Millət vəkili Ceyhun Məmmədov Milli Məclisin ötən iclaslarının birində ali təhsil müəssisələrində maaşlar arasında kəskin fərqlərin olması kimi aktual məsələyə toxunmuşdu. Bir neçə il əvvəl universitetlər Publik Hüquqi Şəxs (PHŞ) olanda, bildirilirdi ki, bu, ali təhsil müəssisələrinin müstəqilliyini artıracaq, əməkdaşların maaşlarının artmasına əlavə imkan verəcək.
Amma gözlənilənlərin əksi oldu. Belə ki, əvvəllər ali təhsil müəssisələrində maaş fondu 90% idisə, PHŞ olduqdan sonra maaş fondu azaldı (hətta bəzi ali təhsil müəssisələrində 80 %-ə düşdü).
Son illər sürətli qiymət artımı fonunda ali təhsil müəssisələrində maaş artımı tempi illik real inflyasiya tempindən xeyli geri qalır. Yalnız məhdud sayda ştatların vəzifə maaşına ciddi artım edildi, digərlərinin isə maaşlarında artım hiss olunmadı. Bununla belə elə ali təhsil müəssisələri var ki, daxili imkanlardan maksimum istifadə edərək əməkdaşların maaşlarını yüksəldə bilirlər. Məsələn, AMİU öz əməkdaşlarına daha yüksək maaş verməklə yanaşı, həm də yeni il münasibətilə bütün əməkdaşlara maaşları qədər pul mükafatı verdi. Deməli, universitetlərin ATM rəhbərləri əməkdaşların maddi vəziyyətini yaxşılaşdırmaq istədikdə real imkanlar tapa bilirlər. PHŞ olmaq ali təhsil müssisələrinin nəzarətdən kənar qalması, maaş artımında ayrıseçkilik etməsi deyil.
Elm və Təhsil Nazirliyi ali təhsil müəssisələrində olan bu səpkili məsələləri öz nəzarətində saxlamalı, problemlərin həllinə nail olmalıdır. Professor-müəllim heyətinə biz 400-500 dollar maaş verərərək, 3000-5000 dollar maaş alan Türkiyə və Avropa universitetləri səviyyəsində keyfiyyətli və rəqabətli iş tələb edə bilmərik. Bu mümkün olsaydı son 30 ildə artıq 4-5 universitetimiz TOP -500 universitetlər sırasında olardı bu gün. Hələ ali təhsil müəssisələrində professor-müəllim heyətindən impakt faktorlu əcnəbi jurnallarda məqalələr dərc edilməsi də tələb edilir. Halbuki, belə jurnallarda məqalə dərci üçün redaksiyalara kifayət qədər pul ödənilməlidir.
Elm və Təhsil Nazirliyinin nəzdində yaradılacaq yeni “Elm və Ali Təhsil” Agentliyi bu məsələlərin həllini diqqətdə saxlamalıdır.
Bakıvaxtı.az