• Bakı 29° C

    2.31 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

ETİ: Azərbaycanda taxıl sahələrinin 60 %-i yerli sortlarla əkilib
CƏMİYYƏT
05 Avqust 2025 | 14:37

ETİ: Azərbaycanda taxıl sahələrinin 60 %-i yerli sortlarla əkilib

Bu mövsüm Azərbaycanda ümumilikdə 986 min hektar sahədə taxıl əkilib və həmin sahələrin təxminən 60 %-ində Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ETİ) alimləri tərəfindən yaradılmış yerli sortlardan istifadə olunub.

Bu barədə Bakıvaxtı.az ETİ-nin direktoru Faiq Xudayeva istinadən xəbər verir.

O bildirib ki, taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün ilk və ən vacib mərhələ düzgün toxum seçimi ilə bağlıdır:

“Hazırda institut tərəfindən ölkənin müxtəlif bölgələrinin torpaq-iqlim şəraitinə uyğun, biotik amillərə davamlı və adaptiv xüsusiyyətlərə malik yeni sortların yaradılması istiqamətində seleksiya tədqiqatları aparılır”.

F. Xudayevin sözlərinə görə, aqrar sahə də qloballaşan dünyanın yaratdığı yeni çağırışlarla üz-üzədir: “Buna görə də həm mövcud, həm də gələcək tələblərə cavab verən, daha dayanıqlı və məhsuldar sortların yaradılmasına ehtiyac var. Azərbaycanda əkin sahələrinin əksəriyyəti ya dəmyə, ya da məhdud suvarma şəraitində yerləşir. Belə şəraitdə yüksək məhsuldarlığa nail olmaq üçün müasir texnologiyaların tətbiqi və sürətli seleksiya metodları xüsusi önəm daşıyır”.

O qeyd edib ki, ənənəvi seleksiya üsulları ilə yeni sortun yaradılması təxminən 15 il çəkir və bu, sürətlə dəyişən dövrün tələblərinə cavab vermir: “Bu səbəbdən institut qarşıya məqsəd qoyub ki, klassik metodlardan genetik səviyyədə tədqiqatlara və sürətli seleksiya texnologiyalarına keçid etsin. Hibridləşmə yolu ilə bir ildə nəsil əldə etmək mümkündür və bu yanaşma ilə yeni sortların 5-6 il ərzində yaradılması nəzərdə tutulur”.

ETİ-nin direktoru əlavə edib ki, bu yanaşma həm elmi effektivliyi artıracaq, həm də fermerlər və digər sifarişçilərin artan tələblərinə daha çevik cavab verilməsinə şərait yaradacaq.


SON XƏBƏRLƏR