• Bakı C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

Rusiya Abxaziyanı qaytarmaq istəyir, sadəcə... - Nələr gözlənilir?

DÜNYA

28 Noyabr 2024 | 16:38

Rusiya Abxaziyanı qaytarmaq istəyir, sadəcə... - Nələr gözlənilir?

Abxaziya ətrafında cərəyan edən proseslər hələ də davam edir.

Bakvaxtı.az xatırladır ki, bir neçə gün öncə Abxaziyada parlamentdə Rusiya ilə investisiya sazişinin ratifikasiyası ilə bağlı iclas keçirilməli idi. Lakin etirazçılar parlamentin qapısına toplaşıblar. Parlamentin sədri Laşa Aşuba bildirib ki, deputatlara təzyiqlər səbəbindən sessiya təxirə salınıb. Sessiya təxirə salındıqdan sonra etirazçılar parlamentin və prezident administrasiyasının binalarına hücum ediblər. Hələ də Abxaziyada müxalifət nümayəndələri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma böyüməyə davam edir. Rusiya Xarici İşlər Nazirliyi iğtişaşlar fonunda öz vətəndaşlarını Abxaziyaya səfər etməməyə, artıq orada olan rusiyalılara isə imkan çərçivəsində bölgəni tərk etməyə çağırıb.

Maraqlıdır ki, qarşıdakı dövrdə Abxaziyanı nələr gözləyir?

Mövzu ilə bağlı politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, iqtidarın budəfəki hakimiyyət dövrü geosiyasi qarşıdurmanın meydanı şəklində başlayacaq.

Onun sözlərinə görə, seçkidən öncə gürcü hakimiyyətinin yaydığı şaiyələrə əsasən, Rusiya işğal etdiyi əraziləri Gürcüstana geri qaytaracaqdı. Gürcü cəmiyyətinə də bu təlqin edilirdi ki, Qərbdən uzaqlaşmağın kökündə bu amil dayanır:

"Hətta rusiyayönümlü qanunların qəbul edilməsi də bunun nəticəsi idi. Əks halda Gürcüstan Avropa İttifaqı ilə bu qədər yaxınlaşmışkən, Avropa İttifaqına üzv olmaq üçün şansları yüksək ikən birdən nə oldu ki, Gürcüstan hakimiyyəti bundan imtina etdi və bir sıra qərarlar aldı. Məsələn, "xarici agent" haqqında qanun qəbul edildi, Aİ və Qərblə əlaqələr korlandı. Bunun tək izahı işğal edilmiş torpaqların qaytarılması ola bilərdi. Hətta seçki öncəsi Rusiyanın Abxaziyanın büdcə müəssisələrinin maliyyələşməsini dayandırması da bu iddiaları gücləndirirdi”.

Müsahibimiz hesab edir ki, seçkidən sonra Abxaziyada baş verənlər, ilk baxışda, Rusiyanın qeyd edilən iddiaları həyata keçirməsi kimi, yəni Abxaziyanın geri qaytarılması kimi dəyərləndirildi. Lakin məsələnin mahiyyəti tamamilə ayrı mövzu idi:

“Söhbət Rusiyanın Abxaziyanın bir hissəsini öz ərazisinə qatmasından və ora investisiya qoyulması üçün Rusiyanın önünün açılmasından gedirdi. Lakin bu qarşıdurma nəticəsində Abxaziya prezidenti istefa verdi".

Azər Qasımov: Abxaziyanın Rusiyaya birləşməsi məsələsi indiki məqamda mümkün deyil

Politoloq hesab edir ki, Rusiya Abxaziyanı qaytarmaq istəyir, sadəcə qeyd edilən ərazini qaytarmaq istəmir. Həmin ərazidə ermənilərin də yaşadığı qeyd edilir.

"İddiaya görə, bu ərazini Rusiya Qarabağda ermənilərin itirdiyi hesab edilən ərazilərin müqabilində ermənilərə verməklə onların yanında günahlarını yumaq istəyir. Ümumilikdə Abxaziyanın Rusiyaya birləşməsi məsələsi indiki məqamda mümkün deyil. Rusiya bunu etmək istəsə idi, çoxdan edərdi. Belə bir addım Gürcüstanın tamamilə itirilməsi olar. Sadəcə olaraq, Abxaz müxalifətinin istəyi fonunda Abxaziyanın Gürcüstana qaytarılması prosesində rusiyayönlü birilərinin olması Rusiyaya lazımdır ki, gələcəkdə bu əraziləri Gürcüstanda da olsa belə, idarə edə bilsin", - deyə Azər Qasımov qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR