Bəzi insanlara görə, psixoloqa getmək ayıbdır. Hətta kiməsə övladını psixoloqa aparmasının vacibliyi deyiləndə, “Mən uşağım dəlidir?” sözlərini də eşitmək olar.
Psixoloqa getməkdən, övladlarımızı psixoloq yanına aparmaqdan niyə çəkinirik?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən ibtidai sinin müəllimi Elnarə Qəhrəmanova bildirib ki, bəzən şagirdlərin davranışlarında aqressiya, diqqət dağınıqlığı, həddindən artıq utancaqlıq və ya özgüvən problemi müşahidə olunur. Onun sözlərin görə, belə hallarda valideynlərlə danışıb, uşağın bir psixoloqa ehtiyacı olduğunu deyəndə “Psixoloq nə edəcək ki? Uşaqdır, böyüyəcək, düzələcək” cavabını alırlar. Müsahibimiz bunu çox təhlükəli bir yanaşma sayır. Hesab edir ki, uşaqların psixoloji problemləri vaxtında həll olunmasa, bu, gələcəkdə daha ciddi fəsadlara yol aça bilər. Uşağın sosial həyatı, dərs performansı və hətta böyüyəndə ailə münasibətləri belə təsirlənə bilər:
"Məsələn, davamlı olaraq aqressiv davranışlar göstərən bir uşaq psixoloq dəstəyi almazsa, böyüdükcə bu vərdişi dəyişmək daha çətin olur. Çünki problem həll olunmadıqca daha dərin kök salır. Valideyn bilməlidir ki, psixoloq yalnız ciddi psixi problemləri olan insanlar üçün deyil. Psixoloqlar uşaqların duyğularını anlamağa, problemləri ilə necə mübarizə aparmağı öyrənməyə və onların daha sağlam şəxsiyyət kimi böyüməsinə kömək edirlər".
E.Qəhrəmanova bildirib ki, valideyn övladında diqqət dağınıqlığı, tez-tez əsəbiləşmə, başqaları ilə ünsiyyət çətinliyi və ya özgüvən problemini görüb, “böyüyəcək, düzələcək” deyə görməzdən gəlməməlidir. Bu problemləri vaxtında həll etmək həm uşağın, həm də cəmiyyətin sağlam gələcəyi üçün vacibdir",- deyə müsahibimiz qeyd edib.
Psixoloq Vüsalə Əmiraslanova da öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Həmsöhbətimiz hesab edir ki, son vaxtlar uşaqların psixoloqlara aparılması çoxalıb. Amma buna baxmayaraq, hələ də “psixoloqa niyə gedirik, psixoloq nə edir ki, adi söhbət edir, onu evdə özümüz də edə bilərik” deyə düşünən valideynlər də az deyil:
“Nəzərə almaq lazımdır ki, psixoloq buna illərini sərf edir, təhsilini alır, necə danışmaq lazım olduğunu, təsir etməni, inandırma qabiliyyətinin texnika və metodlarını bilir. Valideynlər bəlkə də hiss etmirlər, lakin uşaqların körpəlikdə yaşadığı hansısa travmaları, qorxuları aradan qaldırmaq üçün psixoloq mütləq lazımdır”.
Psixoloq vurğulayıb ki, uşaqlıqdan edilən müdaxilə gələcəkdə şəxsiyyət probleminin yaşanmasının qarşısını alır, yeniyetməlik dövründə bir çox çətinliklərin öhdəsindən gəlməyi bacarır. Bu səbəbdən psixoloqların uşaqların sağlam, iradəli, özünə inamlı böyüməsində çox böyük rolu olur”.
Vüsalə Əmiraslanova qeyd edib ki, bu mövzuda kifayət qədər maarifləndirici videolar var:
“Valideynlər tez-tez bu videolara baxmalı, məktəb psixoloqları ilə görüşməlirdir ki, “psixoloqa gedən uşaq dəlidir” düşüncəsi tamamilə beyinlərdən silinsin”.
Nuriyyə Musayeva