"Bizə oğlumun xəstə olduğu barədə məlumat veriləndən sonra hospitala getdik. Xəstələndiyini də məhz orada öyrəndik".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Musavat.com-a mərhum əsgər 21 yaşlı Əli Cəfərovun atası, Gəncə Dövlət Dram Teatrının rəssamı Vahab Cəfərov bildirib.
"Oğlumu yalnız kənardan göstərdilər. Ağır vəziyyətdə idi. Dörd gün sonra isə onu itirdik. Təəssüf ki, həmin vaxt Əli ilə danışa bilmədim", - deyə ata əlavə edib.
Məlumata görə, Əli Cəfərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsinin məzunu olub. O, Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçirmiş. 5 ay əvvəl hərbi xidmətə çağırılan gənc əsgər dekabrın 15-i Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında pnevmoniyadan vəfat edib. Əlinin nəşi dekabrın 17-si Gəncəyə gətirilərək torpağa tapşırılıb. Atasının sözlərinə görə, ailə oğlunu sonuncu dəfə məhz hospitalda görüb, lakin onun vəziyyəti kritik olduğundan ünsiyyət qurmaq mümkün olmayıb.
Hərbi Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlik səbəbindən müalicə aldığı hospitalda vəfat etməsi faktı üzrə Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri həyata keçirilir: "Ölümün səbəbinin dəqiq müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib. Faktla bağlı araşdırma hazırda davam etdirilir".
Bakı 












