• Bakı 15° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0175

Bu, hələ sülh danışıqları söhbəti demək deyil:  Ermənistan görüşdən qaçırsa, deməli...

GÜNDƏM

23 Noyabr 2023 | 17:49

Bu, hələ sülh danışıqları söhbəti demək deyil:  Ermənistan görüşdən qaçırsa, deməli...

 Bir müddət əvvəl Azərbaycan Ermənistana sərhədyanı bölgədə təkbətək görüş keçirilməsini təklif etmişdi. Noyabrın 22-də rəsmi İrəvan sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsinə razılıq verib.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, əldə olunan razılaşmaya əsasən, noyabr ayının 30-da Azərbaycan ilə Ermənistan arasında sərhəd bölgəsində sərhədlərin delimitasiyası üzrə dövlət komissiyalarının növbəti 5-ci iclası keçiriləcək. Komissiyaların iclasının keçiriləcəyini Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan da təsdiqləyib. Onun sözlərinə görə, danışıqlar Azərbaycan-Ermənistan sərhədində baş tutacaq. Lakin təfərrüat açıqlanmayıb. Yəni görüşün 30 noyabrda baş tutacağı bildirilsə də, sərhədin məhz hansı hissəsində olacağı haqda heç bir məlumat yoxdur.

Bəzi şərhçilərin fikrincə, sərhəd komissiyalarının növbəti görüşündə anklavlar kəndlər məsələsi də müzakirə predmeti ola bilər. Çünki bu məsələ son günlər bir neçə dəfə Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən gündəmə gətirilib. Əksər ekspertlərin qənaətincə, delimitasiya komissiyasının iclasının sərhəddə baş tutması sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin təmin edilməsi baxımından faydalı ola bilər.

Xatırladaq ki, Nikol Paşinyan parlamentdə müzakirələr zamanı vurğulayıb ki, Azərbaycanla üç prinsip üzrə razılaşma var. Bunlar qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin həyata keçirilməsi və kommunikasiyaların bərpası məsələsidir. Düzdür, bu məsələlərlə bağlı müəyyən fikir ayrılıqları var. Rəsmi Bakının mövqeyi odur ki, ötən əsrin 20-ci illərinin xəritələri əsas götürülsün. Ermənistan isə sərhədlərin müəyyən edilməsi zamanı 1975-ci ilə aid xəritənin baza sənədi kimi götürülməsini istəyir. Paşinyan öz çıxışlarında 1975-ci il xəritəsinə dəfələrlə toxunub. Ehtimal ki, komissiyanın sərhəddə keçirilən görüşü fonunda bu məsələlər ətrafında mövqelər bir daha dəqiqləşdiriləcək. Hər halda prosesin başlanmasının özü müsbət hadisə kimi dəyərləndirilir. Ümumən, prosesdə irəliləyişin olması İrəvanın sərhədlərin müəyyən edilməsi məsələsində real davranışından asılı olacaq. Problem ondadır ki, Ermənistan tərəfi hər zaman sözdə prosesə hazır olduğunu bəyan etsə də, əmələ gələndə real addımlardan yayınır. Ümid edək ki, Ermənistan hakimiyyəti qətiyyətini sonadək sürdürəcək. Əgər İrəvan növbəti dəfə siyasi cığallığa yol verməzsə, şərti sərhədlərdə reallaşacaq danışıqların nəticə verməsi mümkündür.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycanın mövqeyi dəqiqdir və ortadadır.

Onun sözlərinə görə, rəsmi Bakı sülhün əldə olunmasını istəyir: "Azərbaycan bir dövlət kimi Cənubi Qafqaz regionunda sülhün ən yüksək səviyyədə təmin olunması üçün çalışır, fəaliyyət göstərir. Bakı hansısa ölkənin göstərişi, yaxud fikri ilə, kiminsə maraqları naminə hərəkət etmir. Azərbaycan öz milli maraqlarını və ölkənin müstəqilliyini əsas götürərək, regionda davamlı və qalıcı bir sülhün bərqərar olunması istiqamətində addımlar atır. Belə bir məqamda Bakının sülh danışıqları ilə bağlı təkliflərindən imtina edilməsi dünya ictimaiyyəti, regional vəziyyəti başa düşən, təhlil etmək qabiliyyətinə malik olan dairələr qarşısında Ermənistanın öz-özünü ifşa edilməsi demək olardı. Ona görə də belə bir təklifdən imtina düzgün olmazdı. Ermənistan məcburiyyət qarşısında qalaraq bu təklifi qəbul edir və görüşə gələcəyini deyir”.

Səməd Seyidov: Ermənistan məcburiyyət qarşısında qalaraq bu təklifi qəbul edir və görüşə gələcəyini deyir

Müsahibimiz qeyd edib ki, məlumdur ki, Ermənistan tərəfi görüşü istəmirdi, xüsusən Rusiyada hansısa danışıqların aparılmasına razılıq vermirdi: “Biz hər şeyə razı idik. Ancaq son hadisələr göstərdi ki, Fransa və ABŞ kimi Qərb ölkələri tərəf açıq-aşkar tərəf tuturlar. Təbii ki, tərəf tutanlar danışıqlarda vasitəçi kimi iştirak edə bilməzlər. O baxımdan ən gözəl və düzgün variant iki ölkənin nümayəndəsinin üzbəüz oturub söhbət etməsi, müzakirə aparmasıdır. Ermənistan belə bir qərarı vermək üçün müstəqil olmalıdır, ancaq müstəqil deyil. Sadəcə indiki məqamda Bakının təklifini rədd etsəydi, İrəvan müstəqil olmadığını birbaşa ortaya qoyacaqdı. Ermənistan havadarsız, arxasız, himayəçisiz heç bir addım ata bilmir. Nəzərə alaq ki, İrəvan görüş təklifinə dərhal razılıq vermədi, xeyli fikirləşdi, düşündü. Əvvəlcə "yox", cavabı gəldi, bir müddət sonra gələcəklərini dedilər".

Deputat vurğulayıb ki, 30 noyabrda baş tutacaq görüş komissiyalar səviyyəsindədir: "Bu, hələ sülh danışıqları söhbəti demək deyil. Sərhədlərin delimitasiya və demarkasiya üzrə komissiyaların növbəti görüşündən söhbət gedir. Bu, ilkin addımdır. Bakı belə bir təklifi etməklə çox düzgün addım atdı. Kimisə gözləmək lazım deyil. Ermənistan öz taleyini həll etmək iqtidarındadırsa, belə görüşlərdən qaçmamalıdır. Əgər qaçırsa, deməli həm də dövlət olmadığını sübut etmiş olur. Gələcək hadisələr göstərəcək ki, Ermənistan nə dərəcədə səmimidir və onun arxasındakı qüvvələr nə dərəcədə bu prosesin həllinə kömək etmək iqtidarındadırlar".

Aydın Baxış


SON XƏBƏRLƏR

29 Oktyabr 2024