Cənubi Qafqaz regionu son illərdə ciddi geosiyasi transformasiyalara səhnə olub. Azərbaycan ilə Ermənistan arasında onilliklər boyunca davam edən münaqişə və 2020-ci ilin payızında baş verən İkinci Qarabağ müharibəsi bu proseslərin dönüm nöqtələrindən biri kimi qiymətləndirilir.
Müharibədən sonra yaranmış yeni reallıqlar, regionda sülh və sabitliyin təmin olunması zərurətini daha da aktuallaşdırıb. Bu baxımdan, Azərbaycan və Ermənistan liderləri arasında baş tutan və davam etməkdə olan birbaşa təmaslar, xüsusilə dövlət başçıları səviyyəsində keçirilən görüşlər beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçiriləcəyi barədə məlumatın rəsmi şəkildə təsdiqlənməsi bu kontekstdə mühüm siyasi hadisə kimi dəyərləndirilir. Sözügedən görüşün neytral məkanda - üçüncü bir ölkənin ev sahibliyi ilə baş tutması isə prosesə beynəlxalq vasitəçilik və qarant mexanizmlərinin dəstəyi ilə obyektiv yanaşmanın formalaşdığını göstərir.
Görüş tərəflər arasında davamlı dialoqun qurulması və sülh sazişi istiqamətində danışıqların intensivləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Regionda uzunmüddətli sabitliyin bərqərar olması üçün qarşılıqlı siyasi iradənin və konkret hüquqi mexanizmlərin təşəkkül tapması zəruridir. Elə bu səbəbdən, tərəflərin bir daha bir masa arxasında əyləşməsi yalnız diplomatik gündəmin deyil, həm də gələcək regional təhlükəsizlik arxitekturasının formalaşmasında həlledici məqam kimi qiymətləndirilir.
Mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri arasında bu dəfə keçiriləcək görüşün rəsmi şəkildə təsdiqlənməsi mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə, bu görüş ikitərəfli təmasların davam etdirilməsi baxımından Azərbaycanın mövqeyini ifadə edir. Seçilən məkanın neytral xarakter daşıması isə ölkəmizin indiyədək yürüdüyü strateji xəttə tam uyğun gəlir:
"Görüşün konkret nəticələrə gətirib çıxaracağı ilə bağlı öncədən fikir bildirmək çətindir. Bu istiqamətdə ehtimallar irəli sürmək də hazırkı mərhələdə məqsədəuyğun sayılmamalıdır. Çünki Azərbaycan tərəfinin irəli sürdüyü şərtlər, bu şərtlər çərçivəsində atılacaq addımların miqyası və ardıcıllığı artıq bəllidir".
Elçin Mirzəbəyli, Milli Məclisin deputatı
Onun sözlərinə görə, son dövrlərdə Ermənistan tərəfindən bir sıra konstruktiv bəyanatlar səsləndirilir. Eyni zamanda, sülh prosesinə mane olan bir sıra amillərin aradan qaldırılması istiqamətində də müəyyən addımlar müşahidə olunur. Bunun nə dərəcədə davamlı olacağını isə zaman göstərəcək:
"Qənaətimə görə, bütün hallarda belə bir ikitərəfli görüşün keçirilməsi yekun sülh sazişinin əldə olunması istiqamətində atılmış mühüm addımlardan biri kimi dəyərləndirilə bilər".
Əli Hüseynov