Son dövrlərdə Cənubi Qafqazın beynəlxalq münasibətlərində və bölgə ölkələrinin siyasətində mühüm dəyişikliklər baş verməkdədir. Bu dəyişikliklərdən biri də, Azərbaycanın bölgədəki geosiyasi və strateji əhəmiyyətinin artması ilə bağlıdır.
2023-cü ildən sonra Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində ciddi addımlar atılmaqdadır. Bu kontekstdə, Azərbaycanın beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT ilə əməkdaşlıq perspektivləri və müxtəlif münaqişələrin həlli məsələləri önəmli yer tutmaqdadır. Azərbaycanın ATƏT ilə münasibətlərindəki son inkişaflar, xüsusilə ATƏT baş katibi Firudin Siniroğlunun ölkəmizə səfəri və bu səfərin nəticələri təhlil edilməli olan siyasi predmetlərdir. Həmçinin, Cənubi Qafqazın ATƏT-in gündəliyindəki yeri, bu bölgədəki təhlükəsizlik məsələləri və Azərbaycanın müvafiq mövqeyi geniş şəkildə araşdırılmalıdır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Mili Məclisin deputatı Azər Allahverənov xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də ATƏT-in Baş Katibi Firudin Siniroğlunu qəbul edib. Görüşdə ATƏT-in Cənubi Qafqazdakı rolu, regiondakı təhlükəsizlik vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib. Prezident Əliyev, Firudin Siniroğlunu bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və Cənubi Qafqazın ATƏT-in gündəliyindəki önəmli mövzulardan biri olduğunu qeyd edib:
"ATƏT-in baş katibi bölgədəki münaqişələrin, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında ATƏT-in rolunu vurğuladı. Münaqişə ocaqları və regionda baş verən təhlükəsizlik məsələləri, ATƏT-in fəaliyyətində mühüm yer tutur. İlham Əliyev Cənubi Qafqazın geosiyasi əhəmiyyətini və regional təhlükəsizliyə olan təsirini də qeyd edərək, ATƏT-in bu məsələyə diqqət yetirməsinin vacibliyini vurğulayıb".
Onun sözlərinə görə, Cənubi Qafqaz Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi səbəbilə strateji əhəmiyyətə malikdir. Regionun enerji resursları, xüsusilə də Xəzər bölgəsindən Avropaya neft və qazın daşınması, regional təhlükəsizlik və ticarət məsələləri beynəlxalq əhəmiyyət kəsb edir. Bu səbəbdən, ATƏT, regiondakı əməkdaşlıq və təhlükəsizlik məsələlərinə dair fəal rol oynamalıdır:
"Ölkəmizin başçısının ADA Universitetində keçirilən forumda ATƏT-in Minsk Qrupunun fəaliyyətini kəskin şəkildə tənqid edib. Bildirilib ki, Minsk Qrupu 28 il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində effektiv addımlar atmayıb. Prezident, Minsk Qrupunun fəaliyyətini "status kvonu qorumağa çalışan" bir yanaşma olaraq qiymətləndirib və bu qurumun fəaliyyətinin artıq yekunlaşdığını bildirib. Azərbaycanın mövqeyi, münaqişənin həlli üçün yeni yanaşmaların tətbiqini tələb edir və ATƏT-in Minsk Qrupunun formal olaraq ləğv edilməsini zəruri sayır. Prezident, bu mövqeyini bir daha ATƏT-in baş katibinə çatdırıb və Ermənistanın yeni prosedurlara uyğun hərəkət etməsinin vacibliyini qeyd edib".
Azər Allahverənov: ATƏT-in Cənubi Qafqazla bağlı yeni bir sülh və təhlükəsizlik gündəliyi ilə yanaşması gözlənilir
Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan ATƏT ilə müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Bu əməkdaşlıq sahələrinə məhkəmə islahatları, demokratik institutların inkişafı, sərhəd idarəçiliyi, miqrasiya məsələləri, insan alveri və narkotiklərlə mübarizə, həmçinin ətraf mühitin qorunması daxildir. ATƏT-in bu sahələrdəki fəaliyyətləri, Azərbaycanın beynəlxalq hüquq və təhlükəsizlik prinsiplərinə uyğun olaraq həyata keçirilir. İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etməsi və separatçılığa son qoyması ilə, regionda sülh və təhlükəsizliyin təmin olunmasına böyük töhfə verdiyini bildirib. Azərbaycan, Cənubi Qafqazda sülh və təhlükəsizliyi təmin etməklə, ATƏT-in missiyasına uyğun bir siyasət yürüdür. Bu, yalnız Azərbaycanın deyil, bütün regionun maraqlarına xidmət edir.
Müsahibimiz onu da diqqətə çatdırıb ki, görüşün nəticəsi olaraq, ATƏT-in Cənubi Qafqazla bağlı yeni bir sülh və təhlükəsizlik gündəliyi ilə yanaşması gözlənilir. Azərbaycan, ATƏT-in bu məsələdə təzyiq mexanizmlərini işə salması və sülhə mane olan qüvvələrə qarşı daha fəal bir siyasət izləməsini tələb edir. Bu, yalnız Azərbaycan üçün deyil, bütün region və beynəlxalq aləm üçün mühüm bir məsələdir.
Əli Hüseynov