• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

"4-5 saat dərs oxumaqdansa..."- MİT-i qazanmış azərbaycanlı gəncin UĞUR DÜSTURU

MÜSAHİBƏ

21 Mart 2022 | 11:55

4-5 saat dərs oxumaqdansa...- MİT-i qazanmış azərbaycanlı gəncin UĞUR DÜSTURU

Bugünlərdə astaralı gənc Salman Hüseynov öz uğuru ilə bütün Azərbaycanı sevindirib. Belə ki, kimya fənni üzrə Respublika və Beynəlxalq olimpiadaların qalibi Salman Hüseynov Massaçusets Texnologiya İnstitutuna qəbul olub. O, Astara rayonu, Pensər kənd Z.Ə.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin şagirdidir.

Salman Hüseynovun Bakıvaxtı.az-a müsahibəsini təqdim edirik:

- Universitetə qəbul xəbərini alanda hansı hissləri keçirdiniz?

- Çoxlu hisslərin qarışığı. Ən dominant olan hiss rahatlıq hissidir deyərdim. Düşünürəm ki, universitet təhsili mənim həyatımda vacib hissələrdən biri olacaq, və bu illəri MIT-də keçirə bilmək şansı mənə bir qədər arxayınlıq hissi verdi, ən azından qısa müddətliyinə.

- Qəbulu gözləyirdiniz, yoxsa gözləmədiyiniz bir şey oldu?

- Şagirdlərin nəticələri biləcəyi tarix açıqlandıqda içimdən bir hiss qəbul olacağımı deyirdi. Amma obyektiv olaraq düşündükdə öz, həm də valideynlərimin gözləntilərimi mümkün qədər aşağı saxlamağa çalışırdım.

- Hazırlaşdığınız fənn və ixtisasa hardan maraq yarandı?

- Kimya elminə marağım yəqin ki, atamdan gəlir. O, kimya müəllimidir və mən böyüdükdə də ətrafımda bu elm daima olub. Həmçinin kimyanı öyrənməyə başladıqda da mənə öz balanslı təbiəti ilə maraqlı gəldi. Düzdür, bunu demək kimyanı kiçik adlandırmağa bənzəyir və bu, doğru deyil, amma kimya sanki fizika və biologiya arasında bir körpüdür.

- Neçə ildir hazırlaşırsınız?

- Universitetə hazırlaşmaq uzun müddət əsas məqsədim olmayıb. Amma 7-ci sinifdən bəridir ki, olimpiadalara hazırlaşıram və 8-ci sinifdən başlayaraq bu yarışlarda iştirak etmişəm.

- Hazırlıq müddətində belə böyük bir uğuru qazanmaq üçün hansı öyrənmə metodundan istifadə edirdiniz?

- İllər əvvəl atamın məsləhətini alaraq vacib məlumatları qeyd edərək öyrənməyə başladım. Düşünürəm ki, bu metod kifayət qədər məşhurdur və geniş istifadə olunur. Bir də dərs oxumağa müəyyən vaxt ayırmaqdansa materialın yükünə uyğun olaraq vaxt ayırmağı məsləhət görərdim. Yəni, 4-5 saat dərs oxumaqdansa dərsi mənimsəyənə qədər oxumaq daha düzgündür. Bundan əlavə, bu proses boyunca effektiv qalmaq üçün istirahət və psixoloji sağlamlığa fikir vermək çox vacibdir.

- Gələcəkdə təhsilinizi necə davam etdirmək fikriniz var?

- Gələcək barədə çox da dəqiq planlarım yoxdur. Universitet olaraq MIT-i, ixtisas olaraq isə mühəndislik sahələrindən birini seçəcəyimi deyə bilərəm. Həmçinin kimyadan təcrübəmi istifadə edə biləcəyim bir sahədə fəaliyyət göstərmək istərdim.

- Xəyalınızda olan iş hansıdır?

-  İşin nə olduğunu deyə bilmərəm, amma bilirəm ki, qlobal səviyyədə pozitiv bir təsir yarada biləcəyim bir sahədə çalışmaq istərdim.

- Son olaraq, sizin kimi uğurlu olmaq üçün çalışan abituriyentlərə nə demək istərdiniz?

- Məncə, dərslərə diqqət yetirmək çox təkrarlanan bir məsləhətdir. Ona görə demək istəyirəm ki, şagirdlər sevdikləri sahələrə fikir versinlər və dediyim kimi, sağlamlıqlarının qeydinə qalsınlar.

Aytac Aslan


SON XƏBƏRLƏR

25 Aprel 2024