• Bakı 22° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Türkiyədə qaz habı layihəsi niyə dayandırıldı? Kreml geri çəkildi, yoxsa...?

CƏMİYYƏT

11 Iyun 2025 | 11:55

Türkiyədə qaz habı layihəsi niyə dayandırıldı? Kreml geri çəkildi, yoxsa...?

Rusiya ilə Türkiyə arasında formalaşması gözlənilən enerji əməkdaşlığı daha bir gözlənilməz dönüş yaşadı.

“Qazprom”un Türkiyədə regional qazpaylayıcı hab yaratmaq planından geri çəkilməsi xəbəri təkcə iqtisadi deyil, həm də siyasi cəhətdən yeni suallar doğurur. Bu layihə Rusiya qazının “Türk axını” və digər alternativ kəmərlər üzərindən Avropaya ötürülməsində yeni mərhələ sayıla bilərdi. Lakin görünən odur ki, layihənin arxasında duran güclər artıq eyni strategiyanı paylaşmırlar.

Rusiya prezidenti Vladimir Putin tərəfindən 2022-ci ilin sonlarında təklif edilən “Türkiyə qaz habı” ideyası ilkin mərhələdə Ankarada müsbət qarşılandı. Türkiyə bu platforma vasitəsilə özünü regionun enerji mərkəzinə çevirmək, qaz qiymətlərinə təsir edən bazar aktoruna dönmək istəyirdi. Bu, həm geosiyasi, həm də iqtisadi baxımdan önəmli hədəf idi. Hətta 2023-cü ilin aprelində Türkiyə qanunvericiliyində dəyişikliklər edilərək habın fəaliyyətinə hüquqi zəmin yaradıldı. Lakin görünən odur ki, Rusiya bu əməkdaşlıqda real təsir imkanlarını itirə biləcəyini anlayaraq layihəni dondurmaq qərarına gəlib.

Nəzarət kimdə olacaqdı?

Layihə üzrə əsas anlaşılmazlıq nöqtəsi məhz “nəzarət” məsələsi olub. Rusiya bu mərkəzin idarəsində aparıcı rolu öz üzərinə götürmək istəyirdi. “Qazprom”un təqdim etdiyi yol xəritəsində də bu açıq şəkildə hiss olunurdu. Türkiyə isə bu platformanın öz ərazisində yaradılacağını nəzərə alaraq, tam siyasi və texniki suverenliyə iddialı idi.

Ortada isə ortaq investisiya məsələsi dayanırdı: nə Rusiya təkbaşına maliyyələşdirmək istəyirdi, nə də Türkiyənin buna imkanı vardı. Rusiya rəhbərliyi başlıca nəzarətə sahib olmayacağı bir layihəyə maliyyə yatırmaqda maraqlı deyildi.

Kreml öz təsir dairəsini genişləndirmək istəmir?

Maraqlı məqam ondan ibarətdir ki, bəzi rus ekspertləri bu qərarı “Ankaranın fürsətdən istifadə edərək Rusiyaya qarşı oynadığı oyun” kimi qiymətləndirir. Bu ittihamların fonunda ortaya çıxan əsas ehtimal isə budur: Kreml Türkiyənin bu layihə vasitəsilə regionda və beynəlxalq miqyasda rolunu daha da artırmasından narahat olub. Türkiyənin enerji mərkəzinə çevrilməsi onun diplomatik təsir imkanlarını da artıracaq, bu isə Moskvanın Cənubi Qafqaz və Balkanlardakı manevr sahəsini daralda bilərdi.

Layihənin dayandırılması xəbəri, elə Rusiya ilə Ukrayna arasında Türkiyənin vasitəçiliyi ilə keçiriləcək növbəti danışıqlar ərəfəsində yayılıb. Bu, sıradan bir qərar deyil və ehtimal ki, diplomatik mesaj daşıyır: Kreml enerji sahəsində kartlarını dəyişir, eyni zamanda Türkiyənin vasitəçilik fəaliyyətinə də “tənzimləyici siqnal” ötürür.

ABŞ faktoru və paralel proseslər

Mümkündür ki, “Qazprom”un bu addımı təkcə Ankara ilə dialoqla bağlı deyil. ABŞ və Avropa İttifaqı enerji təhlükəsizliyi məsələsində Rusiya qazından uzaqlaşmaq kursunu davam etdirir. Rusiya isə bu reallığı nəzərə alaraq öz ixrac siyasətini daha sərt geosiyasi hesablamalara bağlayır. Bloomberg-in yazdığına görə, bəzi hallarda Kreml daxili siyasi mərkəzlərdə formalaşan təşəbbüsləri Qazprom-un istəkləri üzərində tutaraq şirkəti siyasi qərarlara tabe edir.

Rusiya ilə Türkiyə arasında qaz habı planının dayandırılması sadəcə iqtisadi texniki səbəblərlə izah oluna bilməz. Bu, siyasi güc münasibətlərinin, qarşılıqlı təsir ambisiyalarının və diplomatik narahatlıqların toqquşmasıdır. Görünür, enerji geosiyasətində yeni mərhələ başlayır.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR