İyunun 1-də saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub.
Hadisə nəticəsində bir məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlunun 02.06.2025-ci il tarixdə aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Mövlam Mustafayev 2020-ci ildə həbs edilib. O, qonşusunu öldürməkdə ittiahm edilib.
İstintaq materiallarına görə, Mövlam Mustadayev 2020-ci il iyulun 10-da Ucarın Yuxarı Şilyan kəndində yerləşən yaşayış evini və həyətyanı sahəsini su ilə təmin etmək üçün Bağman kəndindəki su arxının bəndini açıb, sonra yaşadığı evə tərəf qayıdıb. Mövlam Mustafayev saat 9 radələrində yaşadığı kənddə "Baba Məhərrəmli" məhəlləsində "Gülnisə" adı ilə tanınan bərənin yanında qonşusu Qəzənfər Musayevin onun həyətinə doğru axan suyun qarşısını kəsməyə çalışdığını, suyu öz torpaq sahəsinə istiqamətləndirdiyini görüb, ona etirazını bildirib.
Bu zaman Qəzənfər Musayev onun və ailəsinin ünvanına nalayiq sözlər deyib. Bundan əsəbiləşən Mövlam Mustafayev əlində saxladığı belin sapı ilə yarımbükülü vəziyyətdə iş görən Qəzənfər Musayevin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Qəzənfər Musayev aldığı xəsarətlərin təsirindən hadisə yerində ölüb.
İstintaq orqanı tərəfindən Mövlam Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mövlam Mustafayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.