Müxalifət Dəməşqi ələ keçirdikdən və Əsəd rejiminin sona çatmasından sonra gözlər Suriyanın yenidən qurulması ssenarilərinə dikilib.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadla xəbərinə görə, Suriyanın müharibədən sonrakı bərpası üçün tələb olunan büdcə yüz milyardlarla dollara çata bilər.
Birləşmiş Millətlər Təşkilatının hesabatlarına görə, ölkənin müharibədən sonrakı bərpası üçün tələb olunan büdcə 400 milyard dolları keçə bilər.
“Vision of Humanity”nin məlumatlarına görə, son münaqişələr istisna olmaqla, 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri ölkədəki yaşayış evlərinin 17,5 faizi dağıdılıb.
Hesablamalara görə, münaqişə nəticəsində infrastruktura dəyən ziyan 118 milyard dollara yaxındır.
Dünya Bankının hesabatına görə, qeyri-neft iqtisadiyyatı infrastrukturların dağıdılması, yanacaq və elektrik enerjisinə çıxışın azalması, biznesə inamın aşağı olması və ticarətin pozulması səbəbindən 52 faiz azalıb.
Hesablamalara görə, kənd təsərrüfatı və dövlət sektorları real olaraq 40 faizdən çox azalıb.
Dünya Bankının məlumatına görə, Suriyanın milli gəliri 2021-ci ildə 2010-cu ilə nisbətən 54 faiz azalıb.
Əhalinin 69 faizi isə yoxsulluq həddində yaşayır.
Bildirilir ki, Suriya iqtisadiyyatının bərpası üçün ən azı 10 il lazımdır.
Xüsusilə Avropa İttifaqı, Körfəz ölkələri, Çin, Türkiyə və beynəlxalq maliyyə qurumlarının dəstəyi önəmlidir. Bu dəstəyin nə dərəcədə verilə biləcəyi isə siyasi proseslərdən asılı olacaq.
Murad Məmmədli