Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Qəzza zolağında münaqişə həll olunana qədər İsrailə gedən və ya onunla əməkdaşlıq edən şirkətlər tərəfindən idarə olunan gəmilərə hücumlarını davam etdirəcəklər.
Bakıvaxtı.az “Al Masirah” telekanalına istinadən xəbər verir ki, bu barədə üsyançıların lideri Əbdül Malik əl-Husi bildirib.
“Bəzi gəmiçilik şirkətləri qadağalarımızı pozmağa başlayıb və blokadaya məhəl qoyula bilməyəcəyini düşündüklərindən Umm ər-Rəşraş limanına (Eylat şəhəri - red.) daşınmalar həyata keçirməyə başlayıblar. Pozuntuya yol vermiş şirkətlərə məxsus iki gəminin batırılması ilə nəticələnən əməliyyatlar İsrailin Qəzzaya qarşı təcavüzü başa çatdırılmayınca və anklavın blokadasını aradan qaldırmayınca İsrail istiqamətində gəmiçiliyin qadağan olduğunu təsdiqləyir”, - o deyib.
Əl-Husi xatırladıb ki, yəmənli üsyançıların Ədən körfəzi, Qırmızı dəniz və Ərəbistan dənizi suları vasitəsilə gəmiçiliyi qadağan etmək qərarı ləğv edilməyib və İsrail ordusu Qəzzada əməliyyatı dayandırana qədər qüvvədə qalacaq.
“Qırmızı dənizdə baş verənlər aşkar dərsdir: Düşmən İsrail ilə işləməyə davam edən bütün gəmiçilik şirkətləri sərt tədbirlərlə üzləşəcək”, - deyə əl-Husi fikrini yekunlaşdırıb.