ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyat və Nikolas Maduronun tutulması beynəlxalq gündəmdə ciddi rezonans doğurub. Bu addım Vaşinqtonun Latın Amerikasına münasibətdə ənənəvi təsir və müdaxilə siyasətinin davamı kimi qiymətləndirilir.
Məsələ ilə bağlı politoloq Turan Rzayev Bakıvaxtı.az-a açıqlamasında ABŞ-nin bu müdaxiləsinin regionda anti-Amerika ovqatını gücləndirə biləcəyini bildirib.
Politoloq qeyd edib ki, ABŞ Venesuelada genişmiqyaslı klassik hərbi əməliyyat həyata keçirməyib, əksinə, bu proses məhdud səviyyəli və yüksək gizliliklə icra olunan xüsusi əməliyyat xarakteri daşıyıb. Onun sözlərinə görə, əməliyyat ABŞ-nin ən elit hərbi birləşmələrindən olan Delta Force timləri tərəfindən həyata keçirilib və bu da müdaxilənin miqyasının məhdud olduğunu göstərir.
Turan Rzayev qeyd edib ki, buna baxmayaraq, hadisə həm müasir beynəlxalq münasibətlər sistemi, həm də dünya siyasi tarixi baxımından unikal presedent hesab oluna bilər. ABŞ-nin bir gecə ərzində başqa bir dövlətin prezidentini və onun həyat yoldaşını ölkədən çıxarması beynəlxalq praktikada nadir hallarda rast gəlinən hadisədir deyə politoloq vurğulayıb:
"Venesuelanın hava hücumundan müdafiə sistemlərinin, polis və xüsusi xidmət orqanlarının prosesə reaksiya verməməsi ölkə daxilində gedən siyasi proseslərlə bağlıdır. Politoloq bildirib ki, böyük ehtimalla ABŞ administrasiyası Venesuela daxilində müəyyən siyasi və hərbi qruplarla razılaşma əldə edib və bu da əməliyyatın bu qədər rahat icrasına şərait yaradıb".
Politoloq Maduronun şəxsiyyəti ilə bağlı da mövqeyini açıqlayıb. O qeyd edib ki, Nikolas Maduro hakimiyyətdə olduğu müddətdə narkotik dövriyyəsi, silah qaçaqmalçılığı, neft və qaz gəlirlərinin qeyri-şəffaf idarə olunması, ölkədə korrupsiya sisteminin dərinləşməsi və qorxu mühitinin formalaşdırılması ilə ciddi tənqidlərə məruz qalıb. Bununla belə, Maduronun mübahisəli fiqur olması ABŞ-nin suveren bir dövlətin ərazisində belə bir əməliyyat aparmasını hüquqi baxımdan əsaslandırmır.
"Bu müdaxilə beynəlxalq hüquqa ziddir və Latın Amerikası ölkələrinin əksəriyyətinin, eləcə də Karib hövzəsi dövlətlərinin reaksiyası bunu təsdiqləyir. Kolumbiyanın BMT-də məsələ qaldırması və region ölkələrinin əməliyyatı qınaması ABŞ-nin Latın Amerikasında “arxa bağça” siyasətinə qarşı narazılığın artdığını göstərir".

Turan Rzayev: Regionda anti-Amerika blokunun formalaşması sürətlənə bilər
Müsahibimiz hesab edir ki, ABŞ-nin bu addımı regionda anti-Amerika blokunun formalaşmasını sürətləndirə bilər. Vaşinqton bu əməliyyatla açıq mesaj verdi ki, Latın Amerikasında Rusiya, Çin və digər qitədənkənar güclərin möhkəmlənməsinə imkan verilməyəcək və burada yalnız ABŞ maraqları təmin olunacaq.
Onun fikrincə, bu yanaşma dünyada çoxqütblü və ya ən azı bir neçə qütbdən ibarət yeni siyasi nizamın formalaşması prosesinin tərkib hissəsidir. Politoloq vurğulayıb ki, ABŞ-nin Latın Amerikasına qarşı dollar diplomatiyası və “böyük dəyənək siyasəti” tarixən mövcud olub və bu gün baş verənlər həmin xəttin davamıdır:
"ABŞ uzun illər region ölkələrinə borc verib, borclar geri qaytarılmadıqda isə onların daxili işlərinə müdaxilə edib. Etiraz edən ölkələr isə təzyiq və cəza mexanizmləri ilə üzləşib.
Bu proseslər fonunda Latın Amerikasında çoxsaylı hərbi çevrilişlər baş verib. Xüsusilə Argentina, Paraqvay, Uruqvay, Çili və Boliviyada yaşananlar buna nümunədir. Yəni baş verənlər əslində təəccüblü deyil".
Ekspert bildirib ki, qitədə yalnız Kanada və ABŞ yüksək rifah səviyyəsinə malik ölkələrdir. Digər Latın Amerikası ölkələrinin əksəriyyəti ciddi sosial-iqtisadi problemlərlə üzləşir və tam inkişaf etmiş ölkə statusuna çata bilməyib. Hər hansı inkişaf cəhdi isə ya inqilablarla, ya kütləvi aksiyalarla, ya da daxili böhranlarla nəticələnir. Məsələn, Argentina hətta Falkland müharibəsindən sonra belə iqtisadiyyatını tam bərpa edə bilməyib:
"Anqlosakson güclərin regiondakı təsiri hələ də çox güclüdür. Xüsusilə Tramp administrasiyası dövründə ABŞ Latın Amerikası və Mərkəzi Amerikaya xarici güclərin daxil olmasına açıq şəkildə qarşı çıxır. Maduro məsələsinin bir gecə ərzində həll edilməsi də bu mövqenin praktik göstəricisi kimi dəyərləndirilə bilər".
Zeynəb Rzayeva
Bakı 




