Müasir dövrdə informasiya və media təhlükəsizliyi, süni intellektin inkişafı ilə birlikdə beynəlxalq siyasətin və dövlət idarəçiliyinin əsas prioritet sahələrindən birinə çevrilib.
Xüsusilə də qlobal transformasiyalar və informasiya müharibələrinin intensivləşdiyi bir zamanda bu sahədə dayanıqlılıq və yeniliklərə açıq olmaq dövlətlərin strateji mövqeyini müəyyənləşdirən əsas amillərdəndir. Bu kontekstdə iyulun 19-da Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumu, təkcə texnoloji və ideoloji gündəmə cavab deyil, həm də Azərbaycanın yeni mərhələdəki beynəlxalq iddialarının təzahürüdür. Forumun ölkənin milli mətbuatının 150 illiyi ərəfəsində və strateji məkan olan Xankəndidə keçirilməsi isə həm simvolik, həm də siyasi baxımdan mühüm mesajlar daşıyır.
Milli Məclisin deputatı Fatma Yıldırım Bakıvaxtı.az-a açıqlamasında Forumun əhəmiyyətinə toxunaraq bildirib ki, tədbirin məhz Xankəndidə keçirilməsi simvolik və strateji bir addımdır:
“Bu Forumun Xankəndidə keçirilməsi Azərbaycanın informasiya və texnoloji suverenlik istiqamətində atdığı əmin addımların növbəti mərhələsidir. Bu torpaqlar artıq təkcə mədəni və tarixi irsimizin deyil, həm də beynəlxalq intellektual əməkdaşlığın və texnoloji tərəqqinin rəmzinə çevrilir".
Fatma Yıldırım qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz təkcə enerji və nəqliyyat sahələrində deyil, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və media dayanıqlılığı sahəsində də beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevrilib:
“Azərbaycanın informasiya məkanını süni intellektin imkanları ilə təchiz etməsi, media savadlılığını artırması və dezinformasiyaya qarşı ardıcıl mübarizə aparması, Prezident İlham Əliyevin strateji baxışının real nəticəsidir. Bu, gələcəyə hesablanmış uzaqgörən inkişaf kursunun bir hissəsidir".
Deputat Forumun gündəliyində yer alan məsələlərin beynəlxalq əhəmiyyət daşıdığını, media savadlılığının artırılması, rəqəmsal platformaların məsuliyyətli istifadəsi və informasiya manipulyasiyalarına qarşı mübarizənin ön planda dayandığını vurğulayıb.
“Bu tədbir informasiya dayanıqlılığı sahəsində beynəlxalq müzakirələr üçün mühüm platforma rolunu oynayır. Burada səslənən fikir və təkliflər Azərbaycan mediasının gələcək inkişaf xəritəsinin cızılmasında əhəmiyyətli rol oynayacaq",- deyə parlament üzvü əlavə edib.
Fatma Yıldırım, Milli Məclisin deputatı
O, Prezident İlham Əliyevin dəfələrlə müasir dövlətin gücünü yalnız iqtisadi və hərbi potensialla deyil, informasiya müharibələrində tutduğu mövqe ilə də qiymətləndirdiyini xatırladaraq vurğulayıb:
“Cənab Prezident vurğulayıb ki, informasiya savaşları çağında ideoloji hazırlıq və media dayanıqlılığı hər bir ölkənin milli təhlükəsizliyi qədər önəmlidir. Şuşa Qlobal Media Forumu məhz bu baxışın real ifadəsidir".
Qeyd edək ki, tədbir Azərbaycanın müstəqil milli mətbuatının 150 illiyi ərəfəsində keçirilməsi ilə də diqqət çəkir. Bu fakt Forumun yalnız müzakirə platforması olmadığını, həm də milli media tariximizin simvolik və strateji mərhələlərindən birinə çevrildiyini göstərir. Fatma Yıldırımın fikrincə, bu təsadüf deyil:
“Milli mətbuatımızın 150 illiyi ərəfəsində keçirilən bu Forum həm keçmişə hörmət, həm də gələcəyə yönəlmiş strateji baxışdır. Bu, Azərbaycanın media sahəsində qazandığı təcrübəni beynəlxalq müstəviyə çıxarmaq üçün mühüm fürsətdir".
Əli Hüseynov