməli olacağını bildirir. İyulun 27-də Putinlə telefon danışığında Paşinyanın Aİ üzvlüyü ilə bağlı referendumun yalnız Ermənistanın rəsmi üzvlük müraciətindən sonra praktiki məna daşıyacağını deməsi göstərir ki, İrəvan hələlik həmin həlledici nöqtəyə çatmağı mümkün qədər təxirə salır.

Buna görə Ermənistanda baş verənləri “Paşinyan Avropadan üz döndərir” kimi deyil, xarici siyasətdə yeni praqmatik mərhələnin başlanması kimi qiymətləndirmək daha düzgün olar. Paşinyan anlayır ki, Rusiyadan sürətli ayrılmanın iqtisadi qiyməti yüksək ola bilər, amma eyni zamanda əvvəlki təhlükəsizlik modelinə tam qayıtmaq da onun son illərdə apardığı siyasətlə ziddiyyət təşkil edir. İrəvanın strategiyası indi Qərblə yaxınlaşmanı davam etdirmək, Avropa bazarlarına çıxışı genişləndirmək və təhlükəsizlik əlaqələrini şaxələndirməklə yanaşı, Rusiya bazarını və Moskva ilə işlək siyasi kanalları itirməmək üzərində qurulur. Lakin bu, uzunmüddətli həll deyil. Aİ ilə inteqrasiya dərinləşdikcə Moskvanın təzyiq imkanları və seçim tələbi də arta bilər. Deməli, Paşinyanın qarşısında duran əsas məsələ Avropa kursundan imtina edib-etməmək deyil, Ermənistanın Rusiya sistemindən iqtisadi asılılığını nə qədər sürətlə və hansı qiymətə azalda biləcəyidir.

Alim Nəsirov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR