• Bakı 18° C

    7.04 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Arıqlama çaylarının zərəri xeyrindən çoxdu

CƏMİYYƏT

13 Yanvar 2022 | 19:20

Arıqlama çaylarının zərəri xeyrindən çoxdu

İndi əksəriyyət arıqlamaq üçün daha çox arıqlama çaylarına üstünlük verir. Ancaq bu çaylar hədəfə çatmaqla yanaşı mənfi nəticələr də verir.

Fərrux Nağıyev: Bitki çayı içib qaraciyər dəyişikliyinə gedən xəstələr görmüşəm

Fərrux Nağıyev

Qastroenteroloq-hepatoloq Fərrux Nağıyev Bakıvaxtı.az-a bildirib ki, arıqlama və bitki çayları bəzi hallarda, hətta qaraciyərin transplantasiyasına da səbəb olur: “Yəni, qaraciyər dəyişməyə gətirib çıxarır. Buna kəskin qaraciyər çatışmazlığı deyilir. Bu çayların tərkibində bəlli olmayan toksik maddələr var. Onlar da qaraciyərə zəhərli təsir göstərir. Qaraciyər öz funksiyasını itirir”. Həkim qeyd edib ki, normal olan adamda qısa müddətdə qaraciyər testləri 50 dəfəyə qədər yüksəlir, laxtalanma pozulur, hətta bəzən qaraciyərə bağlı ensefalopatiya adlanan beyin çatışmazlığına gətirib çıxarır: “Yəni, o dərəcədə problemlər yaradır. Mən özüm Türkiyədə işləyəndə bitki çayı içib qaraciyər dəyişikliyinə gedən xəstələr görmüşəm. Qaraciyər dəyişdikdə qısa müddətdə xəstəni itirirsən. Düzdür, bəzi zəhərlənmələr, mədəyə toksit təsirlər olur ki, qarşısını almaq olur. Amma ən ağırı qaraciyərin kəskin zədələnməsidir”.

Eyyub Hüseynov: Arı, ot, çay, it-pişiklə insan sağaldan ara həkimlərinə demək lazımdır ki…

Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a bildirib ki, hazırki dövrdə və son yüzillikdə klassik təbabətlə akademik təbabət bir-biri ilə ciddi rəqabətdədir: “Əlbəttə, akademik təbabət xalq təbabətindən mümkün olan hər şeyi götürüb. Xalq təbabəti, akademik təbabətdən qədimdir. Akademik təbabət əsrlər boyu xalq təbabətində nə varsa hamısını götürüb. Bu cür çay, qurbağa, ilan, zəli və otlarla insanları guya çoxsaylı xəstəliklərdən müalicə edən “həkimlər”ə mənim bir sualım var: nə üçün onlar bu müalicələri ilə Nobel mükafatına layiq görülmürlər?! Əgər etdikləri doğrudursa, hətta Azad İstehlakçılar Birliyi də onlara dəstək ola bilər. Bakıvaxtı.az saytı vasitəsilə ikinci sualım odur ki, akademik tibbin hansı resursları çatmır ki, xalq təbabətində istifadə olunanları mənimsəyib akademik təbabətə tədbiq etməsinlər? Əlbəttə, akademik təbabətin kifayət qədər laboratoriyaları, pulları, mütəxəssisləri və alimləri var. Nə çatmır?! Ona görə də, mən birmənalı şəkildə deyirəm ki, indiki şəraitdə bütün dünyada xalq təbabəti adı altında fəaliyyət göstərənlər istehlakçıları aldadırlar. İnsanlar bir dərdə düçar olanda hər yerə üz tutur, o cümlədən, guya mövcud olan xalq təbabətinə də. Bu cür hər şeyə dərman tapan xalq təbabətçiləri yalançı həkimlərdir”.

Onun sözlərinə görə, hər kəsə dərman olan şey, deməli, heç kəsə dərman deyil: “Hər kəsi sağalda bilən həkim, deməli, həkim deyil. Təsadüfi deyil ki, 8 il bundan öncə ofisimizdə bir həkimin çoxsaylı qəzetlərdə yayılmış reklamı asılmışdı.O həkim reklamlarda 10-a qədər xəstəliyin əlamətlərini sayırdı və axırda saydığı xəstəlikləri sağalda biləcəyini qeyd edirdi. Axırda da bildirirdi ki, xəstə gəlməsə də olar, mən onun şəklinə baxıb diaqnoz qoyacağam. Mən bu elanı aparın Tibb Universitetində həkimlərlə görüş keçirdim. Dedim, siz nə üçün “üç muşketyor” qanunu ilə hərəkət edirsiniz, birimiz hamımız, hamımız birimiz üçün?! Nə üçün gedib onun qapısını döymürsünüz ki, sən kimsən təbabət elminə meydan oxuyursan?! Təəssüf ki, Azərbaycan həkimləri birimiz hamımız, hamımız birimiz üçün prinsipi ilə işləyirlər. Kim kimi harda, necə aldırsa, o tayfanın hamısı bir-birinin əməllərini ört-basdır edirlər. Bu hallardan biri də cürbəcür qurd, arıqlama və s.-lə bağlı dərmanlarda olur. Bu, bütün dünayada mövcuddur, o cümlədən, doğma Azərbaycanımız da bundan yan keçməyib. Ona görə, bizim əsas vəzifəmiz insanları maarifləndirməkdir ki, akademik təbabətə inansınlar”.

E.Hüseynovun sözlərinə görə, arı, ot, çay, it-pişiklə insan sağaldan ara həkimlərinə demək lazımdır ki, buyurub işinizi təqdim edin farmakologiyaya: “Farmakologiya onu mənimsəyib müəyyən həb şəklinə gətirsin və s. Bunlar hamısı yalançı təbabətdir. AİB-in sədri olaraq mən birmənalı şəkildə bunları inkar edirəm. Amma, təəssüf ki, bütün dünyada var. Biz onların bir çoxunu dəfələrlə ifşa etmişik. Bizə illər boyu gələn şikayətlər arasında biz vəziyyətə düşən, əziyyət çəkən insanlar olub. Belə hallar mövcuddur. İnsanlar bu kimi hallardan uzaq olmalıdırlar. Bəzən əlacsızlıq, bəzən də həkimlərə inamsızlıqdan edirlər bunu. Ona görə də, həkimlər etibarlı olmalı, bu kimi halları ifşa etmək üçün addım atmalıdırlar”.

Aytac Aslan


SON XƏBƏRLƏR

03 May 2025