Gürcüstanın hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan və Ermənistanın Rusiya orbitindən qopmasından yazıb.
Bakıvaxtı.az-ın məlumatına görə, o qeyd edib ki, Cənubi Qafqazda baş verənlər Rusiyanın Ukraynada zəifləməsinin birbaşa nəticəsidir:
“Uğursuz müharibədən sonra 2011-2012-ci illərdə mənim etmədiyimi Paşinyan Ermənistanda etdi, erməni İvanişvilini – milyarder Karapetiani həbs etdi. Paşinyan rəsmi olaraq Avropa İttifaqına üzvlük üzrə kurs keçdi”, – Saakaşvili bildirib.
“Bakı NATO ilə əməkdaşlığa başlayıb, Azərbaycan Rusiyanı birbaşa təhdid kimi görür və siyasi, iqtisadi, mədəni məkanını Rusiya təsirindən təmizləmək üçün fəal addımlar atır. Bundan əlavə Azərbaycan və Ermənistan yaxınlığı başlayıb ki, bu da Rusiyaya ən ağır zərbədir”.
M.Saakaşvilinin iddialarını Bakıvaxtı.az-a şərh edən hərbi-siyasi ekspert Həşim Səhrablı qeyd edib ki, sabiq prezidentin bu fikirlərində həm həqiqət payı, həm də şişirtmə var:
“Həqiqətən də həm rəsmi Bakı, həm də rəsmi İrəvan son dövrlərdə xüsusən də son 1-2 ay ərzindəki atdıqları xarici siyasi addımlarda xarici dairələrin təsirindən deyil, öz maraqlarından çıxış etməyə başlayıblar. Artıq nə Vaşinqtonun dediyi əsas sayılır, nə də Moskva və digərlərinin.
Tərəflər çalışırlar ki, Azərbaycan və Ermənistan münasibətləri ikili konteksdə normallaşdırsın və ortaq nöqtələr tapılsın. Paşinyan iqtidarı dünya siyasətini anlayır, görür ki, regional balanslar dəyişməlidir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-Türkiyə müttəfiqliyi Cənubi Qafqazın siyasi həyatının yeni aktoruna çevrilib”.
Müsahibimiz qeyd edib ki, hazırda Cənubi Qafqazda yeni status-kvo yaranıb. Dediyinə görə, Ermənistan-Rusiya müttəfiqliyi öz təsiri gücünü Azərbaycan-Türkiyə müttəfiqliyinə uduzub:
"Belə olan halda isə kiçik erməni dövlətini qoruyub saxlamaq daha vacibdir, nəinki “böyük”, “dənizdən-dənizə Ermənistan” xülyasına qapılmaq. Bu mənada Ermənistan tərəfi rəsmi Bakı ilə ikili kontekstdə məsələlərin həllini tapmağa çalışır. Bu siyasət Azərbaycanın 30 ildir, Ermənistana doğru yol kimi göstərdiyi həqiqət olduğuna görə rəsmi Bakı bu məsələdə uğurlu irəliləyiş təmin edilməsi üçün bütün diplomatik kanallarını açıb. Ermənistanla ikili müzakirələri davam etdirir. Bu nöqtədə Saakaşvili haqlıdır ki, Azərbaycan və Ermənistan Rusiyadan təsirləri azlatmağa çalışır".
Qeyd edək ki, Azərbaycanla Rusiya arasında iqtisadi layihələr var. Ermənistan iqtisadiyyatı isə Rusiyadan əhəmiyyətli dərəcədə asılıdır. Belə olan halda rəsmi İrəvan müstəqilləşmə siyasətini sona qədər davam etdirə biləcəkmi?
H.Səhrablı bildirib ki, hələ 1998-ci ildən Azərbaycanın Rusiyadan keçən enerji xətlərinə alternativ Bakı-Tblisi-Ceyhan layihəsinin işə salınması, sonra TANAP və TAP-ın üzərində işlənilməsi, bu gün dünyəvi əhəmiyyti ilə seçilən “Bir kəmər, bir yol” layihəsi və onun ən önəmli həlqələrindən “Orta dəhlizə” qoşulması Azərbaycanın iqtisadi müstəqlliyini təmin etmək istəyinin təcəssümüdür:
"Ermənistan tərəfi də bunu gec də olsa, anladı. Onlar başa düşürlər ki, ölkə iqtisadiyyatının 80-90 faizinin Rusiyanın əlində olması əslində ölkənin iqtisadi suverenliyinə təhdiddir. Ermənistanın siyasi, hərbi cəhətdən də müstəqil addımlarını əngəlləyir. Birdən-birə Rusiyanın Erməniatana qarşı iqtisadi təzyiq həyataka keçirməsi kifayət edər ki, siyasi və hərbi cəhətdən atılan addımlar uğurula nəticələnsin. Ermənistan anlayıb ki, Zəngəzur dəhlizi farsların, rusların, erməniləri çaşdırdığı kimi, onların zərərinə olan layihə deyil. Bu dəhliz onları şərqdən qərbə tranzit layihələrində tərəfə çevirəcəck, ona yeni iqtisadi-dvidendlər qazandıracaq. Ən əsası Zəngəzur dəhlizi Ermənistanın Türkiyə və Azərbaycanla siyasətini yumşaltması, sərhədlərin açılması ilə blokadadan çıxması üçün effektiv bir layihədir".
Müsahibimiz vurğulayıb ki, Azərbaycan və Ermənistan Rusiyaya qarşı addım atmırlar. Onun sözlərinə görə, Azərbaycanın elə bir məqsədi yoxdur ki, Rusiyaya qarşı açılan cəbhədə yer alsın:
"Azərbaycan tərəfi müstqəillik əldə etdiyi ilk gündən indiyə qədər balans qurmağa çalışıb. Azərbaycan dinc, bərabərhüquqlu, əməkdaşlığa söykənən bir iş birliyinə dayanan münasibətlər sistemi qurmaq istəyir. Rusiya da həmin dövlətlərdən biridir. Amma vaxtaşırı Rusiydan Azərbaycana qarşı addımların atılması, müxtəlif vasitələrlə Azərbaycanın Rusiyadan asılı vəziyyətə salınması istiqamətində olan cəhdlər Azərbaycan-Rusiya münasibətlərini zaman-zaman sual altına qoyur. Xarici siyasətdə bu dövlətlər arasında ziddiyyətlər yaranır. Saakaşvilinin şişirtdiyi məqam da budur. Bu addımların heç bir rəsmi Bakının addımları deyil. Əskinə rəsmi Bakı dəfələrlə Kremlə çağırış edib ki, bizə qarşı radikal, imperialist addımlardan əl çəkin. Münasibətlər qarşılıqlı şəkildə əməkdaşlıq və iş birliyi çərçivəsində olsun. Sadəcə Rusiya imperialist maraqlardan çıxış etdiyi üçün yeni sivil dünyaya adaptasiya oluna bilmir. Azəbaycana qarşı addımlar atdığı üçün Azərbaycan da özünün müdafiə mexanzimini işə salır. Addımlara cavab verir. Saakaşvili də bunu şişirdir və bunu Azərbaycanın Rusiyaya qarşı addımları kimi təqdim edir. Rusiya Azərbaycana qarşı niyyətindən çəksə, rəsmi Bakı bu ölkə ilə əməkdaşlıq və tərəfdaşlığa söykənən ikitərəfli münasibətləri inkişaf etdirəcək”.
Həşim Səhrablı: Rusiyanın Ukraynada güc ititrməsi Cənubi Qafqaza dvidendlər qazandırır
Cənubi Qafqazı Rusiya təsirindən xilas etməyin yollarından da danışan ekspert deyib ki, bu gün Cənubi Qafqazda baş verənlər diqqətçəkən hadisələrdir. Bu antiimperial hərəkata güc verə bilər. Cənubi Qafqaz son illər Rusiyanın təsirində əzilir. Cənubi Qafqazın xalqlarının haqları tapdanır və orada sadəcə bir mərkəzin-Rusiyanın maraqları müdafiə olunur:
"Bundan qurtulmaq üçün ideal fürsət yaranıb. Rusiyanın Ukraynada bataqlığa çəkilməsi və güc itirməsi nəticəsində Cənubi Qafqaz gələcəyini daha yaxşı təməllər üzərində inşa etmək üçün iqtisadi, siyasi və hərbi dvidendlər əldə edib. Bunları maksimum dəyrləndirmək və Cənubi Qafqaz ölkələrinin həm birlikdə, həm də ayrı-ayrılıqda iqtisadi, siyasi və hərbi sahədə müstəqilliyini təmin etmək lazımdır".
Həmsöhbətimiz qeyd edib ki, bunun üçün Gürcüstan və Ermənistan Azərbaycanın nümunə ola biləck siyasətini izləməsi lazımdır. Bu gün rəsmi Tiflis çalışmalıdır ki, Rusiya ilə düşmən yox, ikili münasibətlər sisteminə keçsin. Avropa, Amerika və Çinlə əlaqələrini yaxşılaşdırsın:
"Ən əsası Ermənistan iqtisadi müstəqlliyini təmin etmək üçün əməli addımlar atmalıdır. Ermənistandakı Gümrü hərbi bazası nəyə lazımdır axı?! Bu Ermənistanın maraqlarına uyğundurmu? Xeyr. Gümrü bazası bağlanmalıdır və Ermənistan Rusiyaya qarşı hərbi cəhətdən daha müstəqil davranmalıdır. Eyni zamanda bu gün Ermənistanda kilsə vasitəsilə din üzərindən siyasətə müdaxiləyə son qoyulmalıdır. Bundan sonra Saakaşvilinin dediyi kimi, Cənubi Qafqazda başlamış və uğurla davam edən imperiyadan qurtulma siyasəti daha müstəqil, daha güclü olacaq. Bu istiqamətdə addımlar atılır, yeni dünya düzəninin formlaşmasında güc mərkəzlərinin qarşıdurmaları şiddələnəcək".
H.Səhrablı ehtimal edir ki, Qərb və Rusiya Ukraynada, Tayvan və Sakit Okean hövzəsində Çin-ABŞ qarşıdurması şiddətlənəcək. Bu reallıqda böyük güclər yalnız Cənubi Qafqaza yox, digər müstəmləkə siyasətinin qurbanı olan ərazilərə də təsir riçaklarını itirəcəklər. Onların başı qarışacaq, eyni zamanda Rusiyanın Cənubi Qafqaza müdaxiləsi bir növ ikinci plana keçəcək. Çünki Şərqi Avropada ciddi problemlər mövcuddur, imperiya maraqlarının qorunması və dünyəvi hegemonluq uğrunda mübarizə Kreml üçün daha prioritetdir:
"Bu boşluqda Cənubi Qafqaz ölkələri özlərini iqtisadi, siyasi və hərbi cəhətdən daha müstəqil tərəflərə çevirib, əhəmiyyətli alt yapı hazırlaya bilərlər".
Aydın Baxış