Xankəndi-Ağdam yoluna hər iki istiqamətində beton pilitələr qoyulub. Yolun bəzi hallarda müvəqqəti açıldığı, sonradan yenə bağlanıldığı qeyd olunur. Belə olan halda Ağdamdan Xankəndi və əksinə hərəkət edən şəxslər yararsız yoldan istifadə etmək məcburiyyətində qalırlar.
Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Teleqraf-a açıqlama verib.
O qeyd edib ki, Xankəndi-Ağdam asfalt yolu hələ sürücülərin istifadəsinə verilmə bilməz.
Qurumun sözçüsünün sözlərinə görə, yolda işlər hələ davam edir, nişanlar quraşdırılmayıb, yol xətləri çəkilməyib:
“Bu işlər icra olunmamış yol açıla bilməz. İnsanlar daha qısa yolla mənzil başına çatmaq istəyirlər, amma orada təhlükəsizlik tədbirləri görülməlidir. Əyri xəttin dəmir tilləri, yol kənarında, yol ayrıcında yol nişanlarının quraşdırılması, üfüqi nişanlama xətlərinin çəkilməsi yəni, bu proses tam yekunlaşandan sonra sürücülərin istifadəsinə verilməsi mümkündür. Təhlükəsizlik tədbirləri görülmədən orada necə gəldi yolu açıb istifadəyə vermək düzgün və mümkün deyil”.
O əlavə edib ki, ərazidə işlər yekunlaşmadığı üçün texnikalar da fəaliyyət göstərir və yol açıq olsa belə, texnikaların hərəkəti təhlükəsizlik baxımından düzgün deyil.
Bakı 











