• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Böyük Qayıdışımızın daha bir təntənəsi - Vaqif poeziya günləri

LAYİHƏ

15 Iyul 2023 | 14:27

Böyük Qayıdışımızın daha bir təntənəsi - Vaqif poeziya günləri

6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən  Azərbaycanın mədəniyyət paytaxtında - Şuşada təşkil olunur. 

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olan Şuşada Vaqif Poeziya Günləri bu şəhər işğaldan azad edildikdən sonra üçüncü dəfədir ki, keçirilir. 

Poeziya Günlərində mədəniyyət və incəsənət xadimləri,  Azərbaycan Yazıçılar Birliyi üzvləri, gənc yazıçılar, şairlər və qazilər iştirak edir. Proqrama əsasən qonaqlar səfərin ilk günü Şuşada bərpa edilmiş bir sıra dini və tarixi-mədəni abidələrimizi ziyarət edib, günün ikinci yarısında isə Vaqif Poeziya Günlərinin açılış tədbiri,  poeziya, konsert proqramları təqdim edilib.

ƏBƏDİYYƏTƏ VAQİF…  

Vaqif Poeziya Günlərində iştirak edən Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı Bakıvaxtı.az-a açıqlamasında bu tədbirin əhəmiyyətindən danışıb.

"Bildiyiniz kimi, Mədəniyyət Nazirliyinin Heydər Əliyev Fondu və Azərbaycan Yazıçılar Birliyi ilə birgə təşkil etdiyi Vaqif Poeziya Günləri Şuşa şəhərində davam edir. İki rəsmi, bir fəxri paytaxtımızı - respublikamızın paytaxtı Bakı, Ədəbiyyat paytaxtı Qazax və Mədəniyyət paytaxtı Şuşanı birləşdirən festival, nəticə etibarı ilə bütün ölkəmizi əhatə edir", - deyə Ə.Qoşalı bildirib.

O qeyd edib ki, Şuşa bu il Türk dünyasının Mədəniyyət paytaxtı elan edilib: "Heç təsadüfi deyil ki, buiki Vaqif Poeziya günlərində qardaş ölkələrin şairləri, sənətkarları da iştirak edir. Türk dünyası məzmunu konsert proqramlarının repertuarına da güclü və gözəl şəkildə təsir edib. 

Habelə, Vaqif irsi haqqında nəfis “Özü vəzir, sözü şah” kitabını məhz Türk Mədəniyyəti və İrsi Fondu hazırlayıb, nəşr edib.  

İrs demişkən, başqa bir önəmli məqama diqqət edək:  Bəlli olduğu kimi Vaqifin qəbri üzərində məqbərə ucaldılması da, onun 1982-ci ilin şaxtalı-qarlı yanvarında dövlət törəni ilə açılması da, habelə Vaqif Poeziya Günlərinin keçirilməyə başlanması da Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Vaqifin məqbərəsinin mükəmməl şəkildə bərpasını, Vaqif Poeziya Günlərinin yenidən keçirilməsini, Şuşada tarixi-mədəni abidələrin yüksək zövqlə bərpası və yenidən qurulmasını  məhz Heydər Əliyev Fondunun həyata keçirdiyini qədirbilənliklə vurğulayırıq". 

Ə.Qoşalı vurğulayıb ki, “Özü vəzir, sözü şah” kitabı da, AYB-nin Ümummilli liderin 100 illik əlamətdar yubileyi ilə bağlı nəşrin təqdimatı da Heydər Əliyev Fondunun Şuşamıza yenidən qazandırdığı “Mehmandarovların malikanəsi”ndə baş tutdu: "Bu il Bakı-Qazax-Şuşa marşurutu üzrə, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Yazıçılar Birliyi tərəfindən keçirilən Vaqif Poeziya Günlərinin gələcəkdə daha yeni çiçəklənmələrlə davam və inkişaf edəcəyinə dərindən inanırıq. Müstəqil Azərbaycan kimi, Türk dünyası kimi, Şuşa da, Vaqif irsi də, şeirimiz, sənətimiz də əbədi var olacaqdır!"  

***

XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri Molla Pənah Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə etsə də, yaradıcılığında əsas yeri qoşma janrı tutub və o, heca vəznində Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb.

1982-ci ildə Şuşada şairin məqbərəsi ilə yanaşı, eyni zamanda Şuşa Poeziya Evinin də açılışı olub. Həmin tarixdən etibarən hər il avqust ayında Vaqif Poeziya Günləri keçirilir.  Bu bayram tədbiri Qazaxda başlayıb Şuşada yekunlaşırdı. Şuşanın işğalda olduğu müddətdə bu tədbir keçirilməyib. 

Şuşa Molla Pənah Vaqif üçün çox böyük əhəmiyyətə malik olub. O, Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və burada dəfn edilib. Vaqifin Şuşada yaşadığı dövrdə də hər birimiz üçün əziz olan bu şəhər Azərbaycanın mədəniyyət mərkəzi sayılırdı.  Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi qarşısında, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı, Xarıbülbül və Qarabağ otellərində tədbirlər keçirilir.

Qeyd edək ki, Vaqifin məqbərəsi bütün digər tarixi abidələrimiz kimi işğal edilmiş torpaqlarda erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad ediləndən sonra məqbərə tam bərpa edilib və məqbərənin ikinci dəfə açılışı olub.

Prezident İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinə çevrilib.

Göründüyü kimi, torpaqlarımız erməni işğalından azad olunduqdan sonra Qarabağ öz mədəni inkişafının yeni dövrünə qədəm qoyub. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın daha bir təntənəsinə çevrilib.  

Xatırladaq ki, 7 may 2021-ci il tarixində Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Prezidentinin sərəncam imzalayıb. 

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

26 Iyul 2024