Azərbaycanda debitor borclarla bağlı məsələyə konseptual və kompleks baxılmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində bildirib.
O qeyd edib ki, 2025-ci ildə iri infrastruktur layihələr çərçivəsində qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılmış yeni müqavilələr üzrə avans ödənişləri həyata keçirilib: "Eyni zamanda, ötən il 1 milyard 797 milyon manat keçmiş illərin debitor borcları bağlanılıb, təşkilatların avans qalıqlarına dair məlumatlar təhlil edilib və həmin məlumatlar əsasında zəruri tədbirlərin görülməsi ilə bağlı Nazirlər Kabineti 120 təşkilata müvafiq tapşırıqlar verib.
Nazir həmçinin deyib ki, hesabat ilində istifadə olunmamış investisiya xərcinin əsas hissəsini və ya 334 milyon manatını xarici kreditor qurumlarla birgə maliyyələşmə əsasında həyata keçirilən layihələr üzrə kreditlər təşkil edib: "Proqnozlaşdırma zamanı xarici kreditor qurumların vəsaiti hesabına icra ediləcək layihələr hazırlıq tədbirləri və danışıqlar prosesinin, bəzi kredit sazişlərinin imzalanmasının vaxt alması, habelə zəruri hallarda operativliyin təmin edilməsi məqsədilə optimist ssenarilər əsasında nəzərdə tutulur və cəlb edilən vəsaitlərə uyğun isə icrası təmin edilir".
"Eyni zamanda, hesabat ilində Nazirlər Kabineti "Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Qaydaları"nı təsdiq edib. Qaydalara əsasən, investisiya layihələrinin icra qrafiklərinə uyğunluğunun yoxlanılması, tam və vaxtında həyata keçirilməsinə nail olunması məqsədi ilə müvafiq monitorinqlərin aparılması nəzərdə tutulur", - deyə S.Babayev əlavə edib.
Bakı 



