Avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında görüş olub. Görüş zamanı tərəflər sülh sazişini paraflayıblar. Zəngəzur dəhlizinin açılması və dəhlizin Ermənistan ərazisinə düşən 42 kilometrlik ərazisinin 99 illiyinə ABŞ-nin nəzarətinə verilməsi razılaşdırılıb.
Görüşdən sonra sosial şəbəkələrdə Qərbi Azərbaycan İcmasının ləğv ediləcəyi ilə bağlı iddialar yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az məsələ ilə bağlı deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Əziz Ələkbərli bildirib ki, son günlər mətbuatda Qərbi Azərbaycanla bağlı qurumların, o cümlədən Qərbi Azərbaycan İcmasının buraxılacağı barədə yayılan məlumatlar və onun Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri olaraq guya bu barədə kimlərəsə müsahibə verməsi tamamilə qondarma xəbərdir:
"İcma rəhbəri olaraq rəsmən bildirirəm ki, Qərbi Azərbaycan İcmasının Qayıdış ideyası Azərbaycan və Ermənistan arasında münasibətlərin gərginləşməsinə yox, əksinə, bu münasibətlərin etibarlılığının möhkəmlənməsinə xidmət edir, çünki bu ideyanın təməlində həm də Azərbaycan və erməni xalqlarının birgəyaşayış prinsipi dayanır".