Təəssüf ki, son dövrlərdə tez-tez ailədaxili münaqişələr nəticəsində, xüsusilə də yeni ailə qurmuş şəxslərin bir-birini qətlə yetirməsi ilə bağlı xəbərlər eşidirik. Müasir dövrdə yaşamağımıza baxmayaraq, belə hadisələr azalmaq əvəzinə, daha da artır. Bəs qarşısını almaq üçün nə etmək olar?
Mövzu ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Bakıvaxtı.az-a danışıb: "Son zamanlar qadın, kişi münasibətlərindən dolayı istər ailə daxilində, istər boşanma prosesində, istərsə də münasibətlərdə problemlər, konfiliktlər artıb. Bəzən də biz görürük ki, bunlar xoşagəlməz sonluqla, insan həyatına son qoymaqla bitir. Bu problem son dönəmlərdə daha da intensivləşib. Çünki ailədaxili konfiliktlər əvvəllər də olub. Sadəcə əvvəllər ailədaxili konfiliktlər indiki formada, intensivlikdə deyildi. O dövrdə şərait də başqa idi, ağsaqqal, ağbirçək "inistitud"u var idi, tərəflər arasında münasibət fərqli formada tənzimlənirdi. Ancaq bu gün biz görürük ki, tərəflər arasında münasibət tamam fərqli bir müstəvidə tənzimlənir. Nəzərə almaq lazımdır ki, biz fərqli bir dövrdə yaşayırıq. Bura qloballaşmanı və informasiya əsrində yaşadığımızı əlavə etməliyik. Görürük ki, əvvəllər ailədaxili münasibətləri tənzimləmək üçün istifadə etdiyimiz üsul və vasitələr bu gün özünü doğrultmur. Yeni münasibətlərə keçid prosesində də problemlər yaranır".
"Son dönəmlərdə ailədaxili konfiliktlərdə də görürük ki, əsas problem ondan ibarətdir ki, tərəflər yeni dövrün ailə modelinə uyğunlaşmaqda çətinlik çəkirlər. Misal üçün, bir qisim ailə məsələsinə mühafizəkar, bir qisim isə nisbətən liberal və yeniliyə açıq yanaşır. Bu zaman da problemlər yaranır. Ən böyük problemlərdən biri də, ailədaxili münasibət və konfiliktlərdə emosiyaların idarə edilməməsidir. Bu, ailədə zorakılığa, konfiliktlərə, boşanmaya və s. problemlərə gətirib çıxarır. Bununla bağlı çox yaxşı olardı ki, ailə qurmamışdan öncə tibbi müayinə ilə birliklə psixoloji müayinə də aparılsın və problemli ailələrin hara müraciət etməli olduqları bəlli olsun. Düzdür, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var və onun nümayəndəlikləri bölgələrdə də fəaliyyət göstərir. Ancaq onları kadrlarla təmin etmək, maarifləndirmə işi aparmaq çox yaxşı olardı. Burda bizim əsas diqqət edəcəyimiz məqam xidmətin əlçatan olmasıdır. Burda əsas diqqət edəcəyimiz şey bu istiqamətdə psixoloji maariflənmə və psixoprofilaktik tədbirlərin görülməsidir. Əgər bunlar edilsə, problemlər də az olacaq. Bir də çox yaxşı olardı ki, bu gün boşanma ilə bağlı müraciət edən ailələrə mütləq şəkildə psixoloq dəstəyi göstərilsin. Əgər bu olarsa, düşünürəm ki, bir qisim ailələrdə problemin həll olunması ilə yanaşı boşanmanın da qarşısı alınacaq. İndi, şübhəsiz ki, əgər ailədə zorakılıq, zərərli vərdişdən əziyyət çəkən kimsə varsa, mütamadi şəkildə şiddət göstərilisə o ailənin qalması yox, boşanması məsləhətdir. Ancaq elə ailələr də var ki, orda problem həll oluna bilər, boşanmağa ehtiyac qalmaz, uşaq da əziyyət çəkməz. Düşünürəm ki, onları təsnifatlaşdırmaq yaxşı olardı" - deyə Elnur Rüstəmov bildirib.
Aytac Aslan