Azərbaycan və Türkiyə münasibətləri uzun illərdir “bir millət, iki dövlət” prinsipi üzərində qurulub. Bu model təkcə ikitərəfli münasibətlərin deyil, həm də regionun geosiyasi sabitliyinin əsas sütunlarından biri hesab olunur.
Son illərdə Qarabağ müharibəsi, enerji layihələri, müdafiə sənayesi və beynəlxalq təşkilatlarda nümayiş etdirilən qarşılıqlı dəstək bu strateji tərəfdaşlığı daha da möhkəmləndirib.
Lakin son günlər AŞPA müstəvisində baş verən hadisələr Azərbaycan ictimaiyyətində müəyyən suallar yaradıb. Azərbaycana qarşı qəbul edilən qətnamənin müzakirəsi zamanı Türkiyə nümayəndə heyətinin gözlənilən qədər fəal mövqe nümayiş etdirmədiyi barədə müzakirələr aparılır. Eyni zamanda, adı müxtəlif dövrlərdə FETÖ ilə bağlı ittihamlar kontekstində hallandırılan CHP-li deputat Yunus Emrenin Azərbaycana dair hesabatın lehinə səs verməsi də diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir. Bu hadisələr Türkiyə-Azərbaycan münasibətlərinə necə təsir göstərə bilər?
Əslində, bu sualın cavabını axtararkən Türkiyənin daxili siyasi dinamikasını da nəzərə almaq lazımdır. Müxalifət və iqtidarın xarici siyasət məsələlərində hər zaman eyni mövqedən çıxış etmədiyi məlumdur. Xüsusilə də Kamal Kılıçdaroğlunun rəhbərlik etdiyi dövrdə CHP-nin bəzi xarici siyasət yanaşmaları Azərbaycanda birmənalı qarşılanmayıb. Müxtəlif dövrlərdə partiyanın ayrı-ayrı nümayəndələrinin Ermənistanla münasibətlər, regional proseslər və Cənubi Qafqaz siyasəti ilə bağlı verdiyi bəyanatlar da bu müzakirələrin əsasını təşkil edib. Vaxtilə təqdim edilən bəzi siyasi xəritələrdə Azərbaycanın yer almaması da həmin dövrdə geniş tənqid edilib.
Bununla belə, bu kimi nümunələr əsasında bütövlükdə Türkiyə dövlətinin və ya bütün siyasi sisteminin Azərbaycana münasibətinin dəyişdiyini iddia etmək düzgün olmazdı. Türkiyənin rəsmi dövlət siyasəti son illər ərzində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ardıcıl dəstək üzərində qurulub. Prezident Rəcəb Tayyib Ərdoğan administrasiyası, Türkiyə Xarici İşlər Nazirliyi və digər dövlət institutlarının mövqeyi bu baxımdan kifayət qədər aydındır.
Ancaq digər tərəfdən, ayrı-ayrı siyasi dairələrdə və fərqli ideoloji qruplarda Azərbaycana münasibətdə fərqli baxışların mövcudluğu da inkar edilə bilməz. Demokratik siyasi sistemlərdə parlamentlərdə müxtəlif yanaşmaların olması təbii hesab olunur. Məhz buna görə də hər hansı beynəlxalq platformada baş verən səsvermə və ya çıxış təkcə həmin şəxsin deyil, bəzən təmsil etdiyi siyasi xəttin də göstəricisi kimi qiymətləndirilir.
Bu baxımdan AŞPA-da yaşanan son hadisələr Ankara üçün də müəyyən siqnal sayıla bilər. Çünki Türkiyə-Azərbaycan münasibətləri yalnız hökumətlərarası əməkdaşlıqla məhdudlaşmır. Bu münasibətlərin parlament diplomatiyasında, siyasi partiyalar arasında, beynəlxalq təşkilatlarda və ictimai diplomatiya müstəvisində də eyni həssaslıqla qorunması strateji tərəfdaşlığın davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan ictimaiyyətində tez-tez xatırladılan məqamlardan biri də Prezident İlham Əliyevin illər əvvəl səsləndirdiyi “Türkiyə burada yoxdu, mən buradayam” ifadəsidir. Bu fikir Azərbaycanın müxtəlif beynəlxalq platformalarda Türkiyənin maraqlarını açıq şəkildə müdafiə etdiyini göstərən siyasi mesaj kimi yadda qalıb. Məhz buna görə də cəmiyyətdə qarşılıqlı siyasi həmrəyliyin beynəlxalq təşkilatlarda da eyni prinsip əsasında nümayiş etdirilməsi ilə bağlı gözləntilər yüksəkdir.
Mövcud hadisələr göstərir ki, Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakteri dəyişməz qalsa da, parlament diplomatiyası və beynəlxalq təşkilatlardakı fəaliyyət daim diqqətdə saxlanılmalıdır. Ayrı-ayrı siyasətçilərin fərdi mövqeləri bütöv dövlət siyasəti ilə eyniləşdirilməməlidir. Bununla yanaşı, iki qardaş ölkənin ortaq maraqlarına zidd görünən addımların səbəblərinin diqqətlə təhlil edilməsi, siyasi dialoqun və koordinasiyanın gücləndirilməsi gələcəkdə oxşar anlaşılmazlıqların qarşısının alınması baxımından vacib görünür. Belə bir yanaşma həm strateji tərəfdaşlığın möhkəmlənməsinə, həm də beynəlxalq platformalarda qarşılıqlı dəstəyin daha ardıcıl və effektiv şəkildə nümayiş etdirilməsinə xidmət edə bilər.
Züriyə Qarayeva
Bakı 



